Məhkəmə qərarları › İş №2(020)-618/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-618/2024

12.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-618/2024 12.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və ilk iddia üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşı mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi; İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və onun qızı Cavabdeh1 xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, mənzil 3-də yaşayış və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, 3 saylı mənzili Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış alqı-satqı müqaviləsinə əsasən X2 notarial qaydada almışdır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********18-10301 saylı çıxarış əsasında xüsusi mülkiyyətinə alınmış və Texniki pasportla rəsmiləşdirilmişdir. O, həmin mənzilin tək hüquqi sahibidir. Mənzilin satışı barədə məlumatı qohumlarından almışdır. Vəfa Hüseynovanı əvvəllər tanımamış, onunla heç bir qohumluğu olmamışdır. Məqsədi yaşadığı kənddən köçüb Beyləqan şəhərində yaşamaq olmuşdur. Cavabdehlərin həmin mənzilə köçürülmələri ilə bağlı məhkəmə qətnaməsinin olmasından məlumatı olmamışdır. Mənzili aldıqdan bir müddət sonra ona məlum olmuşdur ki, yeni aldığı mənzilə onun ailə üzvü olmayan Beyləqan şəhər sakinləri Cavabdeh2 və onun qızı Cavabdeh1 əvvəllər qeydiyyatda olmuşlar. O, bu barədə mənzili aldığı şəxsdən soruşduqda ona əvvəllər qardaşı arvadı olmuş Cavabdeh2 və qardaşı qızı Cavabdeh1 2019-cu ildən indiyənədək həmin mənzildən çıxdıqlarını, Bakı şəhərində öz ailəsi ilə birlikdə yaşadıqlarını və həmin evdə onların hər hansı yaşayış hüququ olmadıqlarını bildirmişdir. Vəfa Hüseynova həmçinin qardaşı Azər Hüseynovla Cavabdeh2 Beyləqan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən boşandıqlarını bildirmişdir. Həmin mənzil hazırda istifadəyə yararlı deyildir və təmirə ehtiyacı vardır. O, həmin mənzili təmir etdirmək və ora köçüb yaşamaq istəyir. Cavabdeh2 orada müəyyən əşyalarının olması və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının tanınması buna maneəçilik törədir. Həmçinin cavabdehlərin xüsusi mülkiyyətində olan ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, mənzil 3də istifadə hüququna xitam verilməsi onların gələcəkdə mənzilindən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. O, cavabdehlərin yeni aldığı mənzildən qeydiyyatdan çıxarılmaları baradə Beyləqan rayon Polis Şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, Cavabdeh2 və onun qızı Cavabdeh1 xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, mənzil 3-də yaşayış və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, həmçinin Cavabdeh1 vəkalətli nümayəndəsi Cavabdeh2 iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 127, mənzil 3-nə istifadə hüququ Beyləqan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tanınmış, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə aktları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mənzilin vərəsəlik qaydasında yeni mülkiyyətçisi X3 “mənzilə dair istifadə hüququmuza xitam verilməsi barədə” iddia tələbi Beyləqan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə ilə təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Beyləqan rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmuş və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində satıcı Vəfa Hüseynova məhkəmə qətnamələrindən məlumatlı olduğu halda mənzili İddiaçı satmışdır. Hesab edir ki, İddiaçı da bundan məlumatı olmuşdur. Həmin mənzildə qızı ilə birlikdə yaşamır, çünki orda şərait yoxdur. Mənzilin pəncərələri sınıq vəziyyətdə, mənzil isə istifadə üçün yararsızdır. Onun əmlakları hələ də həmin mənzildə qalmışdır. Hesab edir ki, İddiaçı Vəfa Hüseynova ilə bağladıqları alqı-satqı müqavuləsi qanunsuzdur. Ona görə də iddiasının təmin edilərək X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini, İddiaçı iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu qarşılıqlı iddia üzrə 3-cü şəxs qismində məhkəməyə dəvət edilmiş, lakin o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********87-05101-093010, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 127, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətinə verilmiş və onun həmin mənzilə mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 onun və qızı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mərhum X4 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülmələri və həmin mənzildən onlara yaşayış hüququnun verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş Cavabdeh2 və Səlimova X9 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3, blok 1 ünvanında yerləşən mərhum X4 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019cu il tarixli qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)-555/2019 saylı qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 cavabdeh X8 qarşı mənzildə yaşayış hüququnun verilməsi və mənzilə köçürülmə tələbinə dar iddiası üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 tərəfindən Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)-555/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, M.Səlimovanın şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(106)-2653/2019 nömrəli qətnaməsindən üçüncü şəxs X1 verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Mənzil İstismar sahəsinin 09 yanvar 2024-cü il tarixli 06 saylı arayışından görünür ki, hazırda İddiaçı Vəfa Hüseynovadan aldığı və mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 127, mənzil 3, blok 1-də yerləşən 4 otaqlı mənzildə 2019-cu ildən hal-hazıradək olan müddət ərzində yaşayış yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(020)-741/2022 saylı qətnaməsindən görünür ki, X3 Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və cehiz əşyaların evdən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 iddiaçı X3 xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3-də yerləşən ümumi sahəsi-72.1 kv.m, yaşayış sahəsi- 43.8 kv.m, köməkçi sahəsi 28.3 kv.m olan mənzilindən yaşayış sahəsində istifadə hüququ itirilmiş hesab edilmiş, Cavabdeh2 məxsus cehiz əşyalar həmin məzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(020)-741/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmuş və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2024cü il tarixli 2(102)175/2024 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırmalı və məhkəmə aktında əsaslandırmalıdır”. Qeyd edilən qərarın əsaslandırıcı hissəsində plenum qeyd edir ki, “qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır”. Plenum daha sonra qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitutsiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq menasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitutsiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilməklə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tətbiq olunmalı və məhkəmənin müvafiq qərarı ilə əsaslandırılmalıdır”. Qeyd edilən qərarın əsaslandırıcı hissəsində daha sonra qeyd edilir ki, “Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi, üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.)” həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 262-ci maddəsinə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında bir daha hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Məhkəmədə müəyyən edildi ki, birinci iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qətnaməsi olmasına baxmayaraq 2019-cu ildən həmin mənzilə köçüb yaşamamışlar. Onların həmin mənzilə köçüb yaşamamaları kiminsə onlara maneçilik törətməsi ilə bağlı olmamışdır. Cavabdeh2 məhkəmə iclasında izahatı ilə müəyyən edilmişdir ki, həmin mənzildə yaşamaq üçün şərait yoxdur, mənzil yaşamağa yararsızdır. Ona görə də mənzildə yaşamaq mümkün deyildir. Bununla da onların həmin mənzildə yaşamamaları özlərinin könüllü olaraq istəməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.7-ci maddəsinə görə mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Məhkəmədə müəyyən edildi ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçdikdən sonra da Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşamamışlar. Onların hazırda başqa yerdə yaşaması onu deməyə əsas verir ki, onların başqa yaşayış sahəsindən istifadə etmək imkanları mövcuddur. Belə ki, onların həmin mənzildə yaşamalarına ehtiyacları olsaydı, köçüb orada yaşayardılar. Çünki mənzilin təmir etdirilməsi, yaşayış üçün yararlı hala salınması heç kimin üzərinə bir vəzifə olaraq qoyulmamışdır. Cavabdehlər həmin evdə yaşamaq istəsəydilər özlərinə bununla bağlı şərait qura bilərdilər. Cavabdehlərin hazırda da, yəni həmin mənzilə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra köçüb yaşamamaları onların həmin mənzildən könüllü istifadə etməmələri kimi qiymətləndirilməlidir. Digər tərəfdən cavabdehlər İddiaçı ailə üzvləri sayılmırlar və onların arasında hər hansı bir müqavilə mövcud deyildir. Ona görə də məhkəmə yuxarıda sadalanan halları nəzərə alıb iddianın təmin edilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası əsassızdır. Ona görə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmədə müəyyən edildi ki, İddiaçı qanunun tələblərinə əsasən həmin mənzili Vəfa Hüseynovadan almış və mənzilin dəyərini ödəmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasını istisna edən hallar mövcud olmamışdır. Həmin mənzil alqı-satqı müqaviləsindən sonra İddiaçı həmin mənzilə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Ona görə də qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləmnin 78.1-ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə və Azərbyacan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İlk iddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, 3 saylı mənzilindən yaşayış və istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia təmin edilməsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar