Məhkəmə qərarları › İş №2(021)-1133/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1133/2025

09.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1133/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməsi və yaşayış hüququnun verilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1ində yerləşən, anası Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməyinə və həmin evdə ona yaşayış hüququ verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-ci il təvəllüdlüdür, ailəlidir, ünvan 1 sakinidir. Ailədə 3(üç) uşaq, yəni üç qardaş olmuşlar, hər biri ailə həyatı qurmuş, ondan böyük qardaşları onlardan ayrılmışlar. O, evin kiçiyi olaraq xx.xx.2022-ci ildə ailə həyatı quraraq ünvan 1ində anası Cavabdeh ilə yaşamışdır. Son vaxtlarda anası Cavabdeh onlarla anlaşa bilmir, onları evdən çıxarmağa qərarlı olmuşdur. Anasının onları evdən çıxarmasına haqq qazandıra bilmir. Belə ki, ona həmişə evin böyüyü və doğma anası olaraq hörmət edir, qayğısına qalır. Onun və ailəsin gedəcək yeri yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh onun doğma anasıdır. O, valideynlərinin Bərdə rayon Uğurbəlyi kəndində yerləşən evində böyüyüb başa çatmışdır. 2022-ci ildə ailəsinin tövsiyyəsi ilə ailə qurmuş, ailəsi ilə də həmin evdə yaşamışdır. Ancaq son vaxtlarda anası Cavabdeh ilə münasibətləri pisləşmiş , anası tərəfindən evdən qovulduqları üçün bir müddət qaynatasıgildə yaşamaq məcburiyyətində qalmışlar. Hazırda həmin evdə yaşasalar da anası onların orada yaşamasını istəmir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, iddia tələbini qəbul etmir. O hazırda oğlu Vüqar və ailəsi ilə birgə yaşasa da , onlarla yola getmirlər. Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi valideynlərinə məxsus olub. Həmin həyətdə iki ev yerləşir. Köhnə evi valideynləri tikib. Valideynləri torpaq sahəsini və evi ona və həyat yoldaşına verdikdən sonra orada yeni ev tikmişdirlər. Köhnə evdə oğlu Vüsal ailəsi ilə yaşayır. Təzə evdə isə oğlu Vüqar, onun ailəsi və o yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İİ №551412 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 tarixdə Bərdə regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsində 15 dekabr 2022-ci il tarixdə 1674 nömrəli akt qeydi ilə nikah bağlamışdırlar. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1070 saylı xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı ailəsi ilə birlikdə ərazinin Uğurbəyli kəndində anası Cavabdeh məxsus 2 (iki) otaqlı fərdi yaşayış evində birgə yaşayırlar. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1090 saylı xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, ərazinin Uğurbəyli kənd sakini Cavabdeh, Şirvanlı kənd icra nümayəndəliyində Uğurbəyli kəndinə aid təsərrüfatbaşına 08 nömrəli kitabın 186 saylı vərəqində, təsərrüfat başçısı Cavabdehdır, həyətyani sahəsi və fərdi yaşayış evi Cavabdeh və ailəsinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş **********01-10301 reyestr nömrəli, **********1 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 81.6 kv.m olan fərdi yaşayış evi X1 (fərdi yaşayış evi 1/8 hissə,torpaq sahəsi 1/20 hissə), Cavabdeh ( fərdi yaşayış evi 5/8 hissə,torpaq sahəsi 5/20 hissə), X2 (fərdi yaşayış evi 1/8 hissə,torpaq sahəsi 5/20 hissə), İddiaçı ( torpaq sahəsi 4/20 hissə), X3 ( fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 5/20 hissə) paylı mülkiyyətindədir İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********01-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 1ində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 81.6 kv.m olan fərdi yaşayış evinin hüquq subyekti X6 və qeyriləridir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlərt rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1ində 0.12 ha torpaq sahəsi X1, Cavabdeh, X2, İddiaçı və X3 paylı mülkiyyətində, üzərində yerləşən ümumi sahasi 81.6 kv.m olan fərdi yaşayış evi isə X1, Cavabdeh, X2 və X3 paylı mülkiyyətindədir. Hazırda iddiaçı həmin evə köçürülməsini və yaşamaq hüququnun tanınmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin 228-ci maddəsi “Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ” adlı fəsildə yer alır. Bu hüquq, özünəməxsus əlamətlərə və rejimə malik olan bir mülkiyyət növüdür. Belə ki, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (Mülki Məcəllə, maddə 226.1 və 227.1). Göründüyü kimi, bu tip mülkiyyətin subyekti binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və qeyd olunan digər işləri aparmaq üçün xüsusi hüquq əldə edir, eyni zamanda binanın yerləşdiyi torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququna malik olur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin isə mənzilə və binanın altındakı torpaq sahəsinə mülkiyyət hüququ olmur. Onun hüququ mülkiyyət hüququ ilə müqayisədə məhdud şəkildə olmaqla, mülkiyyətçinin yaşayış sahəsindən və binanın digər zəruri hissələrindən istifadə etməkdən ibarətdir. Bu hüququn yaranması ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin mülkiyyət hüququ yüklü vəziyyətə gəlmiş olur (notarial müqavilə və ya qanun əsasında - Mülki Məcəllə, maddə 228.2 və 228.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228ci maddəsində nəzərdə tutulmuş hüququ məhdud əşya hüququ - şəxsi servitut olaraq şərh etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərar). Hazırda baxılan işdə isə mübahisənin obyekti çoxmənzilli yaşayış binasının tərkib hissəsi deyil, ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evidir. Daşınmaz əmlakın dövlət reyestrində həmin fərdi yaşayış evi 5/8 payla cavabdehin adına qeydə alınsa da, iddiaçıda həmin fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin ümumi paylı mülkiyyətçisidir. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 28). Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.1 - § 31). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (Mülki Məcəllə, maddə 213.1 - § 32). Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 2 1 3 .2 -§ 33). Məhkəmə qeyd edir ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunun Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə idiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, iddiaçı bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir. Hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya olan faktiki və hüquqi vəziyyətləri fərqlidir. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən məhkəmə əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün - vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29-30). Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28). “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Belə olan halda, məhkəmə hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun butun tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir (ikinci cümlə - § 30). Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan iddianın təmin olunmaması iddiaçının mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir. Məhkəmə iddia tələbinin evə köçmə hissəsi ilə bağlı mövqeyini bildirərək qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 2-ci hal mövcu deyildir. Belə ki, iddiaçı hazırda köçmək istədiyi evdə yaşayır və yaşadığı evdən məhrum edilməmişdir. Buna görə də iddia tələbi həmin hissədə təmin oluna bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ünvan 1ində 0.12 ha torpaq sahəsi İddiaçı ümumi birgə mülkiyyətində olduğu üçün həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81.6 kv.m olan fərdi yaşayış evində yaşamaq hüququ vardır. Buna görə də cavabdehin həmin mübahisəli evdə yaşamaq hüququ tanınmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçının Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməsi və yaşayış hüququnun tanınması ” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində yeni tikilmiş ümumi sahəsi 81.6 kv/m olan fərdi yaşayış evində yaşamaq hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulаrаq İddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar