Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1154/2023 23.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, İclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi Cavabdeh2 qarşı işə bərpa olunması barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək işə bərpa olunması barədə iddia ərizəsi verərək 16 iyul 2021-ci il tarixli bağlanmış əmək müqaviləsinin 20 fevral 2023-cü ildə 307 nömrəli əmrlə dəyişdirilməsi və xitam verilməsinə dair Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-in 01 Mart 2023-ci il 375 nömrəli əmrləri ləğv edilərək onu Beyləqan rayon mərkəzi xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarasılmasını və eyni zamanda Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-in direktorunun əməlində vəzifə səlahiyyətlərində sui-istifadə və vəzifə səlahiyyətlərini aşma hallarına yol verdiyi müəyyən edildiyində barələrində ayrı-ayrılıqda xüsusi qərardad çıxararaq baxılması üçün aidiyyəti prokurorluğa göndərəsilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 16 iyul 2021-ci il tarixli 145 nömrəli əmrlə müddətli müqavilə əsasında Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-in laboratoriya şöbəsinə orta ixtisas laborant təhsili nəzərə alınaraq ərizəsi əsasında xx.xx.2025-ci ilə qədər 1.0 oklad laborant vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir nöqsana yol vermədən işinin öhdəsindən lazımı qaydada gəlmişdir. Təxminən 2 ilə yaxın müddət ərzində tutduğu vəzifədə işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli 307 nömrəli əmrlə Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-i laboratoriya şöbəsində laborant vəzifəsindən heç bir əsas gətirmədən və xəbəri olmadan onu anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində xadimə vəzifəsinə təyin etmişdir. Təbii ki, yol verilmiş qanun pozuntusuna biganə qala bilməzdi o səbəbdən xx.xx.2023-cü il tarixdə Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-in direktoruna rəsmi qaydada etiraz ərizəsi ünvanlamışdır. Etiraz ərizəsindən qərəzli qalan Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-i 01.03 2023-cü il tarixdə 375 nömrəli əmrlə iştirakı olmadan birtərəfli və qanunsuz olaraq əmək müqaviləsinə xitam vermişdir. Necə ola bilər ki, bu qədər qanunsuzluqlar bir yana onu işdən azad ediblər. O, sözü gedən qanunsuzluğu öyrəndikdən sonra dəfələrlə şifahi müraciət edəndən sonra bir əmək müqaviləsi əldə etmişdir və xx.xx.2023-cü ildə isə poçt vasitəsilə əmək kitabçası ünvanına göndərilmişdir. Daha sonra əldə etdiyi əmək müqaviləsinə baxdıqda görmüşdür ki, imza ona məxsus deyil, onun müqaviləsinə müdaxilə edilərək saxtalaşdırılmışdır. O elektron hökumət portalına daxil olub elektron əmək müqaviləsinə baxanda gördüklərinə yenə inanmamışdır, elektron əmək müqaviləsinin bitmə tarixi xx.xx.2025-ci ilə qədər qeyd olunub, lakin ona verilən əmək müqaviləsində bu tarix 3 aylıq göstərilib. Bundan əlavə ona verilən əmək kitabçasında iş yerinin qanunsuz olaraq dəyişdirilməsi xx.xx.2023-cü il qeyd olunsa da elektron əmək müqaviləsində bu tarix xx.xx.2023-cü il kimi qeyd olunub. O, Kapital Bank ASC-nin Beyləqan rayon filialından xx.xx.2021-ci il tarixdə 60 ay müddətə GTKR4582219A140 müqavilə nömrəsi ilə kredit götürmüş. Əmək müqaviləsi üç ay müddətə bağlanmış olsa idi bank mütəxəssisi riskləri dəyərləndirər və adına uzun müddətli kredit rəsmiləşdirilməzdi. Onun iştirakı olmadan Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-in direktoru qanunsuz olaraq müqaviləni dəyişdirərək üç aylıq müddətli etmişdir. Necə ola bilər ki, razılığı olmadan üç gün ərzində həm iş yeri dəyişdirilsin sonra isə işdən azad olunsun. Beyləqan rayon xəstəxanasının PHŞ-in direktoru marağı nə idi ki, qərəzli qalaraq onu işindən qanunsuz olaraq azad etmişdir. O, xx.xx.2023-cü il tarixə qədər iş yerində olmuş və müraciət edən xəstələrdən laborator analizlər götürərək rəsmi qeydiyyata almışdır. İşdən azad olunmağınla bağlı verilən əmr cəfəngiyatdır, yalan üzərində tərtib edilib və cəfəngiyatdan başqa bir şey deyildir. Sözü gedən müddətli müqavilə, iş yerinin qanunsuz dəyişdirilməsi və onun əsasında çıxarılmış əmrlər ləğv edilməli və o işinə yenidən bərpa olunmalıdır. Ona görə də 16 iyul 2021-ci il tarixli bağlanmış əmək müqaviləsinin 20 fevral 2023-cü ildə 307 nömrəli əmrlə dəyişdirilməsi və xitam verilməsinə dair Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-in 01 Mart 2023-ci il 375 nömrəli əmrləri ləğv edilərək onu Beyləqan rayon mərkəzi xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Beyləqan rayon mərkəzi xəstəxanası məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ifadəsin dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 16 iyul 2021-ci il tarixli 145 nömrəli əmrin 2-ci paraqrafına əsasən Beyləqan rayon Mərkəzi Xəstəxanası 3 (üç) ay müddətinə müvəqqəti olaraq labarat təyin edilmiş və 20 fevral 2023-cü ildə 307 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 6-cı hissələrinin tələbinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən– iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış əmək müqaviləsinə 20 fevral 2023-ci il tarixli 307 nömrəli əmri ilə xitam edilmişdir. İddiaçı bəzi instansiyalara şikayət məzmunlu ərizələr ünvanlamış, lakin ona bu barədə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona işdən çıxarılması barədə əmrin surətinin hansı tarixdə verilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarınada aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci və 3-cü bəndlərinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin maddənin 2 və 3-cü bəndlərinin tələbinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada—təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə qanunvericiliyin göstərilən müddəaları öz əksini tapmamış, işçi ilə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası, nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. İddiaçı işdən azad olunmasına dair əmrdə onun öz ərizəsinə əsasən işdən azad edildiyi göstərilmişdir. Lakin iş materiallarında İddiaçı işdən azad olunması üçün ərizə verdiyi müəyyən edilməmiş, ümumiyyətlə belə bir ərizə olmamışdır. Məhkəmə iclasında iddiaçı Gültəkiun Əliyeva işdən azad olunması ilə bağlı ərizə vermədiyini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1 və 2-ci bəndlərinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam edilir. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin c bəndinin tələbinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddənin 1-ci bəndinə görə isə Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Məhkəmədə müəyyən edildi ki, işə götürən tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsində göstərilən tələblərə riayət olunmamış, iddiaçı işdən çıxmaq barədə ərizə vermədiyi halda ərizə verməsi əsası ilə onu qanunsuz olaraq işdən azad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və Vİİİ hissələrinin tələbinə görə əmək fərdi və ictimai rufahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər hansı bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, Qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etdiyi sənədlərlə kifayət qədər sübuta yetirmiş, həmçinin onun iddiasının əsası tərəflərin məhkəmə iclasındakı izahatları ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə görə əgər, işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işə götürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə hesab edir ki, Beyləqan rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin 20 fevral 2023-cü il tarixli, 307saylı əmri ləğv edilməli, Əliyeva X1 rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməli, İddiaçı 20 fevral 2023-cü il tarixdən məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən ona ödənilməidir. Şərh olunanlara əsasən və Azərbaycan respublikasi MPM-nin 213-220-ci, 222-233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Beyləqan rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin İddiaçı barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmri ləğv edilsin. Əliyeva X1 rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilsin. 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb İddiaçı ödənilsin. Qətnamədən tərəflər onun surətini aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1154/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1154/2023
23.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver