Məhkəmə qərarları › İş №2(020)-13/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-13/2025

14.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-13/2025 14.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin cavabdehin hesabına sökülməklə torpağın əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsindən çıxarılma, qanunsuz sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi, mülkiyyətə (evə və torpaq sahəsinə) olan qanunsuz müdaxilələrin qadağan edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, qeydiyat tarixi xx.xx.2019-cu il olan Çıxarışla mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin bir hissəsini zəbt etməklə qanunsuz inşa etdiyi tikililərin onun hesabına sökülməklə əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsindən çıxarılması, sökülmüş daş hasarın onun hesabına bərpa edilməklə, həmin torpaq sahəsinə və orada yerləşən yaşayış evinə qanunsuz müdaxilənin qadağan edilməsi, hüquqi yardım üçün ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 101 manat pulun, cəmi 201 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində daşınmaz əmlakın reyestr nömrəsi **********97-10301 qeydiyyat nömrəsi ********** qeydiyat tarixi xx.xx.2019 olan Çıxarışla 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.0 kv.m sahəsi olan daşınmaz əmlak - ev onun xüsusi mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin qonşuluğunda yerləşən onun ata evində yaşayan bacısı Cavabdeh onun daş hasarını sökərək, onun mülkiyyətində olan torpaq sahəsinə daxil olmuş, orada çirkab suların və kanalizasiya sularının axıdılması üçün daşdan anbar tikmişdir. Həmin anbarın tikilməsi üçün onun heç bir icazəsin almamış, etiraz etməsinə baxmayaraq o, evdə olmayan vaxtı daş hasarı təxminən 10-15 metr məsafədə uçuraraq avtomobillə onun mülkiyyətində olan torpaq sahəsinə daxil olmuş, daş hasarı uçurmaqla ona maddi ziyan vurmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq, həmin torpaq sahəsini zəbtdən azad etməmiş, hasarı əvvəlki vəziyyətinə bərpa etməmiş, qanunsuz tikililərini davam etdirərək başa çatdırmışdır. Eyni zamanda ailə üzvləri evdə olmayan vaxtı qanusuz olaraq həmin torpaqda yerləşən evinə daxil olaraq, evdən mebel hissələrini və digər əşyaları aparmışdır. Onun mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evinə daxil olmaması barədə tələblərinə məhəl qoymadığına görə o, mülkiyyət hüququnu qəsdən qorumaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericilikdə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Ona dəymiş zərərin ödənilməsi üçün məhkəmədə qaldırdığı iddiaya görə hüquqi yardım üçün 100 manat, dövlət rüsumu üçün 101 manat pul ödəmişdir, hesab edir ki, həmin məbləğlər də cavabdehdən alınıb ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, həmin torpaq sahəsini almaq məqsədi ilə İddiaçı oğluna pul vermiş, lakin onlar onun verdiyi pul hesabına alınmış torpaq sahəsini və evi vermək istəmirlər. O, həmin torpaq sahəsində ancaq toyuq üçün hin tikmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, o, iddiaçını mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə etməyə icazə vermir, çünki həmin evin pulu onun tərəfindən iddiaçının oğluna verilmiş və o, hal-hazırda həmin evə görə vermiş olduğu pulun tutulmasına dair iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının X3 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən ümumi sahəsi 63 kv.m olan fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 22 noyabr 2019-cu il tarixdə 29 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində **********5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2025-ci il tarixli, 10/9010 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonu İ Şahsevən kəndinin ərazisində yerləşən 0.10 ha həyəyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh X2 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonu İ Şahsevən kəndinin ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi cavabdeh X2 tərəfindən istifadə edilir. Cavabdeh X2 torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədiyi üçün ona məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən, 0,10 ha torpaq sahəsinin bir hissəsini zəbt etməklə qanunsuz inşa etdiyi tikililərin onun hesabına sökülməklə əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsindən çıxarılması, sökülmüş daş hasarın onun hesabına bərpa edilməklə, həmin torpaq sahəsinə və orada yerləşən yaşayış evinə qanunsuz müdaxilənin qadağan edilməsini tələb edir, cavabdeh tərəf isə iddianı qəbul etmədiyini, həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin onun verdiyi pul hesabına alındığını və ona məxsus olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu 1ci Şahsevən kəndində yerləşən, 0.10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə keçilmiş məhkəmə ekspertizasının rəyi və eləcə də tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi hal-hazırda cavabdeh X2 tərəfindən istifadə edilir və sonuncu tərəfindən həmin torpaq sahəsində toyuq hini tikilmişdir. Cavabdehin isə həmin torpaq sahəsindən və fərdi yaşayış evindən mülkiyyətçi olan iddiaçının razılığı olmadan istifadə etməsi, orada toyuq hini tikməsi və iddiaçının həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadəsinə maneçilik törətməsi, sonuncunun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Məhkəmə iddiaçının “sökülmüş daş hasarın cavabdehin hesabına bərpa edilməsi” ilə bağlı iddia tələbi ilə əlaqədar isə qeyd edir ki, iddiaçı tərəf cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində yerləşən daş hasarı sökməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, qeydiyat tarixi xx.xx.2019-cu il olan Çıxarışla İddiaçı mülkiyyətində olan 0,10 ha torpaq sahəsində cavabdeh X2 tərəfindən inşa edilmiş tikililər onun hesabına sökülməklə, əvvəlki vəziyyətə gətirilməli, torpaq sahəsindən çıxarılmalı və cavabdeh tərəfindən həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə qanunsuz müdaxilə qadağan edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınıb İddiaçı verilməli, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manatın 30 manatı Cavabdeh, 20 manatı İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda iddiaçı hüquqi yardım üçün ödədiyi 100 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, hüquqi yardım üçün 100 manat ödənilməsinə dair sübutları ( ödəniş qəbzini və s.) məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışla İddiaçı mülkiyyətində olan 0,10 ha torpaq sahəsində cavabdeh X2 tərəfindən inşa edilmiş tikililər onun hesabına sökülməklə, əvvəlki vəziyyətə gətirilsin, torpaq sahəsindən çıxarılsın və cavabdeh X2 tərəfindən həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə qanunsuz müdaxilə qadağan edilsin. İddi qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı alınıb İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 30 (otuz) manatı cavabdeh X1, 20 (iyirmi) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar