Məhkəmə qərarları › İş №2(019)-690/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-690/2021

12.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-690/2021 12.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinə görə verilmiş pulun və çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək torpaq iddiasının tanınması və ya verilmiş pulun və çəkilmiş xərcin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin alınmasına görə verdiyi ******* (üç milyon) AZM pulun və torpağın münbitləşdirilməsi ilə bağlı üzvi və mineral gübrələrə 2005-2019-cu illərdə verdiyi 2800 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki,o,2005-cı il oktyabr ayının 12-də Talalar kənd Notariat Kontorunun Dövlət X2 və Talalar Bələdiyyəsinin o zamankı sədri Bilal Rüstəmovun iştirakı ilə Talalar kənd sakinləri cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 JN-779 KOD 40113018 nömrəli Dövlət Aktı ilə onlara pay torpağı kimi verilmiş 0,43 ha torpaq sahəsini özlərinin inadlı xahişlərinə görə 30 “şirvan”a (3000000 AZM) almışdır. 15 ildir əkin üçün məhsuldar olmayan həmin sahəyə xeyli əlavə xərc qoymuş, üzvi və mineral gübrələr vermişdir. Hər il ziyanla yekunlaşan təsərrüfat ilinin yalnız 2018-2019-cu illərində cuzi səmərə götürmək mümkün olmuşdur. 2020-ci ilin təsərrüfat ilində isə 350 manat zərərlə yekunlaşmışdır. Ona görə ki, münbitləşdirdiyi həmin ərazi süni şəkildə əlindən alınmışdır. 15 ildir həmin torpaq sahəsinin vergisi onun tərəfindən ödənilir. İndi isə ciddi bir problemlə üz-üzədir.Ona məlum olan bir qrup adamlar tərəfindən öyrədilən yuxarıda adlarını sadaladığı şəxslər çöl qarovulu Fuad adlı şəxsin əli ilə bu təsərüfat ilində onu həmin sahəyə buraxmamışlar. Əllərində əsas olmaq üçün 0,20 hektar yerdə isə arpa əkmişlər. Bəhanələri isə budur ki, “biz sənə o torpaq sahəsini satmamışıq, icarəyə vermişik” və.s uydurmalar. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi, torpaq sahəsinə görə o vaxtkı məzənnə ilə verdiyi ******* AZM pulun və torpaq sahəsinin münbitləşdirilməsi ilə bağlı üzvi və mineral gübrələrə 2005-2019-cu illərdə verdiyi 2800 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3 və Cavabdeh4 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və ailə üzvüləri –Cavabdeh1,Cavabdeh2 Paşa qızının, Cavabdeh4 mülkiyyətinə Balakən rayonu Talalar kəndi ərazisindən 0,85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 779, KOD 40113018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onlar həmin torpaq sahəsinin 0.43 ha hissəsini kənd bələdiyyəsinin sədri Bilal Rüstəmovun vasitəsi ilə İddiaçı icarəyə vermişlər. Torpaq sahəsinə görə Bilal Rüstəmov həmin vaxt onlara 30 “şirvan” pul vermişdir. Həmin pula isə bir kisə un almaq mümkün idi. Onlar torpaq sahəsini satmamışlar. Torpağı hazırda özləri əkib becərirlər, heç vaxt da torpaq sahəsini İddiaçı verməyəcəklər. İddiaçı Zülfüqar oğlu mineral və üzvi gübrələrə pul veribsə də 15 il həmin torpaqdan gəlir götürmüşdür. Ona görə də iddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı etiraf etməyərək Cavabdeh3 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddianı etiraf etməyərək Cavabdeh3 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 779, KOD 40113018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar islahat Komissiyasının 04 fevral 1998-ci il tarixli , 02 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1,Cavabdeh2 Paşa qızının, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu Talalar kəndi ərazisindən 0,85 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli 13 nömrəli arayışdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi Talalar bələdiyyəsində qeydiyyatdadır və bu günə kimi hesablanmış vergilər onun tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2005-ci il tarixdə Talalar kənd Notariat Kontorunun Dövlət X3 və Talalar Bələdiyyəsinin sədri X1 ünvanlanmış ərizədə cavabdehlər Cavabdeh1 ,Cavabdeh2 Paşa qızı , Cavabdeh3 və Cavabdeh4 göstərmişlər ki, xüsusi mülkiyyətlərinə verilmiş 779 nömrəli dövlət aktında göstərilmiş Tuqay çöl adlanan sahədən 0,43 hektar torpaq sahəsini şəhər sakini İddiaçı Zülfüqar oğluna əvəzi ödənilməklə birdəfəlik olaraq bağışlayırlar .Bundan sonra bu torpaq sahəsinə iddiaları olmayacaqdır. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli,02 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1,Cavabdeh2 Paşa qızının, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu Talalar kəndi ərazisindən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 12 oktyabr 2005-ci ildə cavabdehlər ******* AZM (600 AZN ) alaraq həmin torpaq sahəsinin 0,43 hektar hissəsini birdəfəlik olaraq İddiaçı vermişlər. Lakin tərəflər arasında qanunla müəyyən edilmiş qaydada-notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamışdır.2005-ci ildən 2020-ci ilə kimi həmin torpaq sahəsindən İddiaçı istifadə etmişdir. 2020-ci ildən sözügedən torpaq sahəsindən cavabdehlər özləri istifadə edirlər. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin mübahisəli 0,43 ha torpaq sahəsinə görə verilmiş ******* AZM (600 AZN) tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, torpaq sahəsinə görə iddiaçı ******* AZM, yəni 600 AZN pul vermişdir.Məhkəmə, tərəflər arasındakı əqdin etibarsız olmasını, cavabdehlərin iddiaçıya verdikləri 0,43 hektar torpaq sahəsini geri almalarını nəzərə alaraq hesab edir ki, torpaq sahəsinə görə iddiaçının ödədiyi 600 AZN pul cavabdehlər Cavabdeh1,Cavabdeh2 Paşa qızından, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı verilməlidir. İddia tələbinin torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2800 (iki min səkkiz yüz) manat pul tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün 2800 manat xərc çəkdiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda İddiaçı hər hansı yaxşılaşdırma işləri görsə də hal-hazıra kimi həmin torpaq sahəsindən də istifadə edərək gəlir əldə etmişdir. Ona görə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərdən iddia tələbinin təmin edilən hissəsinə uyğun tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsinə görə ödənmiş 600 (altı yüz) manat alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu xərcinin 5.40 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı verilməli, dövlət rüsumu xərcinin 24,60 manatı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsinə görə ödənmiş 600 (altı yüz) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat dövlət rüsumu xərcinin 5.40 manatı cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı verilsin. Dövlət rüsumu xərcinin 24,60 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar