Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-912/2021 08.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın bölünməsi və evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum əri X1 miras qalmış 10000 (on min) manat dəyərində 08 BK-202 dövlət qeydiyyat nişanlı VAZ-21703 markalı minik avtomobilin, həmçinin 2000 (iki min) manat dəyəri olan dişi iribuynuzlu inək malının Azərbaycan Respublikası M.M-nin 1159.1.1, 1159.2 maddələrinin tələbinə əsasən iddiaçılar və cavabdehlər arasında bölünməsi, habelə onun və iki az yaşlı uşaqlarının daimi yaşadıqları və qeydiyyatda olduqları Balakən rayon Gərəkli kəndindəki evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 07.06.2012-ci ildə Balakən rayon Gərəkli kənd sakini X6 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, nikahlarının bağlanması Balakən rayon Qeydiyyat şöbəsində qeydə alınmış və o, həmin andan ərinin soyadını qəbul etmişdir. Birlikdə yaşadıqları müddətdə 2013-cü ildə qızı- Mələk Tosova, 2015-ci ildə isə oğlu- Əli Tosov anadan olmuşlar. Ailə həyatı qurduqları və uşaqların doğulduğu vaxtdan mərhum ərinin valideynlərinə məxsus olan Gərəkli kəndində yerləşən beş otaqlı mənzilin bir otağında yaşamışlar və orada qeydiyyatdadırlar. 25.02.2021-ci ildə həyat yoldaşı qəflətən kəskin xroniki miokard infaktı keçirmiş və vəfat etmişdir. Ərinin vəfatından qısa müddətdən sonra qaynanası, qaynatası, əsasən də mərhum ərinin bacısı Nümayəndə ona uşaqlarla evdə yaşamağa imkan verməmişlər.Ondan qeydiyyatdan çıxmağını, uşaqları da götürüb atası evinə qayıtmağı tələb etmişlər. Onun bütün cehiz əşyaları, uşaqlarının və özünün paltarları da əvvəllər yaşadıqları bir otaqlı evdədi .O, məcbur olub iki azyaşlı övladları ilə atasının Mahamalar kəndində özü ilə birlikdə yeddi nəfərin yaşadığı 3 (üç ) otaqlı mənzilə köçmüşdür. Baxmayaraq ki, Gərəkli kəndində mərhum həyat yoldaşının valideynlərinə məxsus olan 5 (beş) otaqlı evdə onlardan başqa qeydiyyatda olan qaynanası və qaynatası yaşayırlar. Hər ikisi yaşlı adamlardır. O, məcbur olub 14.04.2021-ci ildə ərinin mirasına vərəsəlik hüququ almaq üçün X11 Xidmət Mərkəzində Notariat ofisinə müraciət edəndə, mərhum ərinin valideynləri Asan Xidmətdə öz narazılıqlarını bildirmişlər. Belə ki, mərhum əri öz əzab-əziyyəti ilə aldığı ** BK *** nömrəli, 2008-ci il buraxılışlı, sedan tipli, “Vaz 21703 minik” markalı avtomaşın, həmçinin onun və həyat yoldaşının iki min manata aldıqları iri buynuzlu dişi inək malı barəsində mübahisə yarandığında Notariat Ofisi tərəfindən mübahisənin məhkəmə yolu ilə həll olunacağını bildirmişlər və qanunamüvafiq qaydada ona rəsmi sənəd təqdim etmişdirlər. Həyat yoldaşı yuxarıda qeyd etdiyi avtomaşını alanda onun atası Vahid Taşov onun yanında iki min manat pul vermişdir. Mərhumun bacısı Nümayəndə Gərəkli kəndində qeydiyyatda olmadığı , Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşadığı halda qanunsuz olaraq onun hüquqlarına müdaxilə edir. O, 2012-ci ildən Gərəkli kəndində qeydiyyatdadır. 2 azyaşlı uşaqları ilə birlikdə orada yaşayır və analıq hüququnu itirməmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı onun mərhum qardaşı X2 arvadıdır. Qardaşı Natiq 2012-ci ildə iddiaçı ilə evlənmiş və onların 2013-cü ildə Mələk və 2015-ci ildə isə Əli adında iki uşaqları olmuşdur. X13 25.02.2021-ci ildə qəflətən vəfat etmişdir. Qardaşının vəfatından bir müddət sonra İddiaçı uşaqları da özü ilə apararaq heç bir əsaslı səbəb olmadan evdən çıxıb valideynlərinin evinə getmişdir. Hazırda iddiaçı uşaqları ilə birlikdə öz atası evində yaşayır. İddiaçı tərəfindən tələb olunan avtomaşın və bir ədəd iribuynuzlu inək malı mərhum qardaşı tərəfindən alınmışdır. Həmin maşının iddiaçıya düşən hissəsinin ona verilməsinə etiraz etmir. Lakin inək qardaşı tərəfindən dörd il əvvəl alınmış, sonradan Natiq inəyi qaynatası Vahidə satmış, Vahid Taşov isə inəyi aldıqları şəxsə satmışdır. Ona görə də iddiaçının inəkdən pay tələb etməsi əsassızdır. İddiaçının köçüb yaşamaq istədiyi fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən çıxarış da verilmişdir. İddiaçı o evdən özü çıxıb getmişdir. Onlar iddiaçının həmin evə köçürülməsinə etiraz edir. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatına uyğun izahat verərək iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, tərəfləri tanıyır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. Cavabdeh1 və Cavabdeh2 qonşularıdır. Cavabdeh1 təxminən 2010-cu ildə bir baş qara rəngli inək almışdır, hal-hazıra kimi də həmin inəyi onlar saxlayırlar. İnək alınanda Mədinə ora gəlin gəlməmişdir. Natiqin isə inək almasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, tərəfləri tanıyır,Cavabdeh1 qaynı, Nəfisət eltisidir. Mədinə onların gəlin olmuşdur. Cavabdeh1 təxminən 2010-cu ildə bir baş qara rəngli inək almışdır,hal-hazıra kimi də həmin inəyi onlar saxlayırlar, inək alınanda Mədinə ora gəlin gəlməmişdir. Natiqin isə inək almasından məlumatı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən , Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 10 mart 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 162800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25.02.2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X11 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 14 aprel 2021-ci il tarixli 511 nömrəli məktubda göstərilmişdir ki, “25.02.2021-ci il tarixdə vəfat etmiş X2 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X11 Xidmət mərkəzində notariat Ofisinə müraciət etmisiniz. Eyni zamanda mərhumun digər vərəsələri ilə aranızda mübahisə olduğunu və mübahisənin sülh yolu ilə həll olunmasının mümkün olmadığını, məhkəməyə müraciət etmək arzusunda olduğunuzu bildirirsiniz. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən mirasın bölüşdürülməsi ilə əlaqədar miras şərikləri arasında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, aranızdakı mübahisənin həlli və mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməlisiniz”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 iyun 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 747687 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 arasında 07 iyun 2012-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Tosova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Polis Şöbəsi tərəfindən 11.06.2014-cü il tarixdə verilmiş AZE seriyalı 10970889 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Tosova Mələk 30.05.2013-cü ildə anadan olmuş, atası Tosov Natiq, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Polis Şöbəsi tərəfindən verilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X12 18.04.2015-ci ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixdə verilmiş AE seriyalı 042195 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, mühərrik-2099610,Ban-XTA**********4439, qara metallik rəngli , ** BK *** qeydiyyat nişanlı, VAZ-21703 markalı, sedan tipli minik avtomobili X2 adınadır. İşdə olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2021-ci il tarixli 613 nömrəli arayışdan görünür ki, 2021-2025-ci illərin 2 nömrəli təsərrüfatbaşına kitabın 06-cı səhifəsindəki 96 saylı təsərrüfata əsasən Cavabdeh1 adına 0.10 ha həyətyanı torpaq sahəsi və 1979-cu ildə inşa edilmiş 5 (beş) otaqlı yaşayış evi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə verilmiş 05/Y-45/69 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X6 10.06.1984-cü ildə Balakən rayonu Qullar kəndində anadan olmuşdur, bu barədə 20.07.1984-cü il tarixdə Balakən RİHB-nın Qullar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 110 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2 Asadullah qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 05.09.2021-ci il tarixdə verilmiş 332 nömrəli arayışdan görünür ki, Balakən mal bazarında bir baş 5 yaşar balalı inəyin orta bazar satış qiyməti 1900-2000-manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 05.09.2021-ci il tarixdə verilmiş 332 nömrəli arayışdan görünür ki, Balakən mal bazarında bir baş bir doğan düyənin orta bazar satış qiyməti 1000 manatdır. İşdə olan iddiaçı və cavabdehlərin ərizələrindən görünür ki, onlar inəyin 1500 manat qiymətləndirilməsinə razıdırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.07.2021-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində 0.0928 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,20 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının,cavabdehin və digər cavabdehin nümayəndələrinin izahatını dinləyib,işdə olan sənədləri tədqiq edərək hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı 07.06.2012-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu- X6 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və onların yaşadığı, Balakən rayonu Gərəkli kəndində yerləşən, Cavabdeh1 adına qeydə alınmış beş otaqlı evə gəlin köçmüş və orada yaşamışlar. Birlikdə yaşadıqları müddətdə 30.05.2013cü ildə Mələk Tosova adlı qızları,18.04. 2015-ci ildə isə Əli Tosov adlı oğulları anadan olmuşdur.2017-ci ildə onlar bir baş inək, 2020-ci ildə isə ** BK *** nömrəli, 2008-ci il buraxılışlı, sedan tipli, “Vaz 21703 minik” markalı avtomaşın almışlar. 25.02.2021-ci ildə Natiq Tosov kəskin xroniki miokard infaktı keçirmiş və ölmüşdür.Bir müddət sonra aralarında olan narazılığa görə İddiaçı uşaqları ilə birlikdə atası evinə getmişdir. Miras əmlakın bölgüsü ilə bağlı tərəflər arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir.Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbinin miras əmlakın bölünməsinə aid hissəsi ilə bağlı məhkəmə ilk öncə miras əmlakın müəyyən edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə X6 07.06.2012-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Bir baş inəyi və ** BK *** nömrəli, 2008-ci il buraxılışlı, sedan tipli, “Vaz 21703 minik” markalı avtomaşını onlar birgə nikah dövründə almışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə bir baş inəyin və ** BK *** nömrəli, 2008-ci il buraxılışlı, sedan tipli, “Vaz 21703 minik” markalı avtomaşının İddiaçı ilə X6 tərəfindən birgə nikah dövründə alınmasını nəzərə alaraq hesab edir ki, həmin əmlaklar İddiaçı ilə X2 ümumi birgə əmlakıdır, ona görə də bu əmlakların Natiq Tosova aid ½ hissəsi miras əmlakın kütləsinə daxildir. Miras əmlakın bölüşdürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə 25 fevral 2021-ci ildə ölmüş X1 10000 (on min) manat dəyərində 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsinin və 1500 manat dəyərində bir baş inəyin dəyərinin ½ hissəsinin miras qalmasını,onun birinci növbəli vərəsələrinin atası Cavabdeh1 ,anası Cavabdeh2, arvadı İddiaçı, qızı-X3 və oğlu- X7 olmasını, birinci növbəli vərəsələrin mirası qəbul etmələrini nəzərə alaraq hesab edir ki, 25 fevral 2021-ci ildə ölmüş Tosov Natiq Həmzət oğlundan miras qalmış əmlak-10000 (on min) manat dəyərində 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi və 1500 manat dəyərində bir baş inəyin dəyərinin ½ hissəsi onun birinci növbəli vərəsələri- Cavabdeh1, Cavabdeh2, İddiaçı, X8 və X7 arasında payları bərabər olmaqla, yəni hər birinin 1/5 hissə payı müəyyən olunmaqla bölünməli, özünün ½ hissə payı daxil olmaqla, əksər hissəsinin onlara aid olduğu 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı, X4 və X10 verilməli, avtomaşının ½ hissə dəyərinin 2/5 hissəsi - 2000 (iki min) manatı isə Cavabdeh1 və Cavabdeh2 verilməli, 1500 manat dəyərində inəyin dəyərinin ½ hissəsinin-750 manatın 2/5 hissəsi -300 (üç yüz) manatı Cavabdeh1 və Cavabdeh2, öz payı da daxil olmaqla 1200 (bir min iki yüz) manatı isə İddiaçı, X8 və X10 verilməlidir. İddia tələbinin evə köçürülməyə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında münasibətlər 07.06.2012-ci ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın və ya qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30–cu maddəsinin tələbləri baxımından, İddiaçı uşaqları ilə birlikdə Cavabdeh1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində 0.0928 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yoxdur və o uşaqları ilə birlikdə həmin evə köçürülə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25 fevral 2021-ci ildə ölmüş X1 miras qalmış əmlak-10000 (on min) manat dəyərində 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi və 1500 manat dəyərində bir baş inəyin ½ hissəsi onun birinci növbəli vərəsələri- Cavabdeh1, Cavabdeh2, İddiaçı qızı, X16 qızı və X17 oğlunun arasında payları bərabər olmaqla bölünməli, 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı qızına, X4 və X10 verilsin, avtomaşının dəyərinin 2000 (iki min) manatı Cavabdeh1 və Cavabdeh2 verilməli, 1500 manat dəyərində inəyin dəyərinin 300 (üç yüz) manatı Cavabdeh1 və Cavabdeh2, 1200 (bir min iki yüz) manatı İddiaçı, X8 və X10 verilməlidir. İddia tələbi evə köçürülməyə aid hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia qismən təmin edilsin. 25 fevral 2021-ci ildə ölmüş X1 miras qalmış əmlak-10000 (on min) manat dəyərində 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi və 1500 manat dəyərində bir baş inəyin ½ hissəsi onun birinci növbəli vərəsələri-Cavabdeh1,Cavabdeh2, İddiaçı, X8 və X7 arasında payları bərabər olmaqla bölünsün. 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı, X4 və X10 verilsin, avtomaşının dəyərinin 2000 (iki min) manatı Cavabdeh1 və Cavabdeh2 verilsin. 1500 manat dəyərində inəyin dəyərinin 300 (üç yüz) manatı Cavabdeh1 və Cavabdeh2, 1200 (bir min iki yüz) manatı İddiaçı, X8 və X10 verilsin. İddia tələbi evə köçürülməyə aid hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-912/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-912/2021
08.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver