Məhkəmə qərarları › İş №2(019)-58/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-58/2022

19.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-58/2022 19.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha torpaq sahəsindən və oradakı tikilidən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus Balakən Rayonu Şərif kəndində yerləşən 0.0699 ha yaşayış məntəqələri üçün ayrılmış torpaq sahəsindən və onun üzərində yararsız vəziyyətdə olan tikilidən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xüsusi mülkiyyətində Balakən rayonu Şərif kəndində yerləşən 0.069 ha həyətyanı torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ona **********22 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi tam payla onun mülkiyyətindədir.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin aprel ayının əvvəlində onun yanına gələrək yaşamaq üçün yerləri olmadığını və müvəqqəti olaraq -1 aylıq ona məxsus olan 0.0699 ha torpaq sahəsinin üzərində yararsız vəziyyətdə olan tikilidə qalmaq istədiklərini bildirmişlər. Tikilinin yararsız vəziyyətdə olmasını, yaşamaq üçün təhlükəli olduğunu onlara bildirmişdir. Lakin cavabdehlər 1 aylıq müvəqqəti qalacaqlarını, daha sonra ev taparaq oradan çıxacaqlarını bildirmişlər. O, da razı olmuşdur. Artıq 1 ildən çox müddət keçməsinə baxmayaraq cavabdehlər ona məxsus olan torpaqdan və onun üzərində olan tikilidən çıxmırlar. Həmin tikili 1968-ci il tarixdə tikilmiş, hal-hazırda yararsız vəziyyətə düşmüşdür. Həmin tikilini sökərək yerində yeni yaşayış evi tikmək istəyir. Lakin cavabdehlər ona məxsus olan torpaq sahəsi və onun üzərində olan tikilini qanunsuz olaraq zəbt etdiklərindən, mülkiyyət hüququnu həyata keçirə bilmir. Cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxmalarını tələb etsədə cavabdehlər buna məhəl qoymamışdırlar. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını kobud şəkildə pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 1995-ci ildən mübahisəli evdə yaşayır. Həmin təsərrüfat onun nənəsi X1 adına olmuşdur. O, Cavabdeh2 ilə 2013-cü ildə evlənmişlər. Bir uşaqları vardır. Onlar iki il olar ki, həmin evdə yaşayırlar. Ev iddiaçıya məxsus torpaq sahəsində deyil, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindədir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.05.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 258 nömrəli arayışdan görünür ki, Cavabdeh1 1997-ci ildə Ukraynadan kəndə köçmüşdür. Hərbi xidmətdən qayıtdıqdan sonra Rostov şəhərinə getmişdir.2020-ci ilin mart ayından mübahisəli evdə yaşayırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli 387 nömrəli arayışdan görünür ki, İddiaçı onun anası mərhum X2 məxsus Şərif kəndində fərdi yaşayış evi vardır, qəzalı vəziyyətdədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən 10 avqust 2021-ci il tarixli 410 nömrəli arayışdan görünür ki, X7 1997-ci ildə mərhum nənəsi X1 təsərrüfatına qeydiyyata düşmüşdür,hal- hazırda həmin təsərrüfatda yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 569 nömrəli arayışdan görünür ki, mərhum X1 təsərrüfatında ümumi sahəsi 56 kv.m olan 1968-ci ildə tikilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 21.12.2021-ci il tarixdə verilmiş **********39 nömrəli mütəxəssis rəyindən görünür ki; Balakən rayonu Şərif kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********22 olan hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0699 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı tikilinin 84 kv.m hissəsi İddiaçı mülkiyyətində olan 0.0699 ha torpaq sahəsinin sərhədləri daxilində, qalan 35 kv.m hissə isə həmin Çıxarışda göstərilən torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. (yerquruluşu planı 1) Məhkəmə iddiaçının izahatını,cavabdehlərin vəkili və nümayəndəsinin çıxışını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,İddiaçı xüsusi mülkiyyətində Balakən rayonu Şərif kəndində yerləşən 0.069 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı mərhum anası X3 məxsus qəzalı vəziyyətdə olan tikilinin 84 kv.m hissəsi İddiaçı mülkiyyətində olan 0.0699 ha torpaq sahəsinin sərhədləri daxilində, qalan 35 kv.m hissə isə həmin Çıxarışda göstərilən torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir . Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən torpaq sahəsinə və oradakı tikiliyə heç bir hüquqları olmadığı halda həmin tikilidə yaşayaraq oradan və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edirlər. Nəticədə İddiaçı mülkiyyət hüququnu həyata keçirə bilmir. İddiaçı cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxmalarını tələb etsə də cavabdehlər buna məhəl qoymamışdırlar. Bu isə mülkiyyətçi olaraq iddiaçının hüquqlarını kobud şəkildə pozur. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən torpaq sahəsinə heç bir hüquqlarının olmamasını, cavabdehlərin məskunlaşdıqları tikilinin 84 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsini, cavabdehlərin sözügedən torpaq sahəsindən və oradakı tikilidən istifadə etmələri nəticəsində iddiaçının öz mülkiyyətindən istifadə edə bilməməsini, nəticədə onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsindən və oradakı tikilinin həmin torpaq sahəsində yerləşən 84 kv.m hissəsindən çıxarılmalı, mübahisəli tikilinin 35 kv.m hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmədiyindən, iddiaçı həmin tikiliyə mülkiyyət hüququnun olmasına dair sənəd təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Şərif kəndində yerləşən 0.0699 ha həyətyanı torpaq sahəsindən və oradakı tikilinin həmin torpaq sahəsində yerləşən 84 kv.m hissəsindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar