Məhkəmə qərarları › İş №2(020)-413/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-413/2024

15.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-413/2024 15.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun işə bərpa olunmağı və işdən uzaqlaşdırıldığı müddət ərzində verilməyən əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası X6n Mətbəx bölməsində bufetçi vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində heç bir nizam-intizam, qayda-qanun pozuntusuna yol verməmiş, miidriyyət tərəfindən hər hansı tənbeh almamışdır. xx.xx.2022-ci il tarixdə X6n direktorunun K-342 saylı əmri ilə vəzifəsi mətbəx bölməsində bufetçi vəzifəsindən pəhriz üzrə tibb bacısı vəzifəsinə dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi pəhriz üzrə tibb bacısı vəzifəsində işləmişdir. Pəhriz üzrə tibb bacısı vəzifəsində işlədiyi müddətdə də nizamintizam, qayda-qanun pozuntusuna yol verməmişdir. Barəsində heç bir tənbeh tədbiri qəbul edilməmişdir. xx.xx.2023-cü il tarixdə X6n direktorunun əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndini rəhbər tutaraq işçinin ixtisasının kifayət dərəcədə olmadığına görə işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə bufetçi vəzifəsində işlədiyi halda ixtisasının kifayət dərəcədə olub olmaması nəzərə alınmadan vəzifəsi dəyişdirilərək pəhriz üzrə tibb bacısı vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə bir il yarım işlədikdən, təcrübə qazandıqdan sonra isə ixtisasının kifayət dərəcədə olmaması əsas götürülərək əvvəlki vəzifəsinə qaytarılmadan işdən azad edilmişdir. Nəzərə alınmamışdır ki, bir il yarım iş təcrübəsi olması kifayət qədər ixtisas dərəcəsinin olması deməkdir. Cavabdeh Beyləqan MRX X6n direktorunun müvafiq əmri Əmək Məcəlləsinin pozulması ilə həyata keçirilmişdir. Bu barədə ƏƏSMN-nin X3 ərizə ilə müraciət etmiş, müraciətinə 17 yanvar 2024-cü il tarixdə cavab göndərilmiş və bildirilmişdir ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən barəsində verilən əmrlərdə İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin tələbləri pozulmuşdur. Buna görə xx.xx.2024-cü il tarixində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuna uyğun olaraq Mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh tərəf X2 iştirak etməmişdir. Həmçinin cavabdeh təşkilat hər dəfə onu işə qaytaracağına söz vermiş, lakin sözünə əməl etməmiş, onu işə qaytarmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X6”ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasınanümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini göndərmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Cavabdeh “Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X6”in direktoru məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, İddiaçı CavabdehNƏ qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı 08 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə) [tutduğu vəzifədən azad edilmiş və 5 (beş) ay sonra yəni, 31 yanvar 2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin (fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 -ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı iddia müddətini ötürmüşdür, ona görədə İddiaçı CavabdehNƏ qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 261 nömrəli əmrə əsasən Beyləqan Mərkəzi Rayon Xəstəxanası X6n Mətbəx bölməsində bufetçi vəzifəsinə vakant olduğu üçün 3 ay müddətinə 1,0 oklad mətbəx bölməsinin büfetçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə X6n direktorunun K-342 saylı əmri ilə vəzifəsi mətbəx bölməsində 1.0 oklad pəhriz üzrə tibb bacısı vəzifəsinə dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə PHŞ-in 6-29/3-1685/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB PHŞ "Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6n 08 avqust 2023-cü il tarixli PHŞ-6-29/3-1-685/2023 saylı əmrindən görünür ki, "Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6n Mətbəx bölməsində pəhrz üzrə tibb bacısı İddiaçı xx.xx.2023-cü il tarixində işçinin ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə "Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin Nizamnaməsi” nin 4.22.10-cu maddəsini rəhbər tutub Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndini rəhbər tutaraq əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xx.xx.2023-cü ıl tarixindən Mətbəx bölməsində pəhriz üzrə tibb bacıs X1 əmək müqaviləsinə xitam verilmiş, əmrdə Azərbaycan Respubikasının Əmək Məcəlləsinin 135-ci maddəsini rəhbər tutaraq 2023-cü ilin 7 ayının əmək məzuniyyətinin kompensasiyası hesablanıb son haqq-hesabı olaraq ödənilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mil-Muğan regional şöbəsinin Beyləqan şəhəri, N.Nərimanov 57 saylı ünvanında yaşayan İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-5/1-Ə-40441/2023 saylı müraciətindən görünür ki, siz xx.xx.2021-ci il tarixli K-580 nömrəli əmrlə Xəstəxananın Mətbəx bölməsinə bufetçi vəzifəsinə qəbul olunmuşunuz. İşəgötürənin xx.xx.2022-cü il tarixli K-342 saylı əmri ilə xx.xx.2022-ci il tarixdə Xəstəxananın Mətbəx bölməsindən pəhriz üzrə tibb bacısı vəzifəsinə keçirilmisiniz. Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. Araşdirma zamanı müəyyən edilmişdir ki, əmək müqavilənizə xx.xx.2023-cü il tarixdə xitam verilsədə Sizə düşən bütün ödənclər işdən çıxdığınız gün ödənilməmiş, xx.xx.2023-cü il tarixdə əmək haqqı kartınıza köçürülmüş, nəticədə əmək Məcəlləsinin 172.4-cü (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddəsinin tələbləri pozulmuşdur. Həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsində (bu maddənin “c” bəndində səlahiyyətli orqan dedikdə, praktik tibb və ya əzcaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin Attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir) nəzərdə tutulmuş qaydalara əməl edilmədən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Aşkar edilmiş pozuntulara əsasən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsində qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 261 nömrəli əmrə əsasən Beyləqan Mərkəzi Rayon Xəstəxanası X6n Mətbəx bölməsində bufetçi vəzifəsinə vakant olduğu üçün 3 ay müddətinə 1,0 oklad mətbəx bölməsinin büfetçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə X6n direktorunun K-342 saylı əmri ilə vəzifəsi mətbəx bölməsində 1.0 oklad pəhriz üzrə tibb bacısı vəzifəsinə dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə PHŞ-in 6-29/3-1685/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci hissəsinə görə Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsinə görə şəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə iclasına müəyyən olundu ki, İddiaçı hazırkı tələbi üzrə iddiası Beyləqan Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmədə müəyyən edildi ki, iddiaçı tərəfindən qanunda nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəməyə ərizə göndərərək iddia müddətinin keçməsini də mübahisələndirmiş və bununla əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər hansı bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, Qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin araşdırılmış hallarına hüquqi cəhətdən qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh- Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X6”nə qarşı işə bərpa olunmağı və əmək haqqı tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasi MPM-nin 213-220, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X6”nə qarşı işə bərpa olunmağı və əmək haqqı tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən tərəflər onun surətini aldıqları gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar