Məhkəmə qərarları › İş №2(021)-103/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-103/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-103/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin, mülkiyyətçilər arasında naturada bölünməsi, bu mümkün olmazsa payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ödənilməsi, əks halda evin açıq hərracdan satılması və satış pulununu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölünməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Bərdə rayonu Şorəlli kəndində yerləşən və paylı mülkiyyətdə olan 58.9 kv.m sahəsi olan fərdi yaşayış evinin mülkiyətçilər arasında naturada bölünməsi, Bərdə rayonu Şorəlli kəndoində yerləşən və paylı mülkiyyətdə olan 58.9 kv.m sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsi mümkün olmazsa onun payının dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi, əks halda Bərdə rayonu Şorəlli kəndində yerləşən və paylı mülkiyyətdə olan 58.9 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07 dekabr 2017-ci il tarixli çıxarışla Bərdə rayonu Şorəlli kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 58.9 kv.m fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ona, Cavabdeh1 və Cavabdeh2 məxsusdur. Həmin əmlakda onun payı ¼ hissədə müəyyən edilmişdir. Hazırda paylı mülkiyyətçilər arasında əmlak bölgüsü ilə bağlı mübahisə vardır. Ona görə də hesab edir ki, paylı mülkiyyətdə olan Bərdə rayonu, Şorəlli kəndində yerləşən 58.9 kv.m sahəsi olan fərdi yaşayış evinin, mülkiyyətçilər arasında naturada bölünməsi, bu mümkün olmazsa payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ödənilməsi, əks halda evin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölünməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdəfiə edərək, iddia ərizəsinə uyğun izahat verib bildirdi ki, hazırda mübahisəli ev mövcud deyildir. Həmin ev sökülərək yerində yeni ev inşa edilmişdir. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə icasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini o, özü tikmişdir. İddiaçının tələb etdiyi ev ümumiyyətlə yoxdur, sökülüb və iddiaçıya bununla bağlı pul verilib. Həmin yerdə yeni ev tikmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1989-cu ildə Ağdam rayonunda doğulmuşdur, Ağdam şəhəri, Ağdamkənd sahəsində qeydiyyatdadır. İş materiallarında olan AZE 000***** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1976-cı ildə Ağdam rayonu, Mahrızlı kəndində doğulmuşdur, Ağdam şəhəri, Ağdamkənd sahəsində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 132 nömrəi, 17 iyul 2021-ci tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonu, Qasımbəyli qəsəbəsində 16 saylı evdə yaşayır. İş materiallarında olan **********7 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 2/4 hissə, X1 ¼ hissə, İddiaçı ¼ hissə birgə mülkiyyətinə Bərdə rayonu Şörəlli kəndində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 58.9 daşınmaz əmlak qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan RespublikasıQaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Ağdam rayon bölməsi 378 saylı, 22 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonu, Ağdamkənd kəndinndən məcburi köçkün düşmüşdür, Ağdam rayon Qasımbəyli qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(021)3304/2021 saylı qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmiş və mülki iş materialları rəy verilməsi üçün Əmlak Məsələləri Dövlət reyestr Xidmətinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, 07 dekabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Şorəlli kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində olan 58.9 kv.m fərdi yaşayış evinin naturada payların ayrılması mümkün olmamışdır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(021)261/2022 saylı qərardadı ilə kompleks məhkəmə tikinti texniki və əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli, 10/2513 nömrəli ekspert rəyində göstərilmişdir ki, 07 dekabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Şorəlli kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 58.9 kv.m fərdi yaşayış evi mövcuddur. 07 dekabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Şorəlli kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində olan ev mübahisə predmeti olan və çıxarışda qeyd edilən evdən ölçülərdə cüzi olsa da fərq var və texniki pasporta əsasən 2 yaşayış otağı və 1 köməkçi otaq göstərilsə də, sahəsi 29.0 kv.m olan otaq və sahəsi 25.8 kv.m olan sonradan inşa edilmiş tikililər ümumi sahəyə salınmamışdır. Faktiki olaraq yaşayış otaqlarından, köməkçi otaqdan, sahəsi 29.0 kv.m olan otaqdan yaşayış kimi, sahəsi 25.8 kv.m olan sonradan inşa edilmiş giriş-dəhliz, hamam, ayaqyolu və mətbəx tikililərindən istifadə edilir. 07 dekabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Şorəlli kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 58.9 kv.m fərdi yaşayış evinin real bazar qiymətinin təxminən 45000-48000 manat müəyyən edilir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(021)261/2022 saylı qərardadı ilə məhkəmə kommissiyon ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiiş 15 dekabr 2022-ci il tarixli, 10/6706 nömrəli ekspert rəyində göstərilmişdir ki, fərdi yaşayış evinin faktiki olaraq ümumi sahəsi 127,2 kv metr, həyatyanı torpaq sahəsi 0,08 ha təşkil edir. Bərdə rayonu, Şorəlli kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 43200 manat məbləğində müəyyən olunur. Bərdə rayonu, Şorəlli kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən 2/4, 1/4, 1\4 paylara uyğun naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-cu 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib araşdırılması”nın küçə və yol şəbəkəsi bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Lakin məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyləri arasında müəyyən uyğunsuzluqlar yaranmış, mübahisəli evin ölçüləri və ümumiyyətlə evin mövcudluğu təsdiqini tapmamış, iddiaçı özü məhkəmə iclasında bildirmişdir ki, mülkiyyətçilərindən biri olduğu üv hazırda mövcud deyil, o sökülərək yerində başqa ev tikilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi Bərdə rayonu Şorəlli kəndində yerləşən və paylı mülkiyyətdə olan 58.9 kv.m sahəsi olan fərdi yaşayış evi hazırda mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz manat) manat dəyəri İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin, mülkiyyətçilər arasında naturada bölünməsi, bu mümkün olmazsa payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ödənilməsi, əks halda evin açıq hərracdan satılması və satış pulununu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz manat) manat dəyəri İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar