Məhkəmə qərarları › İş №2(019)-92/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-92/2022

18.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-92/2022 18.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Sarıbulaq kəndində yaşayırlar, kənd təsərrüfatı ilə məşğul olurlar.Ona və ailə üzvləri olan İddiaçı2, X3, X4, X5 Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir.Həmin torpaq sahəsinin 12841.00 kv/m hissəsi çöl sahəsindən, 4815.87 kv/m sahəsi isə həyətyanı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. Balakən rayonu Sarıbulaq kənd sakini olan qonşusu Cavabdeh JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 353Q planşet nömrəsi ilə verilmiş 4815.87 kv/m torpaq sahəsinin 0.09 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir.Dəfələrlə Cavabdeh torpaq sahəsini boşaltmasını tələb etsə də, sonuncu torpaq sahəsini zəbt etməkdə davam edir.Hazırda da həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur.Cavabdehə həmin torpaq sahəsini boşaltması, torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın və darvazanın çıxarılması ilə bağlı müraciət etsə də, cavabdeh torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Torpaq sahəsindən çıxması ilə əlaqədar cavabdehə dəfələrlə müraciət etmiş, bunun heç bir nəticəsi olmamışdır. O,Balakən rayon Polis Şöbəsinə müraciət etmiş, orada isə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Buna görə də o, göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki,o,1989-cu ildən Balakən rayon Sarıbulaq kəndində yaşayır. 1989-cu ildən 1993-cü ilə kimi hazırda qaldığı evdə kirayədə yaşamışlar, 2005-ci ildə isə evin mülkiyyətçisindən həmin evi torpaq sahəsi ilə birlikdə notarial qaydada müqavilə bağlamaqla almışlar.Yaşadığı ev və həyətyanı torpaq sahəsi 1989-cu ildən hal-hazıradək olduğu kimi qalır. Kiminsə torpağını zəbt etməmişdir. Bunları əvvəlki ev sahibi də təsdiq edə bilər. 2017-ci ildə hansı isə ölçmə işləri aparılarkən məlum olmuşdur ki, onun həyətyanı torpaq sahəsinin neçəsə sot hissəsi qonşuya aiddir. Həmin ərazi kolxozun dövründə kübrə navesi olan yer olmuşdur. Oradakı abadlıq işlərini ailəlikcə onlar aparmışlar, vergilərini vaxtında ödəmişlər. Torpağı o qədər xərc çəkməyinə baxmayaraq hələdə münbitləşdirə bilməmişdir.26 oktyabr 2017-ci ildə onu Sarıbulaq bələdiyyəsi və Sarıbulaq İcra Nümayəndəliyinə çağırmışlar.Bildirmişlər ki, qonşu İddiaçı2 ya torpağı, ya da pulunun verilməsini (kənddə torpağın sotu neçiyədirsə) istəyir.Həmin vaxt o, İddiaçı2la razılığa gəlmişlər.Yusif bildirmişdir ki, torpağı kol- kosdan təmizlədiyi, münbitləşirdiyi üçün bələdiyyədə olan vergiləri ödəmək şərti ilə 400 (dörd yüz) manata torpağı birdəfəlik ona verir. Malını dəyər-dəyməzə satıb iddiaçıya 400 (dörd yüz) manat pul vermiş, hər ehtimala qarşı bələdiyyənin, İcra nümayəndəliyinin və özlərinin ailə üzvlərinin iştirakı ilə 400 (dörd yüz) manatı aldıqları,torpağın ona birdəfəlik satılması barədə akt tərtib etmişlər.Bir neçə ay keçdikdən sonra sənədin notarial qaydada təsdiq olunması barədə iddiaçıya müraciət etmışdir. Həmin vaxt iddiaçı ailədə 2 nəfərin vəsiqəsinin vaxtı bitdiyini ona bildirmişdir.Şəxsiyyət vəsiqəsini dəyişdirdikdən sonra notariusa gedəcəklərini bildirmişdir. 3 may 2021-ci il tarixdə yenidən bələdiyyə və İcra nümayəndəliyi onu çağıraraq bildirmişlər ki, iddiaçı gəlib ya torpağı, ya da 300 ( üç yüz) manat istəyir. O, imkanı olmadığını və nəyə görə ikinci dəfə pul verməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı Polis Şöbəsinə şikayət etmiş,sonra isə məhkəmədə iddia qaldırmışdır.Heç kimin torpağını zəbt etməmişdir, torpaq üstündə aralarında heç bir qərəzli hərəkət və qəsd olmamışdır.İddiaçı yalan məlumat verir.İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayət hadisəsi olmadığına görə vət. İddiaçı1 şikayəti əsasında toplanmış HK-1-742 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət İddiaçı1 məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-353, KOD 40112018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1 Qafur qızına, X3, X4,X6 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.77 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli **********60 nömrəli mütəxəssis rəyindən görünür ki,Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsus 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 353Q cizgisində göstərilən 0.48 hektar hissəsinin naturada ölçüləri 0.48 hektar olmaqla hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının mübahisəli ərazisi 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin 0.09 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin daxilində yerləşən cavabdeh tərəfindən naturada istifadə olunan 0.09 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 14 aprel 2022-ci il tarixdə verilmiş 10/2224 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən,Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsus 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 353Q cizgisində göstərilən 0.48 hektar hissəsinin naturada ölçüləri 0.48 hektar olmaqla hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən olundu. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsus 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin 0.09 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olundu. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1 Qafur qızına, X3, X4, X5 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.77 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinin 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən uzun müddətdir ki, Cavabdeh heç bir hüququ olmadan istifadə edir və iddiaçının oradan istifadə etməsinə imkan vermir. Nəticədə iddiaçılar xüsusi mülkiyyətlərində olan 0.09 ha torpaq sahəsindən istifadə edə bilmirlər, oların mülkiyyət hüququ pozulur.Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə mübahisə predmeti olan 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin 0.09 ha hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olmasını, Cavabdeh heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etməsini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onların mülkiyyət hüququnun pozulmasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mübahisəli torpaq sahəsinin ona satılması barədə Cavabdeh etirazı ilə bağlı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu,öhdəliklər,məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.Cavabdeh mübahisəli torpaq sahəsini iddiaçılardan aldığını bildirsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ona görə də məhkəmə cavabdehin bu etirazını əsaslı hesab etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan,Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalı,onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilməsini,torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə 311 manat xərcin iddiaçılar tərəfindən ödənməsini nəzərə alaraq məhkəmə hesab edir ki,Cavabdeh iddiaçılar tərəfindən ödənmiş 30 manat dövlət rüsumu xərci və torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə ödənmiş 311 manat xərc tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 (əlli) manat ekspertiza xərci isə tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********,X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan,Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılsın. Cavabdeh həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun. Cavabdeh 30 manat dövlət rüsumu xərci və torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə ödənmiş 311 manat xərc tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005;VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar