Məhkəmə qərarları › İş №2(019)-90/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-90/2022

18.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-90/2022 18.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,X4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,X4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 İyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN 1277, KOD 40102018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7357.30 kv/m çöl ərazisindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3, İddiaçı4, X10 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar ailə üzvüləri ilə birlikdə Balakən rayonunun Hənifə kəndində yaşayırlar. Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 İyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə onların mülkiyyətinə 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10142.99 kv/m hissəsi həyətyanı torpaq sahəsinə bitişik ərazidən, qalan 7357.30 kv/m hissəsi isə çöl ərazisindən verilmişdir. 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 1277 KOD 40102018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır.Cavabdeh onların qohumudur. Onlara verlmiş pay torpaq sahəsinin 7357.30 kv/m hissəsi fındıq bağıdır. Torpağı onların torpaq sahəsinə bitişik olan qonşu, Cavabdeh 2001-ci ildən, yəni torpaq paylanandan onlara məxsus olan fındıq bağını zəbt edərək istifadə etməyə davam edir. Onlar mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün dəfələrlə cavabdehdən xahiş etmişlər ki, onların bağından istifadə etməsin. O, isə qəti razılaşmamışdır. 2020-ci ildə aralarında şifahi razılıq olmuşdur ki “Kadastr və Yerquruluşu Layhə-Tədqiqat Mərkəzini” çağıraraq ölçmə işləri aparılsın, yeri dəqiq müəyyən etsinlər. O, isə yer müəyyən olunduqdan sonra həmin əraziyə daxil olmasın, torpaqdan qanunsuz olaraq istifadə etməsin. Lakin cavabdeh yenə də onların bağını zəbt edib və onları bağlarına girməyə qoymur. İddiaçı2 cavabdehin bacısıdır və o, bu il bağa gedərkən cavabdeh onu qovaraq, təhqir etmiş, hədələmişdir ki, bir daha kimsə bağa girmək istəsə onu tüfənglə vuracaqdır. Onlar cavabdehi məcburi olaraq torpaq sahəsindən çıxara bilmirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün göstərilən iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etməli olmuşlar. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4 və X10 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, o iddiaçılarla qohumdur. O, iddiaçıların mülkiyyətində olan torpaqdan istifadə etmir, əksinə iddiaçılar ona məxsus torpağın bir hissəsini ondan almaq istəyirlər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1277, KOD 40102018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı1 Məhəmməd oğluna, İddiaçı2 İsrəfil qızına, İddiaçı3, X6 və X7 Balakən rayonu Hənifə kəndi ərazisindən 1.75 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli **********15 nömrəli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən JN1277 KOD 40102018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçılar X9, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 mülkiyyətinə verilmiş 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 1277 F cizgisində göstərilən 0.7357 ha hissəsinin naturada ölçüləri 0.73 hektar olmaqla həmin ölçülər müəyyənedici sənədlərə uyğundur. Balakən Rayonu Hənifə kəndində yerləşən JN1277 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 mülkiyyətinə verilmiş 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 1277F cizgisində göstərilən 0.73 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli 10/2226 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən JN 1277 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 mülkiyyətinə verilmiş 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 1277F cizgisində göstərilən 0.7357 ha hissəsinin naturada ölçülərinin 0.73 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən olundu. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən Balakən rayonu Hənifə kəndində yerləşən JN 1277 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 mülkiyyətinə verilmiş 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 1277F cizgisində göstərilən 0.73 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olundu. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib,işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 Məhəmməd oğlunun, İddiaçı2 İsrəfil qızının, İddiaçı3, X5 və X4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 1.75 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 1277 KOD 40102018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Akt hazırlanmışdır.Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10142.99 kv/m hissəsi həyətyanı torpaq sahəsinə bitişik ərazidən, qalan 7357.30 kv.m isə çöl ərazisindən verilmişdir. İddiaçılara çöl ərazidən verilmiş 7357.30 kv.m torpaq sahəsinin naturada ölçüləri 7300 kv/m olmaqla hüquq müəyyənedici sənəddə göstəriləndən 57,30 kv/m azdır.Həmin pay torpaq sahənin 7300 kv.m hissəsi fındıq bağıdır. Həmin bağı 2001-ci ildən Cavabdeh heç bir hüququ olmadan istifadə edir və iddiaçıların oradan istifadə etməsinə imkan vermir. Nəticədə iddiaçılar xüsusi mülkiyyətlərində olan həmin torpaq sahəsindən istifadə edə bilmirlər, onların mülkiyyət hüquqları pozulur.Buna görə də iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,mübahisə predmeti olan 7357.30 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4, X4 mülkiyyətində olmasını, həmin 7357.30 kv.m torpaq sahəsinin naturada ölçülərinin 7300 kv/m olmaqla hüquq müəyyənedici sənəddə göstəriləndən 57,30 kv/m az olmasını,Cavabdeh iddiaçıların mülkiyyətində olan 7357.30 kv.m torpaq sahəsindən deyil, 7300 kv/m torpaq sahəsindən istifadə etməsini,Cavabdeh heç bir hüququ olmadan həmin 7300 kv/m torpaq sahəsindən istifadə etməsini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmələrini,bununla da onların mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, JN 1277 KOD 40102018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4, X4 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Hənifə kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1277F cizgidə göstərilmiş 7300 kv/m hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq ) Cavabdeh çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edilməsini , torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə 98,40 (doxsan səkkiz manat qırx qəpik) manat xərcin iddiaçılar tərəfindən ödənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə 49,20 (qırx doqquz manat iyirmi qəpik) manat məhkəmə xərci tutulub iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4, X7 verilməli, həmin xərcin 49,20 manatı iddiaçılara aid edilməli, ekspertiza xərcinə görə 50 (əlli) manatın 25 manatı iddiaçılar İddiaçı1 , İddiaçı2 , İddiaçı3 ,İddiaçı4 Nadir qızı, X3, 25 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. JN 1277 KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4, X4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1277F cizgidə göstərilmiş 7300 kv/m hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq)Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə iddiaçılar tərəfindən ödənmiş 98,40 manatın 49,20 (qırx doqquz manat iyirmi qəpik) manatı Cavabdeh tutulub iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4, X7 verilsin, 49,20 (qırx doqquz manat iyirmi qəpik) manatı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4, X8 özlərinə aid edilsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı1 , İddiaçı2 , İddiaçı3 ,İddiaçı4 və X3, 25 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar