Məhkəmə qərarları › İş №2(020)-1849/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1849/2025

04.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1849/2025 04.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçı X6, Cavabdeh, psixoloq X5 iştirakları ilə, İddiaçı Quliyeva (İmanova) Sevil Şirxan qızının Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı X6 Cavabdeh ilə 28 dekabr 2015-ci il tarixində nikaha daxil olmuş və onların nikahı Beyləqan rayon Qeydiyyat şöbəsində 150 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.

2. Tərəflərin birgə nikahlarından 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı övladları doğulmuşdur.

3. Beyləqan Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh ilə 28 dekabr 2015-ci il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində 150 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulmuşdur.

4. İddiaçı X6 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşaqlarının onun himayəsində saxlanılması və yetkinlik yaşına çatana kimi bir uşağa görə hər ay 300 manat məbləğində alimentin və dövlət rüsumu kimi ödəmiş olduğu 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

5. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 28 dekabr 2015-ci il tarixində nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahlarından 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və həmin gündən oğlu Səccad onun yanında qalmışdır. Odur ki, rəsmi olaraq övladının onun yanında saxlanılması daha məqsədəmüvafiqdir. Bundan başqa, cavabdeh ona heç bir maddi köməklik göstərməmişdir. Eyni zamanda hazırda o, heç bir yerdə işləmir və uşğın təlabatı günügündən artır. Cavabdehin mütləq maddi yardımı lazmdır.

Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən yazımış etiraz ərizəsində iddiaçının aliment tələbinə dair iddiasının qismən təmin edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

7. İddiaçı məhkəmə iclasında 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşaqlarının onun himayəsində saxlanılmasını deyərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşaqlarının anasının himayəsində saxlanılmasına etiraz etmədiyini və iddia ərizəsinin qismən təmin olunmasını hər ay 220 manat aliment ödəyə biləcəyini qeyd etmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad anasının himayəsində saxlanılmasını xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

10. İş materiallarında olan nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, iddiaçı X6 Cavabdeh ilə 28 dekabr 2015-ci il tarixində nikaha daxil olmuş və onların nikahı Beyləqan rayon Qeydiyyat şöbəsində 150 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.

11. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh ilə 28 dekabr 2015-ci il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində 150 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulmuşdur.

12. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 avqust 2023-ci il tarixli, MŞC/1/01053 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı uşağın himayəsində saxlanılması və aliment tələbi ilə mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən sözügedən arayış iddiaçıya təqdim edilmişdir.

13. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 04 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, o, 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşaqlarının anasının himayəsində saxlanılması etiraz etməmiş və hər ay 220 manat aliment ödəyə biləcəyini qeyd etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. - Maddə 34. İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

15. Beynəlxalq hüquqi aktlar: BMT-nin 1966-cı il 19 dekabr tarixli 2200 A (XXİ) nömrəli Qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” Maddə 10.1. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Avropa İnsan Hüquqları Konvensiyası: Maddə 5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”sı: - Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. - Maddə 18. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağınənyaxşımənafeyionlarınəsasqayğıobyektidir. - Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): Maddə 22.2.2. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. - 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

17. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

19. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

20. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2024-cü il tarixli Sərəncamı: Bənd 1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli: - Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “Nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbi, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının himayəsində qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8- 2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli: - 8. Məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-in 36.3-cü maddəsi). - 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. - 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. - 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). - 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin, nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. - 13. Məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Ər-arvaddan biri nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbina etiraz etdiyi halda qətnamənin əsaslandırıcı hissəsində ailənin qorunub saxlanmasının qeyri-mümkünlüyü, onun dağılmasının səbəbləri göstərilməlidir. İddia təmin olunduqda məhkəmənin hər bir tələb üzrə gəldiyi nəticə qətnamənin nəticə hissəsində öz əksini tapmalıdır. Qətnamənin bu hissəsində həmçinin nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi). - 14. Ailə Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə əsasən nikah məhkəmə qaydasında pozulduqda bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Bu hal Ailə Məcəlləsinin 23.1-ci maddəsinin qüvvəyə mindiyi 1 iyun 2000-ci ilədək olan dövrdə məhkəmə qaydasında pozulmuş nikahlara şamil olunmur. 1 iyun 2000-ci ilədək olan dövrdə məhkəmə qaydasında pozulmuş nikahlar nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında dövlət qeydiyyatına alındığı vaxtdan xitam edilmiş hesab olunur. Müvafiq icra hakimiyyəti orqanında pozulmuş nikah onun 1 iyun 2000-ci ildən əvvəl, yaxud sonra pozulmasından asılı olmayaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında dövlət qeydiyyatına alındığı vaxtdan xitam olunmuş sayılır.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, iddiaçının mövqeyini və cavabdehin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

24. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları iddiaçının himayəsində qalmalıdır.

25. Qanunvericilikdə valideynlər ayrı yaşadıqları halda uşaqların yaşayış yerinin müəyyən edilməsinin iki qaydası nəzrədə tutulmuşdur: birincisi, valideynlərin razılığı ilə onlardan birinin himayəsində qalmaqla; ikincisi, məhkəmə tərəfindən. Bu qayda uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında razılıq olmadıqda mümkündür. Bu zaman məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

26. Hazırkı iddia üzrə uşaqların yaşayış yeri ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Odur ki, məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşağın hal-hazırda iddiaçının himayəsində olmasını, onun anasının himayəsində saxlanılmasına maneə ola biləcək halların müəyyən edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, uşağın faktiki vəziyyətə uyğun olaraq iddiaçının himayəsində saxlanılması daha məqsədəuyğundur.

27. Məhkəmə, həmçinin hesab edir ki, iddia alimentin tutulması hissəsində qismən təmin edilməlidir.

28. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.

29. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasının 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur.

30. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

31. Odur ki, məhkəmə, həm birgə nikahdan doğulmuş uşağın maddi cəhətdən təmin olunması zəruriliyini, həm də cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat məbləğində aliment tutulmalı və həmin alimentin məbləği 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.

32. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

33. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,55 misli (220 manat məhkəmə tərəfindən müəyyən edilən aliment / 400 2025-ci il üzrə minimum əmək haqqı = 0,55) həddində tutulmalıdır.

34. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 13 oktyabr 2025-ci il tarixindən başlayaraq hesablanmalıdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikahdan doğulmuş 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşaq anası X2 himayəsində saxlanılmalı və 13 oktyabr 2025-ci ildən başlayaraq birgə nikahdan doğulmuş Səccad yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment Cavabdehdan tutularaq X3 ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 14, 76, 77, 88,216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşaq anası X2 himayəsində saxlanılsın. 13 oktyabr 2025-ci ildən başlayaraq birgə nikahdan doğulmuş 17 oktyabr 2016-cı il təvəllüdlü Səccad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq X3 ödənilsin. Ödənilmiş 60 manat mediasiya rüsumu və 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəs ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar