Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-540/2020 25.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailələrinə məxsus 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, torpaq islahatları aparıldığı vaxt onların ailələrinə 1.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ailələrinin maddi vəziyyətlərinin aşağıolması ata və anası üçün çox çətin olmuşdur. Onlar balaca uşaqlar olarkən, bələdiyyə sədri Cavabdeh onlara gəlmiş, anasına yoldaşının adına 1.57 hektar pay torpağı olduğunu bildirərək istifadə etmədiklərini, imkansız olmaqla pay torpağından özü istifadə etmək istədiyini, qarşılığında imkan olduqca ailələrinə köməklik göstərəcəyini bildirmişdir. Bələdiyyə sədri Cavabdeh ailələrinin pula olan ehtiyacından, həmdə savadsızlıqlarından istifadə edərək anasından torpağa dair Dövlət Aktını götürmüşdür. Aktı götürməkdə səbəb kimi isə birdən yoxlama gələrsə onlara göstərmək olduğunu bildirmişdir. Eyni zamanda o anasına Dövlət Aktı nə vaxt lazım olsa qaytaracağını demişdir. Atası dünyasını dəyişmiş, ailəni özü saxlayası olmuşdur. Ailələrində pay torpaq sahəsindən özlərinin istifadə etməsi məsləhət olunmuşdur. O, bələdiyyə sədri Cavabdehlə görüşmüş, vəziyyəti ona bildirmişdlir. Cavabdeh müxtəlif bəhanələr gətirməyə başlamış, gah sezonun axırına kimi torpaqdan istifadə etməsini, gah da anası ilə razılaşacağını deyərək Dövlət aktını ona qaytarmamış, sonra isə Dövlət aktını qaytarmağa etiraz edərək, get hara istəyirsən şikayət et demişdir. Bundan sonra o, şikayət ərizələri ilə Balakən Rayon İcra Hakimiyyətinə və Rayon Prokurorluğuna müraciət etmişdir. Müraciətlərinə cavab olaraq ona tələbinin mülki mübahisə olduğunu bildirərək məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ukalayeva Fərqanə Rövşən qızı və Ukalayeva Pərvanə Rövşən qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ukalayeva Pərvanə Rövşən qızı məhkəməyə teleqram göndərərək özünün və bacısı Fərqanənin öz paylarından qardaşı Farizin xeyrinə imtina etdiklərini göstərmişdir. İşə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1028, KOD 40102018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X4 xx xxxx 2001-ci il tarixli 07 nömrəli qərarı ilə Ukalayev Rövşən Camaldin oğluna, X2, Ukalayeva Fərqanə Rövşən qızına, Ukalayeva Pərvanə Rövşən qızına və İddiaçı Balakən rayonu Hənifə kəndi ərazisindən 1.72 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı imzalanmış xx.xx.2020-ci il tarixli 03-953 nömrəli məktubda göstərilmişdir ki, «Qazma Bələdiyyəsinin sədri Cavabdehlə aranızda mülki mübahisə mövcuddur. Odur ki, qanunvericiliyin müəyyən etdiyi qaydada məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Prokurorluğundan İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli 92-20 nömrəli məktubdan görünür ki, «əmlak mübahisələri ilə bağlı pozulmuş hüquqlarınızın bərpasının təmin edilməsi və mülki hüquqlarınızın məhkəmə müdafiəsi üçün iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüququnuz Sizə izah olunur». Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon X4 xx xxxx 2001-ci il tarixli 07 nömrəli qərarı ilə Ukalayev Rövşən Camaldin oğluna, X2, Ukalayeva Fərqanə Rövşən qızına, Ukalayeva Pərvanə Rövşən qızına və İddiaçı Balakən rayonu Hənifə kəndi ərazisindən 1.72 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Ukalayev Rövşən Camaldin oğluna, X2, Ukalayeva Fərqanə Rövşən qızına,Ukalayeva Pərvanə Rövşən qızına və İddiaçı məxsus olan həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X8 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərində olmasını, Cavabdeh heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-540/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-540/2020
25.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver