Məhkəmə qərarları › İş №2(020)-871/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-871/2024

09.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-871/2024 09.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktoru X1 qarşı işə bərpa və boşdayanmaya görə əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 direktoru Bayram Muradovun xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1371/2023 saylı əmrinin ləğv edilməsi, onun “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməyi və boşadayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 cavabdeh kimi tanınması, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1- 1371/2023 saylı əmrinin ləğv edilməsi, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməsi və boşadayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ilk dəfə əmək fəaliyyətinə xx.xx.2022-ci ildən etibarən “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsi vakant olduğundan xx.xx.2022-ci il tarixli, k-2207 saylı əmrlə sınaq müddətsiz 1.0 oklad tibb bacısı vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən etibarən həmin bölmədə tibb bacısı kimi işləmişdir. İşlədiyi müddət ərzində heç bir xəbərdarlığı, töhməti və digər cəzaları olmamışdır. Həmçinin işlədiyi müddət ərzində kollektivdə böyük nüfuza malik olmuş və vəzifəsini layiqincə yerinə yetirmişdir. 27.11 2023-cü il tarixdə işdə olduğu müddətdə onu Mərkəzi rayon Xəstəxanasına çağırmışlar. Həmin gün xəstəxanada onu insan Resursları şöbə müdiri Mətanət Qarayeva qəbul etmiş və yeni təyin olunmuş direktor Bayram Muradov tərəfindən işdən çıxarıldığı ona deyilmişdir. O, bu barədə yeni təyin olunmuş direktorun və onun müavini Elnur Mahmudovun qəbulunda olmuş və işdən çıxarılmağının səbəbini soruşduqda onlar müvəqqəti olaraq yerdəyişmə olduğunu və 2024-cü ilin yanvar ayının ortalarında yenidən işə qaytaracağına dair söz vermişlər. Lakin 2024-cü ilin yanvar ayının sonunda Bayram Muradovun xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1- 1371/2023 saylı əmri ilə onu işdən rəsmi qaydada azad etməsi ona məlum olmuşdur. O, əmrin surətini və əmək kitabçasının əslini Xəstəxananın insan Resursları Şöbəsindən tələb etdikdə orada ona həmin əmrin və əmək kitabçasının əslini verməmişlər. O, bundan sonra müvafiq orqanlara şikayət etdikdən sonra əmrinin surətini və əmək kitabçasının əslini xx.xx.2024-cü il tarixdə vermişlər. Həmin əmrdə guya onunla bağlanılan əmək müqaviləsinin müddəti qurtardığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən mənimlə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Mediasiya Şurasına müraciət etsədə qarşı tərəf Mediasiya Şurasının iştirakından imtina etmişdir. Bu barədə ona arayış verilmişdir. Xəstəxananın yeni rəhbərliyi ona hər hansı xəbərdarlıq etmədən əsassız əmrlə onu işdən azad etmişdir. Həmçinin onun işdən azad edilməyi həmkarlar təşkilatında müzakirə edilməmiş və həmin təşkilatın razılığı alınmadan işdən çıxarılmışdır. O, tibb bacısı kursunu bitirmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən ona bildiriş verilməmişdir. Onunla bağlanmış birincı əmək müqaviləsinə özü imza etmişdir. Sonrakı müqavilədən xəbəri yoxdur. Onunla müqavilə 2024-cü ilin may ayına kimi bağlanmışdır. Həmin müqavilə iş materiallarına əlavə olunmamışdır. O, 2023-cü ilin oktyabr ayında işdən çıxarılmışdır. Həmin vaxt müqavilənin müddəti bitməmişdir. Ona görə də “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1371/2023 saylı əmrinin ləğv edilməsi, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməsi və boşadayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 vəkalətli nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 xx.xx.2022-ci il tarixli, k-2207 saylı əmr ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə 3 ay sınaq müddəti ilə təyin edilmişdir. Sınaq müddəti bitdikdən sonra onunla 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilələr idarənin kadrlar şöbəsində saxlanılır. Kardlar şöbəsindən bildirmişlər ki, iddiaçı ilə əmək müqaviləsinin müddəti bitdiyindən işdən azad edilmişdir. Hazırda iddiaçının işlədiyi ştat mövcuddur, həmin ştat mövsümü deyil, daimi xarakter daşıyır. İddiaçı tibb bacısı kursunu bitirmişdir. Səhiyyə Nazirliyi kursdan keçən şəxsləri sertifikasiyaya buraxmır. İddiaçıya işdən çıxarılması barədə əvvəlcədən bildiriş göndərilməmişdir. Hicran işdən çıxrıldıqdan sonra son haqq hesabı ödənilmişdir. İddiaçı ilə bağlanılan müddətli əmək müqaviləsi məhkəməyə təqdim edilmişdir. Bununla əlaqədar idarədə iddiaçı ilə bağlanmış başqa əmək müqaviləsi yoxdur. Müqavilədə imzanın iddiaçıya məxsus olmaması səbəbi barədə məlumatı yoxdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 xx.xx.2022-ci il tarixli, k-2207 saylı əmr ilə İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vakant olduğu üçün 1.0 oklad tibb bacısı vəzifəsinə təyin edilmişdir. “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 direktoru Bayram Muradovun xx.xx.2023- cü il tarixli, 18-1 -29/3-1 -1371 /2023 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 direktor X2 ilə işçi İddiaçı arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə işçinin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 10 gün əvvəl xəbərdarlıq etməklə Əmək Müqaviləsini birtərəfli qaydada poza bilər. Həmin müqavilənin 9.2-cü bəndinə əsasən işəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarla xəbərdar edilir. İşə əlavə edilmiş “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda İddiaçı müddətli əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2024-cü il göstərilmişdir. İş materiallarına əlavə edilmiş A-İ-0167 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.2020-ci ildə "xxxx" MMC-nin tibb bacısı kursuna daxil olmuş 31.08. 2021-ci ildə tibb bacısı ixtisası üzrə əla qiymətlərlə bitirmiş və ona Sertifikat verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 4/1085 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 30-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin (KONTRAKTİ) 2-ci vərəqindəki “İşçi” sözünün qarşısındakı imza və sonundakı “11.2 İşçinin adı, atasının adı və soyach göstərilməklə ünvanı:” qrafasında “İmza” sözünün qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 xx.xx.2022-ci il tarixli, k-2207 saylı əmr ilə İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vakant olduğu üçün 1.0 oklad tibb bacısı vəzifəsinə təyin edilmişdir. “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 direktoru Bayram Muradovun xx.xx.2023- cü il tarixli, 18-1 -29/3-1 -1371 /2023 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Həmin maddənin 2-ci bəndinə görə sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 2-ci bəndinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Həmin maddənin 3-cü bəndinə görə əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdeh təşkilat tərəfindən müddətli əmək müqaviləsinin müddəti bitmədiyi halda onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, işə əlavə edilmiş müddətli əmək müqaviləsindəki imzanın iddiaçıya məxsus olmaması barədə iddiaçı məhkəmədə izahat vermişdir. Bu hal ekspertizanın rəyi ilə də müəyyən edilmişdir. Həmçinin “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 işə əlavə edilmiş “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda İddiaçı müddətli əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2024-cü il göstərilmişdir. Bununla da Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə müqavilənin müddəti bitmədiyi halda xitam verilməsi müəyyən edilmiş, yəni cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin və həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü müəyyən edən 47-ci maddəsinin “f” bəndi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib bilir. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Məhkəmədə müəyyən edildi ki, iddiaçının icra etdiyi tibb bacısı vəzifəsinin daimi xarakterə malik olduğu əvvəlcədən Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktoruna məlum olmuş, ona görə də iddiaçı həmin vəzifəyə 3 ay sınaq müddəti bitdikdən sonra onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda buna əməl olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etdiyi sənədlərlə kifayət qədər sübuta yetirmiş, həmçinin onun iddiasının əsası tərəflərin məhkəmə iclasındakı izahatları və işin faktiki halları ilə də təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1371/2023 saylı əmri ləğv edilməli, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməli və İddiaçı məcburi iş buraxmağa görə əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan respublikasi MPM-nin 213-220, 227, 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1371/2023 saylı əmri ləğv edilsin. İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmağa görə əmək haqqı ödənilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat cavabdeh “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini aldıqları gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar