Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1064/2023 09.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsevar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Beyləqan rayon, Mil qəsəbəsi ev 5, mənzil 11-də yerləşən mülkiyyətində olan ümumi sahəsi 46,54 kv.m fərdi yaşayış evində yalnız pasport qeydiyyatında olan cavabdeh-Cavabdeh onun fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan rayon, Mil qəsəbəsi ev 5, mənzil 11-də mülkiyyətində olan ümumi sahəsi 46,54 kv.m fərdi yaşayış evi vardır. İddiaçıya məxsus yaşayış evi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrİ Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********11-05101, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 3 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda mülkiyyətində olan ümumi sahəsiümumi sahəsi 46,54 kv.m fərdi yaşayış evində iddiaçının ailə üzvü sayılmayan keçmiş əri Cavabdeh pasport qeydiyyatındadırlar. Cavabdeh iddiaçının fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması üçün əvvəlcə onların iddiaçının mənzilindən istifadə hüquqlarına xitam verilməsi lazımdır. Odur ki, Beyləqan rayon, Mil qəsəbəsi ev 5, mənzil 11-də yerləşən mülkiyyətində olan ümumi sahəsi 46,54 kv.m fərdi yaşayış evində yalnız pasport qeydiyyatında olan cavabdeh-Cavabdeh onun fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində iddianı qəbul etdiyini və məxsus mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmdiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə həmin cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********11-05101, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Beyləqan rayon, Mil qəsəbəsi ev 5, mənzil 11-də yerləşən mülkiyyətində olan ümumi sahəsi 46,54 kv.m fərdi yaşayış evi 3 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdehlər Qənbərov X1 rayon, Mil qəsəbəsi ev 5, mənzil 11-də qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüququna xitam verilməsi əsaslıdır və ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırmalı və məhkəmə aktında əsaslandırmalıdır”. Qeyd edilən qərarın əsaslandırıcı hissəsində plenum qeyd edir ki, “qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır”. Plenum daha sonra qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitutsiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq menasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitutsiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilməklə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tətbiq olunmalı və məhkəmənin müvafiq qərarı ilə əsaslandırılmalıdır”. Qeyd edilən qərarın əsaslandırıcı hissəsində daha sonra qeyd edilir ki, “Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi, üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.)” həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 262-ci maddəsinə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləmnin 78.1-ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə və Azərbyacan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Beyləqan rayon, Mil qəsəbəsi ev 5, mənzil 11-də yerləşən mülkiyyətində olan ümumi sahəsi 46,54 kv.m fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1064/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1064/2023
09.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver