Məhkəmə qərarları › İş №2(020)-289/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-289/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-289/2025 29.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 4964 (dörd min doqquz yüz altmış dörd) manat məbləğində borcun və 1000 (bir min) manat mənəvi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, yaşadığı Binəqədi rayon, Sulutəpə qəsəbəsindəki evinin yaxınlığında Cavabdeh adlı qadın lombard işlətmişdir. O, Sevdanı 2023-cü ilin yanvar ayından tanımış və söhbət zamanı sonuncunun bankdan kreditə pul götürmək istədiyini, lakin borcu olduğu üçün bankın pul vermədiyini öyrənmişdir. O, Sevdaya evini təmir etdirmək üçün pula ehtiyacının olduğunu demiş və aralarında razılaşmışlar ki, Sevda zamin üçün ona tanışlarından tapsın, o da bankdan 10.000 manat pul götürüb öz aralarında bölsünlər və hərə ayrıayrılıqda banka ödənişləri etsinlər. Bu baxımdan Sevda əmisi qızı Aynurə və tanışı Təbriz adlı şəxsləri çağırmış və onlar birlikdə Xırdalan şəhərində yerləşən "Axcess Bank"a getmiş, onunla bank arasında bağlanmış müqavilə əsasında sonuncuların zaminliyi ilə bankdan 10.000 manat pulu kredit kimi götürmüş, Lombarda qayıdaraq həmin puldan 5000 manatını cavabdeh Sevdaya vermişdir. O, Sevda ilə bankdan götürülən puldan hərəsi 1000 manatını Təbrizə xahiş etdiyi üçün vermiş və sonuncu həmin pulun faizini banka ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, banka ödənişləri etsə də, Cavabdeh 2- 3 aydan başqa ödəniş etməmiş və pulu ödəməkdən imtina etmişdir. O, məcburiyyətdən həmin bankın borcunu tam olaraq başlamışdır. Hazırda Sevda ona 4964 manat ziyan vurmuşdur. Bundan sonra o, Bakı şəhər Binəqədi rayon polis şöbəsinə müraciət etmişdir, onların ifadələri alındıqdan sonra ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Sevda Qsımova ifadəsində göstərmişdir ki, "Müslüm Qafarov 10.000 manat pulu götürüb həmin günü onun yanına lombarda qayıtmışlar. Müslüm ona bankda 1000 manat xərci çıxdığını deyib 4500 manat pulu on vermişdir. Təbriz onlardan xahiş etmişdir ki, bankdan götürülən puldan hərəsi 1200 manat olmaqla, cəmi 2400 manat pul versinlər, özü banka ödənişləri edəcəkdir.Təbrizi düzgün adam kini tanıdığından, o tərəddüd etməmiş və Müslümlə birlikdə hərəsi 1200 manat pul lombarda Təbrizə vermişlər. O, sonrakı aydan başlayaraq, 2023-cü il ilin aprel ayına kimi 4 ay müdədtində 344 manat pıılu öz adından, 4 ay 200 manat olmaqla Təbrizin adından banka ödənişlər etmişlər. Sonrakı günlərdə banka ödəniş edə bilmədikdə Müslüm onun iş yerinə gəlməyə və bankın ödənişini etməyə başlamışdır”. Lakin cavabdehin ifadəsində göstərdiyi 4500 manatın və 1200 manatın tərəfindən Təbrizə verildiyi və 2023-cü il ilin aprel ayına kimi 4 ay müddətində 344 manat pulu öz adından, 4 ay 200 manat olmaqla Təbrizin adından banka ödənişlər etməsi həqiqəti əks etdirmir. Cavabdeh tərəfindən pul ona ödənilməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək, əvvəlcə ödəyəcəyini bildirsə də, lakin sonunda həmin pulu verməkdən imtina etmişdir. O, vəziyyəti anlayaraq bir az möhlət verərək özünə pul lazım olduğu üçün qısa müddətdə ona olan borcunun qaytarmasını xahiş etmişdir. Dəfələrlə cavabdehlə danışsalarda, pulunu tələb etmiş, lakin sonunda cavabdeh hara istəyirsiniz şikayət edin kimi, cavablar vermiş və ona pulu verməkdən imtina etmişdir. Əslində o, Təbrizi Sevdaya görə tanımış və Sevdanın sözü ilə ona pul vermişdir. Lakin həmin puldan ona qaytarılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Cavabdeh 4964 (dörd min doqquz yüz altmış dörd) manat məbləğində maddi ziyan və 1000 (bir min) manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək İddiaçı 3200 manat borclu olduğunu inkat etmədiyini, lakin heç yerdə işləmədiyi üçün və xəstə olduğunu nəzərə alaraq borcunu hər ay 50 manat olmaqla hissə-hissə ödəməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşə əlavə edilmiş müqavilədən görünür ki, İddiaçı “Axcess Bank"dan 25 faiz dərəcəsi ilə 10000 manat kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 11 noyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayında Sevda və Validə adlı qadınlar onu aldadaraq ümumilikdə 8.500 manat pulunu ələ keçirmələri barədə şikayəti üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış, istintaq materialları üzrə tərəflərin ifadələri alınmış, Azərbaycan Respublikası CM-nin 178.2.4- cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən xitam verilmiş, Cavabdeh və X2 İddiaçı bankdan və faizə götürülən pullara görə ödəniş etmədiklərinə görə əməllərinə cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüquq izah edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Cavabdeh ifadəsində göstərmişdir ki, “ 4-5 ildir Binəqədi rayonu Sulutəpə qəzəbəsində lombard işlədir. 2022-ci ilin noyabr ayında o, işlədiyi lombardın yaxınlığında yaşayan İddiaçıla tanış oimuş həmyerli kimi münasibətləri yaranmışdır. 2023-cü ilin yanvar ayında söhbət zamanı o, Müslümlə həmsöhbət olduqda borcları olduğu üçün bankdan kredit götürə bilmədiyini və ona rədd cavabı verdiklərini demişdir. Müslüm həmin vaxt evini təmir etdirdiyini və pula ehtiyacının olduğunu bildirmişdir. Razılaşmışlar ki, o, bankdan kredit götürülməsi üçün zaminləri tapsın, Müslüm də özünün adından bankdan kredit götürüb yarı məbləği ona versin. O. əmisi qızı Aynurə Məmmədovanı və daimi müştərisi olan Təbriz adlı şəxsi Müsliimlə tanış etmiş və sonuncuya bankda zamin duracaqlarını demişdir. Daha sonra Müslüm və digərləri Xırdalan şəhərində yerləşən Acses bankın filialına getmiş, sonuncu bankdan 10000 manat pulu götürüb həmin günü onun yanına lombarda qayıtmışlar. Müslüm ona bankda 1000 manat xərcinin çıxdığını deyib 4500 manat pulu ona vermişdir. Təbriz də onlardan xahiş etmişdir ki. bankdan götürülən puldan hərəsi 1200 manat olmaqla, cəmi ona 2400 manat pul versinlər, özü banka ödənişlərini edəcəkdir. Təbrizi düzgün adam kimi tanıdığından o, tərəddüd etməmiş, Müslümlə birlikdə hərəsi 1200 manat pulu lombardda Təbrizə vermişlər. O, sonrakı aydan başlayaraq 2023-cü ilin aprel ayına kimi 4 ay müddətində 344 manat pulu öz adından, 4 ay 200 manat olmaqla Təbrizin adından banka ödənişlər etmişdir. Sonrakı günlərdə banka ödəniş edə bilmədikdə Müslüm onun iş yerinə gəlməyə və bankın ödənişini tələb etməyə başlamışdır. O, da Mıislümə tanışı X3ma Kapital Bankdan 82000 manat kredit götürməsi 22000 manat pul verdiyini, sonuncunun əsas məbləğin üzərində ona əlavə 20000 manat pul verməsini vəd etdiyini bildirmişdir. O, Müslümdən xahiş etmişdir ki, Vahidədən pul alan kimi banka olan borcunu ödəyəcəkdir. Müslüm həmin vaxt onu Vahidə ilə tanış etməsini və düz danışırsa da bunu sonuncudan eşitmək istədiyini demişdir. O, da Vahidənin telefon nömrəsini Müslümə vermiş və sonradan sonuncular tanış olmuşlar. 2023-cü ilin may aynda o, 3 dəfə olmaqla Müslümə cəmi 600 manat pul vermişdir. 2024-cü ilin iyun ayında Müslüm ondan bankın pulunu ödəməyi istədikdə sonuncudan eşitmişdir ki, Vahidə onu aldadır və bankdan pul götürməyəcəkdir. Eyni zamanda Müslüm Vahidəyə görə kimdənsə 3000 manat faizə pul götürüb sonuncuya verdiyini, eləcə də Vahidənin onun qızı İlhaməni uşaq bağçasına işə düzəltmək adı ilə 1500 manat pul aldığını ona demişdir. O, sonradan Vahidə ilə görüşmüş və Müslümiin qızının uşaq bağçasına işə düzəltməsini soruşmuşdur. Vahidə də ona demişdir ki. bu işi görür və Müslümdən 1500 manat pul almışdır. O, bunu bildirkdən sonra 2024-cü ilin iyul ayında Vahidənin onu aldatmasına görə Binəqədi RPİ-nin 40- cı PB-nə barəsində şikayət etmişdir”. Məhkəmədə müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə borc olaraq pul verilmişdir. İddiaçı həmin məbləğin 5000 manat olduğunu göstərsə də, bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Cavabdeh isə həmin borc məbləğinin 4500 manat olduğunu etiraf etmişdir. İddiaçı borc məbləğinin 5000 manat olduğunu təsdiq edən sənəd təqdim edə bilmədiyindən məhkəmə bu barədə cavabdehin göstərdiyi borc məbləğini əsaslı hesab edir. Həmçinin Cavabdeh Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqinə verdiyi izahatında 4500 manat borcdan 1300 manatını qaytardığını, iddiaçının əvəzinə həmin puldan banka köçürdüyünü göstərsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı isə cavabdehin ona hissə-hissə 1200 manat pul qaytardığını məhkəmədə verdiyi izahatında etiraf etmişdir. Ona görə də bununla bağlı iddiaçının həmin etirafı əsaslı sayılmalı, cavabdehin borc götürdüyü puldan 1200 manat qaytardığını nəzərə alsaq onun iddiaçıya 3300 manat borcu qalmış olur. Həmçinin iddiaçı cavabdehin dediyinə görə Təbriz adlı şəxsə 1000 manat pul verdiyini göstərmiş və həmin pulu cavabdehin ona verməli olduğunu bildirərək həmin pulu tələb etmişdir. Məhkəmədə isə müəyyən edilmişdir ki, iddiaçı bankdan pulu götürdükdən sonra özü və cavabdeh hər biri ayrı-ayrılıqda Təbriz adlı şəxsə pul vermişlər. Belə olan halda iddiaçının həmin pulu cavabdehdən tələb etməsi əsaslı deyildir. O, müstəqil olaraq həmin tələblə bağlı Təbriz adlı şəxsə qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə Cavabdeh İddiaçı borc pul aldığı və həmin pul məbləğinin 4500 manat olması və həmin puldan cavabdehin 1200 manat iddiaçıya qaytarması, beləliklə cavabdehin iddiaçıya 3300 manat borclu qalması məhkəmə iclasında kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh borca görə 3300 manat alınıb İddiaçı verilməlidir. Lakin məhkəmə iddianın mənəvi zərərə görə 1000 manat pul tələbini əsaslı hesab etmir, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən dövlət rüsumuna görə 53 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 3300 (üç min üç yüz) manat alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 53 (əlli üç) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar