Məhkəmə qərarları › İş №2(021)-1020/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1020/2023

13.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1020/2023 13.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün olan 588 saylı qəsəbədə 8 saylı binanın 13-cü mənzilinə övladları xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il tarixli X9 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə ailə qurmuş, nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki övladları anadan olmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il tarixli X9. 2015-ci ilin avqust ayında Muradın ailə üzvləri ilə birgə onlara Bərdə rayonu ərazisində olan 588 saylı qəsəbədə 8-ci binanın 13 saylı mənzili onlara verilmişdir. xx.xx.2022-ci il tarixədək uşaqları ilə həmin mənzildə Muradın ailə üzvləri ilə birlikdə yaşamışdır. Sonrada həmin tarixdə onu yaşadıqları evdən qovmuşdurlar. O da heçnə götürməyərək uşaqları ilə birlikdə ata evinə getmiş və hazırda orada yaşayır. Hazırda onun yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki dövlət tərəfindən ailəyə verilmiş evǝ 2 azyaşlı övladları ilə köçürülməklə orada yaşamalıdır. Buna görə də Medasiya şurasına müraciət etsə də, cavabdeh gəlməmiş və ona görə də medasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş, Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 475 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Təbriz küçəsi mənzil 53-də yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE 18513707 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.1991-ci ildə Ağdam rayon Kəngərli kəndində anadan olmuşdur. Ağdam rayon Kəngərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-T №029977 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X11 xx.xx.2015-ci il tarixdə Ağdam Rayon Kəngərli icra nümayəndəliyində 02 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qəhrəmanov, arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-T №191695 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-T №191694 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə DK-nin Bərdə rayon MKİS-nin arayışından görünür ki, X1 rayon ünvan 1 ünvanında qeydiyyatda olmaqla müvəqqəti yaşayır. Ailə üzvləri arvadı-X6, oğlu- Cavabdeh, gəlini-İddiaçı, nəvəsi X10 və nəvəsi- X7r. İş materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə DK-nin orderindən görünür ki, Bərdə rayonu 588 qəsəbə bina 8, mənzil 13 ünvanında yerləşən mənzilə dair X2, X4, Cavabdeh və İddiaçı adları qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə 1 saylı X3 tərəfindən verilmiş MŞG\1-03409 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, tərəflər ilkin Mediasiya Sessiyasından sonra prosesi davam etdirməmişdirlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları vardır. Ailəyə dövlət tərəfindən Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün olan 588 saylı qəsəbədə 8 saylı binanın 13-cü mənzil verilmişdir. Tərəflərin ailə münaibətlər pozulmuş və hazırda cavabdeh həmin mənzildən çıxmışdır. İdiaçı isə həmin evə uşaqları ilə birlikdə köçmək istəyir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin məcəllənin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Sadalanan qanunvericilik normalarına əsasən, tərəflərə order verilmişdir ki, həmin order əsasında mənzilə dair onun sahiblik hüququ yaranmışdır. İddiaçının arvadı S.Həsənova da yuxarıda qeyd edilən qanunvericiliyə müvafiq olaraq o da evə köçürülməlidir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi təmin olunmalı və İddiaçı övladları- xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il tarixli X9 ilə birlikdə Bərdə rayon 588 saylı qəsəbə, 8 saylı bina , 13 saylı mənzilə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunsun. İddiaçı övladları- xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il tarixli X9 ilə birlikdə Bərdə rayon 588 saylı qəsəbə, 8 saylı bina , 13 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar