Məhkəmə qərarları › İş №2(019)-687/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-687/2020

20.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-687/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Nurəddinoviçin maneələrin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Nurəddinoviç Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 0,249745 ha torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları və poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, yenə də həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən ər və arvad, onların övladları, valideynlər, qardaş və bacılar yaxın qohumlar sayılır. Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ərarvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Qanun normasının tələbinə görə fiziki şəxsin nümayəndəsi ya onun yaxın qohumu, ya da vəkil ola bilər. Qanuna görə yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. İş materiallarından görünür ki, hazırki iddia ərizəsini ərizəçi İddiaçı Nurəddinoviçin vəkalətli nümayəndəsi kimi göstərilən Nümayəndə imzalamışdır. Lakin Nümayəndə ərizəçi İddiaçı Nurəddinoviçin yaxın qohumu və ya vəkil olması, qanuna görə onun nümayəndəsi ola bilməsi və beləliklə də ərizəçinin adından iddia vermək və iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmasını təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Belə olan halda Nümayəndə ərizəçi İddiaçı Nurəddinoviçin yaxın qohumu və ya vəkil olması, onun nümayəndəsi ola bilməsi və beləliklə də ərizəçinin adından iddia vermək və iddia ərizəsini imzalamaq hüququnun olması halı qəbul edilmir. Digər tərəfdən, ərizədə DƏDRX-nin 18 saylı X1 cavabdeh və yaxud mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstəriməmişdir. Bundan başqa, iddia ərizəsində Cavabdeh1 hansı qərəzli hərəkətlərinə son qoyulması göstərilməməklə iddia tələbi göstərilməmişdir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı Nurəddinoviçin Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı Nurəddinoviçə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Nurəddinoviçin Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı Nurəddinoviçə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar