Məhkəmə qərarları › İş №2(020)-1067/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1067/2023

28.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1067/2023 28.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı 2.54 ha çöl torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabeh Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan 2.54 ha hektar pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini əsaslandıraraq izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli Qərarı ilə ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yerləşən pay torpaq sahələrindən 2.54 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi «Torpağa mülkiyyət hüququna dair» JN-113, KOD 60700068 saylı dövlət aktı ilə rəsmləşdirilmişdir. Cavabdeh ilə həmkəndli olaraq yaxın münasibəti olmuş, 2012-ci ilin oktyabr aylarında ailə üzvlərinə məxsus olan sözügedən torpaq sahəsinin 1 hektarını aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh həmin vaxtı pulla 20 (iyirmi) şirvana 10 (on) il müddətinə icarəyə vermişlər. Aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh 2022-ci ilin oktyabr ayında icarə müddəti başa çatdığından torpağı onlara təhvil verməli idi. Lakin 2022-ci ilin oktyabr ayından bugünədək Cavabdeh dəfələrlə şəxsi mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağını bildirsələr də Cavabdeh sözügedən torpaq sahəsindən çıxmır və həmin torpaqlarını qanunsuz zəbt etməklə istifadə edir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpaqlarını geri qaytarmağı bildirsə də cavabdeh ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərinə davam edir. Hazırda cavabdeh onların torpağını boşaltmaqdan imtina edir. Belə ki, qeyri-qanuni olaraq ailə üzvlərinə məxsus pay torpaq sahələrini zəbt edir və həmin torpaqdan istifadə etməklə yanaşı qazanc əldə edir. O, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara müraciət etmişdir. Lakin onun müraciətləri heç bir nəticə verməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabeh Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan 2.54 ha hektar pay torpaq sahəsinin 1 ha hissəsindən məcburi qaydada çıxarılması və onun tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına izahat verən digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 də eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyıətində olan 2,54 ha çöl torpaq sahəsini 1 hektarını Həsənov Nadirlə 2006-cı ildə şərikli almışlar və şərikli də istifadə etmişlər. 2020-ci ildən isə aralarında olan razılaşma ilə həmin torpaq sahəsini Həsənov Nadir tək istifadə edir. Onlar sözügedən 1 ha torpaq sahəsini 30 baş balalı qoyun verərək birdəfəlik almışlar. Aralarında razılaşmışlar ki, o kəndin yaxınlığında 1,5 ha torpaq aldıqdan sonra torpağın qalan hissəsini də onlara satacaq və ondan sonra bütün sahəni birdəfəlik sənədləşdirəcəkdir. Lakin satılıq torpaq sahəsi tapa bilmədiyinə görə torpağın qalan 1,54 ha hissəsini iddiaçı özü istifadə etmişdir. Hazırda iddiaçılara verilənn pulun tələbi ilə bağlı iddia qaldırmışdır. Ona görə də, iddianın rədd edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan JN-113, KOD 60700068 saylı dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli Qərarı ilə iddiaçılara yaşadıqları Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yerləşən pay torpaq sahələrindən 2.54 hektar torpaq sahəsi verilmişdir. İşdə olan iddiaçılara məxsus şəxsiyyət vəsiqəsinin surətlərində onlar Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyata alınmaqla həmin kənddə yaşayırlar. İş materiallarına əlavə edilmiş şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, iş üzrə Cavabdeh Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilən qəbzdən görünür ki, iddiaçılar hazırkı iddianın verilməsi ilə bağlı "xxxx" ASC vasitəsilə 100 manat pul ödəmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli Qərarı ilə iddiaçılara yaşadıqları Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində 2.54 hektar pay torpaq sahəsi verilmişdir. İddaçılar həmin torpaq sahəsinin 1 hektarını Cavabdeh istifadə üçün vermişdir. Həmin torpaq səhəsindən hal-hazırda cavabdeh istifadə edir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə müəyyən edildi ki, iddiaçılar mülkiyyətlərində olan 1,54 ha torpaq sahəsindən hal-hazırda özləri istifadə edirlər. Torpaq sahəsinin bir hissəsini isə aralarında olan razılaşmaya əsasən Cavabdeh istifadə edir. Lakin tərəflər arasında həmin mübahisəli torpaq sahəsinin alqısatqısına və ya icarəsinə dair qanunla müəyyən edilmiş qaydada heç bir müqavilə olması müəyyən edilməmişdir. Həmçinin iş üzrə cavabdeh iddiaçıdan pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırdığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia qismən təmin edilməli, iddiaçılara Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli Qərarına əsasən JN-113, KOD 60700068 saylı Dövlət aktı ilə verilmiş 2, 54 ha torpaq sahəsinin 1 ha hissəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi ilə bağlı iddiaçılara törədilən maneələr aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli Qərarına əsasən JN-113, KOD 60700068 saylı Dövlət aktı ilə verilmiş 2, 54 ha torpaq sahəsinin 1 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi ilə bağlı iddiaçılarıa törədilən maneələr aradan qaldırılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar