Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-869/2023 26.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər-Cavabdeh və X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə və digər yardımçı tikililərdən istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun 3 azyaşlı uşağı ilə birlikdə Beyləqan rayonun Kəbirli kəndində yerləşən evə köçürülməklə yaşayış hüququnun verilməsi, evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi ərazi dairəsi üzrə icra nümayəndəliyində qeydə aldırmaqla evlənmişlər. Birgə nikahlarından 08 avqust 2008-ci ildə Nurəddin, 26 may 2011-ci ildə Nərmin, 05 noyabr 2013-cü ildə isə Mail adlı üç uşaqları doğulmuşdur. Hazırda uşaqları onun yanında yaşayırlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, uşaqları 08 avqust 2008-ci ildə anadan olan X4, 26 may 2011-ci ildə anadan olan X5 və 05 noyabr 2013-cü ildə anadan olan X6 onun yanında qalmaları müəyyən edilmişdir. O, cavabdehlə ailə qurduqları zaman qaynatasının evinə gəlin köçmüşdür. Orada bir neçə il yaşamışlar. Həmin ev kərpicdən olduğundan həyətdə yeni ev inşa edib orada yaşamışlar. Uşaqları da həmin evdə böyümüşdür. Qaynatasıgil isə Beyləqan şəhərinə köçmüşlər. O, cavabdehlə 2020-ci ildə məhkəmə yolu ilə ayrılsalar da, son 6 aya kimi sözügedən evdə yaşamışdır. Cavabdehdən ayrıldıqdan sonra ondan aliment tələb etməmişdir ki, cavabdeh evdə rahat yaşamalarına maneçilik törətməsin. Sonradan cavabdehlə mübahisələri olmuş, cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarmışdır. Hazırda 3 uşağı ilə birlikdə qalır, yaşamağa evi yoxdur. Odur ki, 3 azyaşlı uşağı ilə birlikdə Beyləqan rayonun Kəbirli kəndində yerləşən qaynatası Nurəddin Əsədova məxsus evə köçürülməklə yaşayış hüququnun verilməsi, evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə ailə quraraq, nikahlarını 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi ərazi dairəsi üzrə icra nümayəndəliyində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından üç uşaqları doğulmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçının tələb etdiyi ev onun deyil, həmin ev atasına məxsusdur. İddiaçı ilə ailə qurduqdan sonra iddiaçı atasına məxsus çiy kərpicdən tikilən evə gəlin köçmüş, orada bir neçə il yaşamışlar, uşaqları da orada anadan olmuşdur. Sonradan atasının razılığı ilə müvəqqəti olaraq həyətdə tikilən atasına məxsus başqa evə köçüb orada yaşamışlar. İddiaçı sosial yardım düzəltmək adı ilə ondan boşanmışdır. Bundan sonra iddiaçı onunla yola getməmişdir. Boşandığını əsas gətirərək ondan ayrılmışdır. İddiaçını qonşu kişi ilə tutmuş, səhəri işdən evə gələndə iddiaçının evdən getdiyini görmüşdür. O, iddiaçını evdən qovmamış, iddiaçı özü evdən getmişdir. İddiaçı əmlaklarını da evdən aparmışdır. Ona məlum olmuşdur ki, iddiaçı həmin qonşusu ilə birlikdə Beyləqan şəhərində yaşayır. Onun iddiası əsassızdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dəvət edilib izahat verən X7 iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı oğlu Şamillə evlənmiş və ona məxsus Beyləqan rayonu Kəbirli kəndində çiy kərpicdən tikilmiş köhnə evə gəlin gəlmişdir. İddiaçı cavabdehlə həmin evdə yaşayarkən birgə nikahlarından üç uşaqları anadan olmuşdur. İddiaçının tələb etdiyi evi o, 1995-ci ildə tikdirmişdir. İddiaçı ailəsi ilə birlikdə köhnə evdə bir müddət yaşadıqdan sonra oğlunun evi olmadığından sözügedən evdə müvəqqəti yaşamağa icazə vermişdir. İddiaçı özü 10 aydan artıqdır ki, əşyalarını da ona məxsus evdən çıxarmışdır. İddiaçı başqa şəxsə qoşularaq getmiş və Beyləqan şəhərində həmin şəxslə yaşayır. Onun həmin evə köçməsinə bir mülkiyyətçi kimi etiraz edir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan doğum haqqında şəhadətnamələrdən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 08 avqust 2008-ci ildə Nurəddin, 26 may 2011-ci ildə Nərmin, 05 noyabr 2013-cü ildə isə Mail adlı üç uşaqları doğulmuşdur. İşdə olan Beyləqan rayon İHB-nın Kəbirli kənd İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, Əsədova X1 rayonunun Kəbirli kəndində yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsədov X2 rayonu, Kəbirli kəndində qeydiyyatdadır. İşdə olan Beyləqan rayon məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHBnin Kəbirli kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, uşaqları 08 avqust 2008-ci ildə anadan olan X4, 26 may 2011-ci ildə anadan olan X5 və 05 noyabr 2013-cü ildə anadan olan X6 analarının yanında qalmaları müəyyən edilmişdir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdehlə ailə qurmuş və cavabdehin atasının Beyləqan rayonunun Kəbirli kəndində yerləşən çiy kərpicdən olan evinə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh birgə nikahlarından üç nəfər uşaqları olmuşdur. Bir müddətdən sonra Nurəddin Əsədovun razılığı ilə müvəqqəti olaraq onun həyətində olan 1995-ci ildə tikilmiş başqa evə köçüb orada yaşamağa başlamışlar. Tərəflərin xasiyyətləri uygun gəlmədiyindən ayrılmışlar. Sonradan iddiaçı həmin evdən çıxmış, hazırda orada yaşamır. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 saylı qərarına əsassən X7 və ailə üzvlərinin mülkiyyətinə 0,28 ha torpaq sahəsi verilmişdir. Beyləqan rayon İHB-nın Kəbirli kənd İƏD-si üzrə nümayəndəsinin Beyləqan rayon məhkəməsinə təqdim etdiyi 12 may 2023-cü il tarixli arayışından görünür ki, X3 Beyləqan rayonunun Kəbirli kəndində özünə məxsus, 0,20 ha həyətyanı torpaq sahəsində ötən əsrin 40-cı illərində çiy kərpicdən tikilmiş, hal-hazırda qəzalı vəziyyətdə, yaşayış üçün tam yararsız, ümumi sahəsi 70 kv.m olan köhnə ev və 1995-ci ildə mişar daşından tikilmiş ümumi sahəsi 80 kv.m, yaşayış sahəsi 40 kv.m olan 2 otaqlı fərdi yaşayış evi var. X7 halhazırda özünə məxsus olan həmin evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmədə təqdim olunmuş sənədlərlə və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının uşaqları ilə birlikdə köçmək istədiyi ev cavabdehlərdən Nurəddin Əsədovun adına olmaqla 1995-ci ildə tikilmişdir. İddiaçı həmin həyətdə olan çiy kərpicdən tikilmiş evə gəlin köçmüşdür. İddiaçının Cavabdehla ailə qurması 2008-ci ildə olmuşdur, yəni iddiaçı həmin ailəyə gəlin gələrkən artıq köçmək istədiyi ev mövcud olmuşdur. Həmin evin onların birgə nikah dövründə inşa edilməsinə dair iddiaçının izahatı əsassızdır və iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmədə müəyyən edildi ki, cavabdeh həmin evdə qeydiyyatda deyildir. Onun həmin evə mülkiyyət və digər hüquqları yoxdur. Tikilmiş evin həyətyanı torpaq sahəsi cavabdeh Nurəddin Əsədovun xüsusi mülkiyyətindədir. Həmin evə onun gözlənilən mülkiyyət hüququ vardır. Cavabdeh istənilən vaxt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib qeyd olunan evə mülkiyyət hüququnu qeydə aldıra bilər. Qanunda nəzərdə tutulmuş qaydada dövlət mülkiyyət hüququnun qorunmasına təminat verir. İddiaçı cavabdehlə bir təsərrüfatı idarə etmir. İddiaçı qeyd olunan evə yox, cavabdeh Nurəddin Əsədovun çiy kərpicdən tikdirdiyi evə gəlin köçmüşdür. Cavabdehlər onun gəlin köçdüyü evdə yaşamasına etiraz etməmişlər. Məhkəmədə də mübahisəli evin tikildiyi torpaq sahəsinin cavabdeh Nurəddin Əsədova məxsus olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin həmin Plenum qərarında deyilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə görə mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı cavabdehin ailə üzvü, digər qohum və cavabdehlə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən şəxs deyildir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə və digər yardımçı tikililərdən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsasız olduğundan rədd edilməlidir. İddia rədd edildiyindən iddiaçının dövlət rüsumu kimi ödədiyi 50 manat pul özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə və digər yardımçı tikililərdən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsasız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-869/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-869/2023
26.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver