Məhkəmə qərarları › İş №2(019)-544/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-544/2021

16.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-544/2021 16.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması və uşağı ilə evə köçürülmələri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən cavabdeh Cavabdeh1 məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, nikahını 15 sentyabr 2005-ci ildə Balakən rayonu Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh2 ilə evlənmişdir. Onların birgə nikahından 31.05.2006-cı ildə X19 və 27 dekabr 2010-cu ildə X20 adında iki uşaqları olmuşdır. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində narazılıqlar baş vermiş, bir sözlə cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Buna görə də o, oğlu Amirlə birlikdə 2021-ci ilin mart ayının ortalarında cavabdehdən ayrılaraq, valideynlərinin yanına qayıtmışdır. Onun cavabdehlə ayrılmağının səbəbi qaynanası və qaynatasıdır. Belə ki, onlar onu əri ilə yola getməyə qoymurlar. O, onların bu haqsızlıqlarına dözə bilməyərək, evdən çıxıb valideynlərinin yanına qayıtmışdır. Artıq bir müddətdir ki, cavabdehlə ər-arvad münasibətləri pozulmuşdur və aralarındakı nikah formal xarakter daşıyır. Gələcəkdə cavabdehlə barışıb birlikdə yaşamaları qeyri-mümkündür. Cavabdehlə birgə nikahlarından olan uşaqlardan Elnur atasının, Amir isə onun himayəsində yaşayır. O, böyük oğlunu da öz yanında saxlamaq istəyir və ondan imtina etməmişdir. O, Cavabdeh2 ərə gedərkən özünə məxsus cehiz əşyalarını cavabdehin atası Cavabdeh1 məxsus evə aparmışdır və həmin cehiz əşyaları hazırda da həmin evdədir. O, həmin evə gəlin köçdükdən sonra cavabdehlərlə birlikdə təsərrüfatı idarə etmişdir. Qaynatası Cavabdeh1 məxsus evdə qeydiyyatda olmağı ilə bərabər gəlin köçdüyü evdə 2005-ci ildən 2021-ci ilin mart ayına kimi yaşamışdır. O, mübahisəli evdə qeydiyyatda olamaqla ona məxsus bütün cehiz əşyaları hazırda həmin evdədir. Hazırda bir uşaqla birlikdə atası evində yaşamağa məcbur olmuşdur. Uşağı öz atası evində baxıb böyütmək, eyni zamanda iki qardaşın bir yerdə böyümələrini istəyir. Atasının evində uşaqla birlikdə yaşamağa heç bir şərait və imkan yoxdur. Dəfələrlə cavabdehlərə uşaqla birlikdə mübahisəli evdə yaşamaq istədiyini bildirsə də, cavabdehlər onu evə buraxmamışlar. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd icra nümayəndəliyi tərəfindən 15 sentyabr 2005-ci-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 169941 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında nikah 15 sentyabr 2005-ci il tarixdə 12 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseyinova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 aprel 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 156329 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Hüseyinov Elnur Amil oğlu 31.05.2006-cı ildə anadan olmuş, atası Cavabdeh2, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 fevral 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 623906 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 27 dekabr 2010-cu ildə anadan olmuş, atası Cavabdeh2 oğlu, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş DSMF-ninin Balakən rayon şöbəsi tərəfindən 12.06.2019-cu il tarixdə verilmiş 145154 nömrəli vəsiqənin surətindən görünür ki, X20 anadangəlmə əlildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nin Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli, 345 nömrəli arayışdan görünür ki, Hüseyinov Soltanhəmid Ramazan oğlu Talalar kənd sakinidir. Talalar kənd İƏD üzrə nümayəndəliyinin13 №li təsərrüfat başına kitabının 51 nömrəli səhifəsində təsərrüfata məxsus 1992-ci ildə tikilmiş ümumi sahəsi 135 kv.metr, yaşayış sahəsi 95 kv.m olan yaşayış evi qeyd edilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.04. 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 12.04.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı nikahlarını 15 sentyabr 2005-ci ildə rəsmiləşdirməklə Cavabdeh2 ilə evlənmişdir. Onların birgə nikahından 31.05.2006-cı ildə X21 və 27 dekabr 2010-cu ildə X22 oğlu adında iki uşaqları doğulmuşdur. İddiaçı Balakən rayonu Talalar kəndində yerləşən qaynatası-Cavabdeh1 məxsus evə gəlin köçmüş və uşaqlar da həmin evdə doğulmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.04. 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilməklə iddia predmetini təşkil edən Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı oğlu Amirlə billikdə 2021-ci ilin mart ayının ortalarında cavabdehdən ayrılaraq, valideynlərinin yanına qayıtmışdır. İddiaçı ilə Cavabdeh2 arasında ər-arvad münasibətləri pozulmuşdur və aralarındakı nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahından doğulmuş Elnur Hüseyinov atası olan Cavabdeh2, Amir Hüseyinov isə İddiaçı yanında yaşayır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərə qarşı iki tələb irəli sürmüşdür:1) onun Balakən rayonu Talalar kəndində yerləşən Cavabdeh1 məxsus evdən istifadə hüquqlarının tanınması; 2) bir uşağı ilə birlikdə həmin evə köçürülmələri. Məhkəmə hər bir iddia tələbinə ayrıca hüquqi qiymət verməyi və bu xüsusda aşağıdakı qanun normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notarial qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edilərək göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:-mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması;həmin razılaşmanın notarial qaydasında təsdiq edilməsi;-istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağıl məsələlərələ baxılarkən 2009-cu ili oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, iddiaçının Cavabdeh1 məxsus evə gəlin köçdüyü 15 sentyabr 2005-ci il tarixdə Cavabdeh1 həmin evə mülkiyyət hüquqları hələ qeydə alınmamış, iddiaçı həmin vaxtdan 2021-ci ilin mart ayınadək bu evdə yaşamış, X2 evə mülkiyyət hüquqları 20.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra da davam etmiş, iddia predmetini təşkil edən evə mülkiyyət hüququ qeydə alınıb evin hüquqi rejimi 20.04.2021-ci il tarixdə dəyişməklə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə istinad edilməklə hazırki mübahisənin həlli üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları və onların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qedə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanımasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları»nın onun ailə üzvü kimi qiymətləndirilməsi həmin şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması ilə şərtləndirilmişdir. Yəni yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri olmayan digər qohumları o halda mülkiyyətçinin ailə üzvü kimi yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malik şəxs kimi qiymətləndirilə bilər ki, həmin şəxslər Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin muülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərdən olsun. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli «Ailənin başqa üzvlərinin aliment öhdəlikləri» adlanır və həmin fəsildə saxlanılmalı olan ailənin başqa üzvlərinin dairəsi konkret şəkildə göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qazların ogey ata və ananı saxlamaq vəzifəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi yanaşmaya uyğun olaraq əgər yaşayış sahəsi mülkiyyətçisinin qohumu olan şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində qeyd edilmiş həmin beş qrup şəxslər dairəsindən birinə daxil deyilsə, mülkiyyətçinin ailə üzvü kimi onunla birlikdə yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs hesab edilə bilməz və yaşayış sahəsinin mülkiyyətçisi öz ailə üzvü hesab edilməyən həmin qohumlarının öz qanuni mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdıran istənilən hərəkət və hərəkətsizliklərinə son qoulumasını tələb etməkdə haqlıdır. İddiaçının birinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə istənilən daşınmaz əmlak üzərində olan hüquqlar, o cümlədən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlak üzərində olan hüquqlar dövlət qeydiyyatına alındlıqdan sonra həmin daşınmaz əmlak üzərində hər hansı hüquqların müəyyən edilməsindən və həyata keçirilməsindən söhbət gedə bilər. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyində əşya istifadə hüququ mülkiyyət hüququndan daha geniş bir hüquqdur. İstifadə hüququ həm mülkiyyət hüququndan, həm qanundan, həm də müqavilədən yarana bilər. Onu da vurğulamaq lazımdır ki, qanunvericilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilikdə evdən və ya mənzildən istifadə hüququ mülkiyyət hüququndan, qanundan və müqavilədən yaranan bir hüquq və mülkiyyət hüququnu məhdudlaşdıran hüquq statusu verilmişdir. Qanunun tələbinə görə də evdən istifadə hüququnun yaranması üçün birmənalı şəkildə həmin evə mülkiyyət hüququ olmalı, bu hüquq dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri (Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri) nöqteyi-nəzərindən evin mülkiyyətçisi Cavabdeh1 yaxın qohumu və digər qohumu olmadığı, nəticədə ailə üzvü sayılmadığı üçün, həmçinin iddiaçıya Cavabdeh1 evə mülkiyyət hüquqlarını məhdudlaşdıran istifadə hüquqlarının verilməsi üçün hüquqi və faktoloji əsaslar olmadığı üçün iddiaçının həmin evdən istifadə hüququ müəyyən oluna bilməz. İddiaçının həmin evə istifadə hüququ nə mülkiyyət hüququ, nə qanun, nə də müqavilə əsasında yaranmamışdır. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi deyildir, həmin evin mülkiyyətçisi Cavabdeh1dur. Digər tərəfdən, iddiaçıya evdən istifadə hüququnun müəyyən olunması üçün mülkiyyətçinin bu evə mülkiyyət hüquqlarını məhdudlaşdıran əsaslar; bunun qanunda hüquqi müəyyənlik prinsipinə uyğun olmaqla hansı şərtlər əsasında nəzərdə tutulması, təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi, hansı müddətə olması, bu zaman ictimai maraqla fərdin mülkiyyət hüquqları arasında ədalətli tarazlığa riayət olunması və bu xüsusda mülkiyyətçiyə ağlabatan və səmərəli kompensasiyanın vaxtında ödənilməsi və ya təklif edilməsi müəyyən edilməmişdir. Bundan başqa iddiaçının evdən istifadə hüququnun yaranması üçün iddiaçı ilə mülkiyyətçi Cavabdeh1 arasında hər hansı müqavilə bağlanmamışdır. İddiaçı bunun əksini, yəni evdən istifadə hüququnun yaranması ilə bağlı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də iddiaçı Firavan Hüseynovanın iddia predmetini təşkil edən evə mülkiyyət və istifadə hüquqları yaranmamışdır. Bu tələb əsassızdır və təmin olunmamalıdır. İddiaçının uşağı ilə birlikdə evə köçürülmələri tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı X10 iddia predmetini təşkil edən evin mülkiyyətçisi Cavabdeh1 yaxın qohumu və digər qohumu, bü xüsusda ailə üzvü deyildir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) göstərilən 5 qrup şəxslər dairəsinə aid deyildir. Yəni iddiaçı evin mülkiyyətçisi Cavabdeh1 özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxs deyildir. Eynilə evin mülkiyyətçisi Cavabdeh1 iddiaçının bir yerdə yaşadığı oğlu Hüseyinov Amir Amil oğlunu, uşağın atası və anası sağ olduğu və bu vəzifə onların üzərinə düşdüyü təqdirdə, saxlamaq vəzifəsi daşımır. İddiaçını və oğlu Amir Hüseyinovu saxlamaq vəzifəsini digər Cavabdeh2 daşyır ki, o da sözügedən evin mülkiyyətçisi deyildir. Ona görə də Cavabdeh2 məxsus olmayan evdən iddiaçının istifadə hüququnun tanınması və iddiaçının uşağı ilə birlikdə həmin evə köçürülməsi tamamilə əsassız tələbdir, digər Cavabdeh1 mülkiyyət hüquqlarının pozuntusuna səbəb olacaqdır və təmin edilə bilməz. Ona görə də Azərbaycan Respublikasının yuxarıda istinad olunan normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında ifadə olunan hüquqi mövqeyinə uyğun olaraq İddiaçı və onun uşağının Cavabdeh1 xüsusi mülkiyyətində olan sözügedən evdən istifadə hüququ yaranmır və onlar həmin evə köçürülə bilməz. Hazırki iddia ilə bağlı məhkəmə onu da qeyd edir ki, Avropa Konvensiyasının 8-ci maddəsində, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi ilə bağlı presedentlərində mənzil hüququna müdaxilənin şərtləri öz əksini tapmışdır. Belə ki, bu müdaxilə qanunda nəzərdə tutulmalı, qanuni məqsədlər daşımalı, istifadə edilən vasitələr həmin məqsədlərə mütənasib olmalı və bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Eyni zamanda Avropa Məhkəməsinin presedent hüququna görə şəxsin mənzillə yetərli və davamlı əlaqələrinin olması sübut olunmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X17 zavodları Yunanıstana qarşı, X12rşı, Slivçenko Litvaya qarşı və s.) presedentlərində mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərin mövcudluğu ilə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının istifadə hüququnun tanınması və onun yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi üçün həmin evə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Əvvəla, bu müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə ki, qeyd edildiyi kimi, Mənzil Məcəlləsinin tələbləri nöqteyi-nəzərindən iddiaçı və onun uşağı evin mülkiyyətində olduğu Cavabdeh1 yaxın qohumu və digər qohumları kateqoriyasına daxil olmamaqla ailə üzvləri deyillər və iddiaçı ondan özünün və uşağının saxlanmasını tələb etmək hüququna malik deyildir. Məhkəmə həmçinin hesab edir ki, hazırki işdə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə mülkiyyət hüququna müdaxilənin qanuni məqsəd daşıması və təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli yaşayış evindən istifadə hüququnun və həmin evə köçürülmənin müəyyən edilməsi qanunda nəzərdə tutulmadığından qanuni məqsəd daşımır. Həmin fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin təmin edilməsinin təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi halının olmaması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh X5 iddiaçını və onun uşağını evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Belə öhdəlik isə qanuna görə dövlətin və bələdiyyənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Hazırda iddiaçının və uşağının evdən istifadə hüquqları müəyyən olunmaqla evə köçürülməsinin təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi, onların bu evdə yaşayış sahəsi ilə təmin edilməsinin evin mülkiyyətçisi olan Cavabdeh1 vəzifəsi olması müəyyən edilmir və həmin cavabdehin belə fəzifə daşımasını təsdiq edən hallara dair sübutlar da təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da bildirir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının istifadə hüququnun tanınması və onun uşağı ilə həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi barədə iddiada evə mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının dəqiq müddəti və bununla əlaqədar evin mülkiyyətçisinə hansısa məbləğdə kompesasiyanın ödənilməli olması barədə heç bir tələb və təklif qoyulmamışdır. X9 1 saylı protokolunun 1-ci maddəsinə əsasən mülkiyyət hüququ məhdudlaşdırılan zaman onun məhdudlaşdırılması da müddətli olmalı-məhdudlaşdırılmanın müddəti göstərilməli, həmçinin mülkiyyətçiyə ağlabatan, ədalətli və səmərəli kompensasiya ödənilməli, məhz bu yolla mülkiyyət hüququnun məhdulaşdırılması kompensasiya edilməli, mülkiyyətçi həddən artıq yükə məruz qoyulmamalı və hüquqlar arasında ədalətli tarazlıq gözlənilməlidir. Əks hal isə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusudur (bax Sporronq və Lonnrot İsveçə qarşı iş üzrə qərar). İddiaçının və uşağının müvafiq olaraq mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun müəyyən olunması və onların həmin yaşayış evinə köçürülməsi barədə tələbə qiymət verilərkən Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsi araşdırılmalıdır. Hazırki işdə evdən istifadə hüququnun müəyyən olunması və evə köçürülmənin təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamışdır. Eyni zamanda istifadə hüququnun müəyyən olunması və evə köçürmə ilə bağlı evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün evin mülkiyyətçisinə hər hansı kompensasiya təklif edilməmişdir. Belə olan halda sözügedən şəxslərə evdən istifadə hüququnun verilməsi və onların həmin evə köçürülməsinin müəyyən edilməsi, heç bir təxrəsalınmaz ictimai tələbatla şərtləndirilmədiyi, bu məhdudlaşdırmanın müddəti müəyyən olunmadığı, həmçinin istifadə hüququnun müəyyən olunması ilə bağlı evin mülkiyyətçisinə heç bir kompensasiya ödənişi həyata keçirilmədiyi və hətta təklif edilmədiyi halında Cavabdeh1 evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması onun fərdi hüququnun pozulması, ağır yükə məruz qalması və bununla da hüquqlar arasında ədalətli tarazlığın pozulmasına səbəb olacaqdır ki, bu da yolverilməzdir. Məhkəmə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən xüsusi olaraq vurğulayır ki, iddiaçının sözügedən evdən istifadə hüququnun müəyyən olunmaqla onun uşağı ilə həmin evə köçürülməsi ilə bağlı həmin fərdi yaşayış evinin mülkiyyətçisinə müvafiq kompensasiya ödənilməli, həmin kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Lakin məhkəmə araşdırmaları zamanı iddiaçı və ya digər hər hansı şəxs tərəfindən evin mülkiyyətçisinə səmərəli, ağlabatan və vaxtında ödənilən hər hansı kompensasiyanın təklif edilməsi müəyyən olunmamışdır. Əks hal, yəni iddiaçıya istifadə hüququ verilməklə onun uşağı ilə evə köçürülməsinin təmin edilməsi Cavabdeh1 sözügedən evə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müdafiəsi altına düşən mülkiyyət hüquqlarının, həmçinin mənzil hüququnun pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Məhkəmə onu da bildirir ki, iş materiallarına əsasən digər Cavabdeh2 iddia predmetini təşkil edən evin mülkiyyətçisi deyildir və onun həmin evə hər hansı hüquqları qeydə alınmamışdır. Belə olan halda Cavabdeh2 evə istifadə hüququnun və evə köçürmənin tələb edilməsi absurd və əsassız bir tələbdir. Qanuna görə Cavabdeh2 göstərilən iddia tələbləri üzrə faktoloji və hüquqi baxımdan heç bir vəzifə daşımır. Ona görə iddia ümumən, həmçinin Cavabdeh2 qarşı tələb hissəsində də əsassızdır. Qeyd olunanlar iddianın tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə tam əsas verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Hüseynov Soltanhəmid Ramazan oğluna və Cavabdeh2 qarşı Balakən rayonu Talalar kəndində yerləşən cavabdeh Cavabdeh1 Ramazan oğluna məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülmələri tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə aki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Balakən rayonu Talalar kəndində yerləşən Cavabdeh1 məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar