Məhkəmə qərarları › İş №2(019)-526/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-526/2021

31.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-526/2021 31.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh1 Məmməd oğlunun, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Məhəmməd qızının Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsindən onun və azyaşlı uşaqlarının istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Edldar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, onun mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı ilk iddiasının rədd olunması, onun Cavabdeh1 Məmməd oğlu ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı ilk iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində onun mülkiyyət hüququ 25 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsində müvafiq icazə sənədləri olmadan 2008-ci il tarixdə fərdi yaşayış evi inşa etmişdir. İş üzrə cavabdeh olan oğlu Cavabdeh1 ilə iş üzrə digər Cavabdeh2 arasında 2012-ci ildə nikah bağlanmış və bundan sonra onlar müvəqqəti olaraq yaşaması üçün həmin evə köçürülmüşlər. İş üzrə cavabdeh olan oğlu Cavabdeh1 ilə iş üzrə digər Cavabdeh2 arasında bağlanmış nikah 2016-cı ildə Balakən Rayon Məhkəməsinin 2(019)-1835/2016 iş nömrəli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və orada inşa etdiyi fərdi yaşayış evini boşaltmasını tələb etməsinə baxmayaraq, cavabdehlər artıq 4(dörd) ildir ki, nə torpaq sahəsini, nə də fərdi yaşayış evini boşaltmırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh Cavabdeh1 ilk iddianı qəbul və etiraf edərək, izahatında göstərmişdir ki, İddiaçı onun anasıdır. İddiaçı qızının mülkiyyətində Balakən rayonu Talalar kəndində 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı qızının mülkiyyət hüququ 25 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən həmin 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan 2008-ci il tarixdə fərdi yaşayış evi inşa edilmişdir. Onunla Cavabdeh2 arasında 2012-ci ildə nikah bağlanmış və o, Gülnarla anası Cənnəteyin icazəsi ilə müvəqqəti olaraq yaşaması üçün həmin evə gəlmişlər. Onunla Cavabdeh2 arasında bağlanmış nikah 2016-cı ildə Balakən Rayon Məhkəməsinin 2(019)-1835/2016 iş nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı bundan sonra ondan və Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və orada inşa etdiyi fərdi yaşayış evini boşaltmasnı tələb etməsinə baxmayaraq, onlar artıq 4(dörd) ildir ki, nə torpaq sahəsini, nə də fərdi yaşayış evini boşaltmırlar. İddiaçı məxsus 0,3807 ha kənd təsərrüfatı torpaq sahəsindən çıxarılmasına etirazı yoxdur. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ilə 2012-ci ilin iyul ayında qeyri-rəsmi nikahla evlənmilər. Nikahlarını 20 fevral 2013-cü il tarixdə Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Balakən Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli, 2(019)1835/2016 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, boşanmadan sonra azyaşlı uşaqları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X9 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X5 anaları Baradova (İbrahimova) Gülnar Eldar qızının yanında qalması müəyyən edilmişdir. Daha sonra həyat yoldaşı ilə barışmış, birgə yaşamağa başlamışlar. İlk iddia üzrə İddiaçı məxsus torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evini keçmiş həyat yoldaşı və o, birgə nikah dövründə tikmişlər. Talalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayış yaşayış evinin onlara məxsus olmasını təsdiq edir. Bunun üçün ilk iddiaya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, yaşayış sahəsindən onun və azyaşlı uşaqlarının istifadə hüququnun tanınmasını xahiş edir. Göstərilən normaların müddəalarında ər və arvadın hüquqlarının bərabər olmasının, uşaqlara qayğı göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 374096 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah Balakən Rayon Məhkəməsinin 2(019)-1835/2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 31.01.2017-ci il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25.02.2021-ci il olan Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaqlar daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayışdan görünür ki, İddiaçı adına Talalar kəndində ona məxsus olan 0,38 ha torpaq sahəsində 2008-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2016-cı il tarixdə verilmiş 1689 nömrəli arayışdan görünür ki, Talalar kənd inzibati ərazi dairəsinin 5 nömrəli təsərrüfatbaşına kitabının 84-cü səhifəsində Cavabdeh1 adına 2008-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, 75 kv.m ümumi, 55 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0.05 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ilk iddia üzrə Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, X1 ona qarşı 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasını qəbul və etiraf edir və bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilən qanun normalarının tələbinə əsasən məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25.02.2021-ci il olan Çıxarışı, Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayışı və Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 aprel 2021ci il tarixdə verilmiş AZ-İ seriyalı 374096 nömrəli nikahın pozulması haqqında şəhadətnaməni mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayışla Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2016-cı il tarixdə verilmiş1689 nömrəli arayış və bu arayışlarda olan məlumatlar arasında ziddiyyətə hüququi qiymət verərək, hesab edir ki, bu konteksdə İddiaçı adına Talalar kəndində ona məxsus olan 0.38 ha torpaq sahəsində 2008-ci ildə tikilmiş fərdi yaşayış evinin olması barədə Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.03.2021-ci il tarixdə verilmiş 292 nömrəli arayış mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayış bu xüsusda daha son məlumatı əks edirir və həmin arayışda olan məlumatların həqiqiliyi işdəki digər mötəbər sübutlarla təsdiq olunur. Digər tərəfdən, Cavabdeh1 özü də məhkəmədə verdiyi izahatında 0,3807 ha torpaq sahəsinin İddiaçı məxsus olması və İddiaçı həmin torpaq sahəsində 2008-ci ildə fərdi yaşayış evi tikməsi göstərilmişdir. Ərazi təsərrüfatbaşına kitabında da həmin 0,3807 ha torpaq sahəsi və orada tikilən fərdi yaşayış evi İddiaçı adına qeyd olunmuşdur. Həmçinin digər ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 da qarşılıqlı iddia ərizəsində gəlin köçdüyü həmin evdən özünün və uşaqlarının istifadə hüquqlarının müəyyən olunmasını tələb etməklə, faktiki həmin evin onun bu evə gəlməzdən əvvəl tikildiyini və bu evin İddiaçı Məhəməd qızına məxsus olduğunu etiraf və təsdiq edir. Məhkəmə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin, cavabdehin və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsininin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı qızının mülkiyyət hüququ 25 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. İddiaçı qızı qeyd olunan 0.3807 ha torpaq sahəsində müvafiq icazə sənədləri olmadan 2008-ci il tarixdə fərdi yaşayış evi inşa etmiş, onun oğlu Cavabdeh1 ilə ilk iddia üzrə Cavabdeh2 arasında 2012-ci ildə nikah bağlanmış və bundan sonra həmin şəxslər müvəqqəti olaraq yaşaması üçün həmin evə köçürülmüşlər. İddiaçı həmin evə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikah 2016-cı ildə Balakən Rayon Məhkəməsinin 2 (019)-1835/2016 iş nömrəli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 İddiaçı Məhəmməd qızının mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və orada inşa etdiyi fərdi yaşayış evini boşaltmamışlar. Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə Balakən rayonu Talalar kəndində İddiaçı mülkiyyətində olan 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və orada tikilən fərdi yaşayış evindən çıxmırlar. Bununla da İddiaçı mülkiyyət hüquqları pozulur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İşin faktoloji hallarına və yuxarıda göstərilən qanun normalarına istinad edən məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha torpaq sahəsinə və həmin torpaq sahəsində ilk iddia üzrə iddiaçı tərəfindən tikilən fərdi yaşayış evinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən və evdən qanunsuz istifadə etməklə İddiaçı həmin evin yerləşdiyi 0,3807 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdlaxilə etməklə, onun mülkiyyət hüquqlarını pozurlar. Ona görə də ilk iddia təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və bununla da İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, Cavabdeh2 İddiaçı Məhəmməd qızına qarşı onun Cavabdeh1 Məmməd oğlu ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə istənilən daşınmaz əmlak üzərində olan hüquqlar, o cümlədən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlak üzərində olan hüquqlar dövlət qeydiyyatına alındlıqdan sonra həmin daşınmaz əmlak üzərində hər hansı hüquqların müəyyən edilməsindən və həyata keçirilməsindən söhbət gedə bilər. İş materiallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 0,3807 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı və digər hər hansı şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də həmin ev İddiaçı və digər hər hansı şəxsin xüsusi mülkiyyətində deyildir. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyində əşya istifadə hüququ mülkiyyət hüququndan daha geniş bir hüquqdur. İstifadə hüququ həm mülkiyyət hüququndan, həm qanundan, həm də müqavilədən yarana bilər. Onu da vurğulamaq lazımdır ki, qanunvericilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilikdə evdən və ya mənzildən istifadə hüququ mülkiyyət hüququndan, qanundan və müqavilədən yaranan bir hüquq və mülkiyyət hüququnu məhdudlaşdıran hüquq statusu verilmişdir. Qanunun tələbinə görə də evdən istifadə hüququnun yaranması üçün birmənalı şəkildə həmin evə mülkiyyət hüququ olmalı, bu hüquq dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı və hər hansı başqa şəxsin sözügedən evə mülkiyyət hüquqları qeydiyyata alınmadığı və həmin ev mülkiyyətdə olmadığı üçün Cavabdeh2 uşaqları ilə həmin evdən istifadə hüququ müəyyən oluna bilməz. Belə ki, qeyd edildiyi kimi, istifadə hüququ mülkiyyət hüququndan yaranmaqla onun üç hüquqi elementindən biridir, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hüquqdur. Evə mülkiyyət hüququ olmadığından, istifadə hüququnun yaranması üçün də hüquqi əsas mövcud olmur. Digər tərəfdən ümumiyyətlə Cavabdeh2 və uşaqlarının evə heç bir digər hüququ, o cümlədən istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı bunun əksini, yəni evə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və uşaqları ilə birlikdə həmin evə istifadə hüququnun yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də qarşılıqlı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə ilk iddia üzrə Cavabdeh1 yazılı şəkildə ərizə verməklə, ilk iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, ilk iddianın bu etirafı qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ilk iddia təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, ilk iddia üzrə İddiaçı ödənilməlidir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 İddiaçı qarşı onun Cavabdeh1 Məmməd oğlu ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İlk iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, ilk iddia üzrə İddiaçı ödənilsin. Cavabdeh2 İddiaçı qarşı onun Cavabdeh1 ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar