Məhkəmə qərarları › İş №2(020)-8/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-8/2023

31.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-8/2023 31.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan, Çıxarışla 2.42 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh1 və Cavabdeh2 torpağından istifadə edir və həmin torpaqdan istifadə etməyə ona imkan vermirlər. Həmin torpağdan cavabdehlər qeyriqanuni istifadə edir. Buna görə də, o, mülkiyyətində olan Beyləqan rayonu Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan, Çıxarışla 2.42 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddia qəbul etmədi və göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur. Öz torpağından istifadə edir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəməiclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, heç kimin torpağını zəbt etməmişdir. İstifadə etdiyi torpaq sahəsi 997-ci ildən ona təhkim edilmişdir. Həmin vaxtdan da, sözügüdən torpaq sahəsindən istifədə edir. Ona qarşı qaldırılmış iddia əsassızdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən 2,42 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/3240 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı Beyləqan rayonu Şitilçilik qəsəbəsində yerləşən, torpaq islahatı işləri aparılan zaman Şitilçilik qəsəbəsinin (keçniş M.Ə.Sabir adına təsərrüfatın) tərtib olunmuş kompleks yeruquruluşu planında qeyd olunan bölgü layihəsinə əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan çıxarışla mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin sərhədlərinin koordinatları müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan rayonunun Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan, Çıxarışla 2.42 ha torpaq sahəsinin 1.50 ha hissəsi hazırda Cavabdeh2 tərəfindən istifadə olunur. Qeyd edilən torpaq sahəsinin 0.75 ha hissəsi qərardadda adı qeyd edilməyən digər şəxslər tərəfindən istifadə olunur, 0.17 ha hissəsi isə həmin ərazidən keçən su arxı ilə üst-üstə düşür. Cavabdehlər Cavabdeh1 Cavabdeh2 məxsus torpaq sahələri ilə İddiaçı məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən 2,42 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan Beyləqan rayonunun Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan, Çıxarışla 2.42 ha torpaq sahəsinin 1.50 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Məhkəmə iclasında izahat verən Cavabdeh2 istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirsə də bu barədə məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30 olan çıxarışla İddiaçı mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin 1,50 ha hissəsindən çıxarılmalıdır. Məhkəmədə Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi öz təsdiqini tapmamışdır. Ona görə də iddia ona qarşı əsassız olduğundan rədd edilməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə İddiaçı iddia tələbi qismən, yəni Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinin 1,50 ha hissəsini zəbt etdiyi sübuta yetdiyindən iddia həmin hissədə təminedilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30 olan çıxarışla İddiaçı mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin 1,50 ha hissəsindən çıxarılsın. İddia Cavabdeh1 qarşı rədd edilsin. iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25(iyirmi beş) manatı Cavabdeh2, 25(iyirmi beş) manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 326 manat məbləğində pulun 163 (yüz altmış üç) manatı Cavabdeh2 alınıb İddiaçı verilsin, pulun qalan hissəsi iddiaçının özünə aid edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun 50 (əlli) manatı Cavabdeh2 alınıb İddiaçı ödənilsin, qalan 50 (əlli) manat iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar