Məhkəmə qərarları › İş №2(021)-1162/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1162/2025

24.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1162/2025 24.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “Vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum anası Ələsgərova Aydın Əli qızının sığorta ödənişi alınması üçün vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı anası Ələsgərova Aydın Əli qızına sığorta ödənişi alınması üçün vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzrlü hesab edilib bərpa edilməsi ilə bağlı Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna müraciət etmişdir. Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun 06 dekabr 2024-cü il tarixli 2959/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Odur ki, həmin mirasın qəbul edilməsi müddətinin uzadılması eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun 06 dekabr 2024-cü il tarixli 2959/2024 saylı məktubunda qeyd etdiyi normalar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun hərəkət və ya hərəkətsizliyindən aidiyyəti İnzibati Məhkəməyə müraciət etməli olduğu halda hazırkı iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 153.2 və 153.2.1-ci maddələrinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbini qanunvericiliyin tələblərinə uyğun qaydada vermədiyindən, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun hərəkət və ya hərəkətsizliyindən aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: İddiaçı cavabdeh Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “Vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzrlü hesab edilib bərpa edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüquqnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar