Məhkəmə qərarları › İş №2(019)-867/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-867/2020

03.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-867/2020 03.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2 və Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli 53 nömrəli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Balakən şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademik Z. Əliyeva adma 3 saylı məktəbin əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 53 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün vurulmuş zərərin (əmək haqqı üzrə) ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini azaldaraq, yalnız xx.xx.2020-ci il tarixli, 53 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, ona Dövlət Attestasiya Komissiyasının xx xxxx 2013-cü il tarixli qərarı ilə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filalının Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Bu haqda AN 002117 nömrəli X5 Təhsil sənədi də verilmişdir. 2013- cü il oktyabr ayının axırlarında ixtisası üzrə Azərbaycan dili və ədəbiy-yatı ixtisası üzrə işə qəbul olunmaq üçün Balakən şəhəri Akademik Z. Əliyeva adına məktəbin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Məktəbin xx xxxxxx 2013-cü il tarixli, 257 nömrəli əmri ilə ixtisası üzrə işə qəbul edilmişdir. Həmin əmrdə qeyd olunur: Akademik Z. Əliyeva adına şəhər 3 saylı tam orta məktəbinə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilsin. Əmrin məzmunundan məlum olur ki, işə müddətsiz olaraq qəbul edilmi-şdir. Bu haqda məktəb rəhbərliyi ilə yazılı əmək müqaviləsi də bağlamışlar. Əmək kitabçasında qeyd edilən xx.xx.2013-cü il tarixli, 257 saylı əmrin məzmu-nundan da müəyyən olunur ki, orada hər hansı bir müddət göstərilməmişdir. xx.xx.2016-cı il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsi bildirişinin məzmunundan məlum olur ki, xx.xx.2013-cü ildə bağlanılmış müqavilə müddətli mü-qavilədir, müddəti də 14.06. 2016-cı il tarixədəkdir. Bu bildirişin sonuncu əmək müqaviləsinə edilmiş dəyşikliklər hissəsində əvvəlki işə girmə müqaviləsinin müddətsiz bağlandığı üçün dəyişiklik edilərək əmək müqaviləsinin müddətli edil-məsi qeyd edilmişdir. Məktəbin direktoru 2015-ci ilin sentyabr ayında bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsi səhv olaraq müddətsiz bağlanıb, ona ğörə müqaviləni müddətli etmək lazımdır, etiraz etsə də, heç bir nəticəsi olmamışdır. Nəticədə bir Əmək Müqa-viləsi tərtib edildi ki, müqavilədə ancaq işəgötürənin və işçinin adı qeyd edilib, müqavilənin 15.09. 2015-ci il tarixdən-xx.xx.2016-cı il tarixədək müddətə bağlandığı qeyd edilir. Əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlandığı belə qeyd edilməmişdir. Müqavilədə bağlandığı tarix belə qeyd olunmayıb. Müqavilənin yalnız 1-ci səhifəsində adlar və müqavilənin müddəti qeyd olunub, digər səhifələrdə heç bir məlumatlar qeyd edilməmişdir. Müqavilə formal olaraq, görüntü yaratmaq üçün bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinə dəyşiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olur ki, işəgötürən məktəbin direktoru onunla xx.xx.2013- cü il tarixdən xx.xx.2020-ci il tarixədək 7 il müddətinə müddətli əmək müqaviləsi bağlayıb. Amma belə bir müqavilənin bağlanması heç bir rəsmi sənəddə öz əksini tapmır. Hətta 2015-ci ilin sentyabr ayında bağladıqları müqavilə belə rəsmiləşdi-rilməyib. Əmək kitabçasında da qeyd olunmayıb. O, 2013-cü ildə 11 saat dərs saatı ilə işə qəbul edilmişdir. İşdə olan əmək müqaviləsi bildirişlərində qeyd olunub ki, iş yeri əsas iş yeridir.Yeddi ildən çoxdur ki, Zərifə Əliyeva adına 3 saylı şəhər orta məktəbində ixtisası üzrə müəllim işləyir. 2017-ci ildə ikinci övladının dünyaya gəlməsi ilə bağlı olaraq analıq məzuniy-yətinə çıxmışdır. Analıq məzuniyyətinə çıxdığı üçün öhdəsində olan 11 saat dərsi o, geri işə qayıdanadək müddətli olaraq digər müəllimlərə verilib. Analıq məzuniyyəti tamam olduqdan sonra uşağının üç yaşı tamam olanadək qismən ödənilən məzuniyyət götürmüşdür. Qismən ödənilən məzuniyyətinin müddəti 2020-ci il avqust ayının sonunda tamam oldu. Qismən ödənilən analıq məzuniyyətindən qayıdıb işə başlamaq üçün avqust ayının 31-də məktəbə getmişdir. Məktəbin direktoru ona bildirmişdir ki, onun müqaviləsi müddətli müqavilədir. xx xxxxxx 2020-ci il tarixdə müddəti bitib. Ona görə də onunla əmək müqaviləsini pozur. Elə həmin gün məktəbin direktoru qismən ödənilən məzuniyyətdən qayıtmasıyla bağlı işə geri qaytarmadan verdiyi xx.xx.2020-ci il tarixli, 53 nömrəli əmri ilə onu işdən azad etmişdir. Məktəbin xx.xx.2020-ci il tarixli əmrində qeyd olunur: Məktəbdə müvəqqəti müqavilə ilə işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün həmin tarixdən onun-la bağlanmış əmək müqaviləsi ləğv edilsin və həmin tarixdən işdən azad edilsin. O, məktəbin direktoru ilə 2020-ci ilin avqust ayının sonunadək hər hansı bir yazılı müddətli əmək müqaviləsi bağlamamışdır. Çünki 2017-ci ildən analıq məzuniyyətinə çıxmış və 2020-ci il avqust ayının 28-dək qismən ödənilən analıq məzuniyyətində olmuşdur. 2020-ci ilin sentyabr ayında müəllimlərin işə qəbulu imta-hanında iştirak edərək, 60 mümkün baldan 50 bal toplamışdır. Ona görə də qeyd olunanlara əsaslanaraq, Akademik Z. Əliyeva adma 3 saylı məktəbin əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxxx 2020ci il tarixli, 53 nömrəli əmrin ləğv edilməsi və işə bərpa haqda qətnamə çıxarılmasını Balakən Rayon Məhkəməsindən xahiş edir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı Eminli X1 Z.Əliyeva adına 3 saylı məktəbinin xx xxxxxx 2013-cü il tarixli, 257 nömrəli əmrinə əsasən həmin tarixdən müvəqqəti olaraq məktəbdə ana dili və ədəbiyyat müəlliməsi işinə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Lakin texniki səhv nəticəsində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə həmin əmək müqavilə barəsində məlumat daxil edilərkən müqavilənin müddətsiz olduğu qeyd edilmişdir. Qeyd olunan dövrdə müəllimərin müddətsiz olaraq işə qəbulu Təhsil Nazirliyinin səlahiyyətində olmuşdur. İşin bu halı bir daha sübut edir ki, həmin dövrdə İddiaçı ilə əmək müqaviləsi müddətli olaraq bağlanmışdır. Qeyd olunan texniki səhvin aradan qaldırılması məqsədi ilə xx xxxxxxxx 2015-ci il tarixdə İddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmış və həmin müqavilədə əvvəllər buraxılmış texniki səhv aradan qaldırlaraq, müqavilənin xx xxxx 2016-cı il tarixinədək olan müddətə bağlanması qeyd edilmiş, o cümlədən, xx xxxxx 2016-cı il tarixdə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə bu barədə məlumat daxil edilmişdir. İddiaçı əmək müqaviləsinin müddəti xx xxxx 2016-cı il tarixdə bitmiş, lakin həmin dövrdə iddiaçı analıq məzuniyyətində olduğu üçün əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır. İddiaçı analıq məzuniyyətinin müddəti xx xxxxxx 2020-ci il tarixdə bitərək, o, işə başlamış və xx xxxxxx 2020-ci il tarixdə Akademik Z.Əliyeva adına 3 saylı məktəbin direktorunun 53 nömrəli əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin tələbləri rəhbər tutularaq əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin surətindən görünür ki, Akademik Z.Əliyeva adına 3 saylı məktəbinin əmri ilə İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ixtisası üzrə məktəbə müəllim təyin edilmiş və onunla əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Həmin əmək müqaviləsində müqavilənin müddətli bağlanması və işçinin işə xx.xx.2015-ci il tarixdə işə başlaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Təhsil nazirliyinin müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə dair bildirişdən görünür ki, İddiaçı 50 bal toplamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sistemə daxil edilməsi xx.xx.2016-cı il tarix göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində həmin müqavilənin işə götürən məktəb direktoru X3 ilə işçi İddiaçı arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bağlandığı və müddətli olduğu göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sistemə daxil edilməsi xx.xx.2020-ci il tarix göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində həmin müqavilənin işə götürən məktəb direktoru X3 ilə işçi İddiaçı arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək bağlandığı və müddətli olduğu göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2013-cü il tarixdə verilmiş 257 № əmrdən çıxarışda göstərilir ki, məktəbin ana dili və ədəbiyyat müəlliminə ehtiyac olduğuna görə yeni tədris ilində ana dili və ədəbiyyat dərslərinin səmərəli tədrisini təşkil etmək məqsədi ilə müvəqqəti olaraq x xxxxxx 2013-cü il tarixdən X2 məzunu İddiaçı Şahruddin qızı məktəbə ixtisası üzrə müəllim işinə qəbul edilmişdir. Əsas: İddiaçı şəxsi ərizəsi İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2015-ci il tarixdə verilmiş müəllimin əsas analıq məzuniyyətinə çıxması haqqında 121 №-li əmrdən çıxarışda göstərilir ki, məktəbdə ehtiyaca görə götürülən ana dili və ədəbiyyat müəllimi İddiaçı Şahruddin qızı 11.11. 2015 -cı il tarixdən xx.xx.2016 -cı il tarixədək əsas analıq məzuniyyətinə buraxılmışdır.Əsas: İddiaçı 124284N-lİ xəstəlik vərəqəsi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2016-ci il tarixdə verilmiş müəllimin qismən ödənişli analıq məzuniyyətinə çıxması haqqında 38 №-li əmrdən çıxarışda göstərilir ki, məktəbdə müvəqqəti götürülmüş ana dili və ədəbiyyat müəllimi İddiaçı Şahruddin qızının əsas analıq məzuniyyətinin vaxtı xx.xx.2016-cı il tarixdə bitdiyi üçün həmin tarixdən xx.xx.2016-cı il tarixədək qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. Əsas: İddiaçı şəxsi ərizəsi İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2016-ci il tarixdə verilmiş müəllimin qismən ödənişli analıq məzuniyyətinin uzadılması haqqında 86 №-li əmrdən çıxarışda göstərilir ki, məktəbdə müvəqqəti götrülmüş ana dili və ədəbiyyat müəllimi İddiaçı Şahruddin qızının qismən ödənişli analıq məzuniyyətinin vaxtı xx.xx.2016cı il tarixdə bitdiyi üçün həmin tarixdən xx.xx.2017-ci il tarixədək qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. Əsas: İddiaçı şəxsi ərizəsi İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2017-ci il tarixdə verilmiş müəllimin əsas analıq məzuniyyətinə çıxması haqqında barədə 49 №-li əmrdən çıxarışda göstərilir ki, məktəbə ehtiyaca görə götürülən ana dili və ədəbiyyat müəllimi İddiaçı Şahruddin qızı xx xxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixdə qismən ödənişli analıq məzuniyyətindən əsas analıq məzuniyyətinə buraxılmışdır. Əsas: İddiaçı 580671N-İİ xəstəlik vərəqəsi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2017-ci il tarixdə verilmiş müəllimin qismən ödənişli analıq məzuniyyətinə çıxması haqqında 93 №-li əmrdən çıxarışda göstərilir ki, məktəbdə müvəqqəti götürülmüş ana dili və ədəbiyyat müəllimi İddiaçı Şahruddin qızının əsas analıq məzuniyyətinin vaxtı xx.xx.2017-ci il tarixdə bitdiyi üçün həmin tarixdən xx.xx.2020-ci il tarixədək qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. Əsas: İddiaçı şəxsi ərizəsi İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2020-ci il tarixdə verilmiş məktəbin müvəqqəti müddətli müqavilə ilə işləyən müəllimin qismən ödənişli analıq məzuniyyətindən qayıtması haqqında barədə 52 №-li əmrdən çıxarışda göstərilir ki, məktəbdə müddətli müqavilə ilə işləyən ana dili və ədəbiyyat müəllimi İddiaçı Şəhruddin qızının qismən ödənişli analiq məzuniyyəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün həmin tarixdən işdə hesab edilmişdir.Əsas: Əmək Məcəlləsinin müvafiq maddəsi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh üzrə xx.xx.2020-ci il tarixdə verilmiş məktəbin müvəqqəti müddətli müqavilə ilə işləyən müəllimin işdən azad edilməsi barədə 53 №-li əmrdən çıxarışda göstərilir ki, məktəbdə müddətli müqavilə ilə işləyən ana dili və ədəbiyyat müəllimi İddiaçı Şəhruddin qızı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir.Əsas: Əmək Məcəlləsinin 68 maddəsinin b) bəndi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ******* №-li əmək kitabçasından çıxarışdan görünür ki, Cavabdehin xx.xx.2013-cü il tarixli əmri ilə İddiaçı xx.xx.2013-cü il tarixdən Cavabdehdə ixtisasına uyğun işə qəbul edilmiş, Cavabdehin xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi kimi onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının və Cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatı, eləcə də işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh ilə müddətsiz əmək müqaviləsi bağlayaraq, ixtisası üzrə məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə müvafiq elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş Əmək müqaviləsi bildirişinin məzmunundan məlum olur ki, xx.xx.2013-cü ildə bağlanılmış müqaviləsinə dəyişiklik edilərək müqavilənin müddətli olması, müqavilənin qurtardığı müddətin də xx.xx.2016-cı il tarix olması qeyd edilmişdir. xx.xx.2020-cı il tarixdə müvafiq elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində İddiaçı ilə müqavilənin xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək bağlandığı və müddətli olduğu göstərilmişdir. Lakin iş üzrə cavabdeh Balakən şəhəri Cavabdeh məhkəməyə nə İddiaçı ilə xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsini, nə 2015ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsini, nə də xx.xx.2016-cı il tarixdə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə müqavilənin müddətli olması ilə bağlı qeydin daxil olması üçün əsas olmuş sübutu məhkəməyə təqdim etməmişdir. Lakin bütün bunlara baxmayaraq, iş üzrə Cavabdehin xx.xx.2020-ci il tarixli, 03 nömrəli əmri ilə İddiaçı ilə məktəbin ana dili və ədəbiyyat müəllimi kimi onunla bağlanmış müddətli əmək müqaviləsinin bitməsi əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşin mübahisəsiz halı odur ki, 2015-ci il tarixdə İddiaçı ilə bağlandığı qeyd olunan müddətli əmək müqaviləsi ilə bağlı müvafiq elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi məlumat daxil edilməmişdir. Həmçinin xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında bağlandığı iddia olunan razılaşma da mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1-ci maddəsində qeyd olunur ki, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən isə, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Göründüyü kimi, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsasən, İddiaçı ilə xx.xx.2013-cü il tarixdə müddətsiz olaraq bağlanmış əmək müqaviləsi halhazırda qüvvədədir. xx.xx.2016-cı il tarixdə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə müqavilənin müddətli olması ilə bağlı qeydin daxil olması üçün əsas olmuş razılaşma isə mövcud deyildir. Bununla yanaşı, məhkəmə Cavabdehin xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 2015-ci ildə bağlanmış yeni əmək müqaviləsi ilə müddətli olaraq dəyişdirilməsini qeyd etməsini ağlabatan hesab etmir. Birincisi, ona görə ki, 2015-ci ildə bağlanmış yeni əmək müqaviləsi ümumiyyətlə müvafiq elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi daxil edilməmişdir. İkincisi, qeyd olunan halda İddiaçı heç bir əsas olmadan özünü əlverişsiz vəziyyətə salmış olardı ki, bu da Əmək Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilən tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə ziddir. Nəhayət, İddiaçı Cavabdehdə tutmuş olduğu müəllim vəzifəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən müddətli bağlanması nəzərdə tutulmuş əmək müqavilələri kateqoriyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində qeyd edilir ki, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-1-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam vreilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olaraq başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı,qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ-hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli, 53 №-li əmrdə müəssisənin adı, müəssisəsinin hüquqi ünvanı, onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər və nəhayət hansı əmək müqaviləsinə xitam verilməsi qeyd edilməmişdir. İşin bu halı da özlüyündə, digər əsaslarla yanaşı, xx.xx.2020ci il tarixli, 53№-li əmrin məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ilə müddətsiz əmək müqavilə bağlanmasına və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanunda göstərilən əsasların olmamasına baxmayaraq, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsi müddətli hesab edilmiş və qanunsuz olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə istinad edilməklə xx.xx.2020-ci il tarixli, 53 saylı əmrlə bu müqaviləyə xitam verilmişdir. Hətta həmin əmrdə əsas kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə belə istinad edilməmişdir. İş materiallarına əsasən cavabdeh məktəblə iddiaçı arasında müxtəlif tarixli bir-birinə zidd olan bir neçə əmək müqaviləsi mövcud olduğu təqdirdə məktəb rəhbərliyi üçün hansı əmək müqaviləsinə istinad edilməsi, bəlli olur ki, çətinlik yaratmışdır. Qeyd olunan əmrdən görünür ki, orada əmək müqaviləsinin ləğv edilməsinin əsasından başqa əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bu da əmrin yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun olmadığını aydın göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, qanunsuz olaraq xx.xx.2020-ci il tarixli, 53 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən və həmin əmr yuxarıda göstərilən əsaslara görə qanunvericiliyin tələblərinə uyğun olmadığından, Cavabdehin xx.xx.2020-ci il tarixli, 53 №-li əmri ləğv olunmalı, İddiaçı Cavabdehdə əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, İddiaçı Cavabdehə müddətsiz əmək müqaviləsi bağlanılmaqla Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə qəbul edilməsini, onun iradə ifadəsi olmadan onunla bağlanmış müddətsiz əmək müqaviləsinə məktəbin rəhbərliyi tərəfindən dəyişiklik edilərək, qanunsuz olaraq müddətli əmək müqaviləsi kimi müəyyən olunmasını, Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin xx.xx.2020-ci il tarixli, 53 nömrəli əmrinin Əmək Məcəlləsinin tələblərinə uyğun olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla xitam verildiyindən, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin xx.xx.2020-ci il tarixli, 53 nömrəli əmri ləğv edilməli, Eminli X1 Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin xx.xx.2020-ci il tarixli, 53 nömrəli əmri ləğv edilsin; Eminli X1 Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar