Məhkəmə qərarları › İş №2(021)-1262/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1262/2022

14.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1262/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı “torpaq sahəsindən və daxma tipli tikilidən çıxarılması” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus Bərdə rayon Kələntərli kəndində yerləşən 0.08 ha torpaq sahəsindən və həmin torpaq sahəsindəki daxma tipli tikilidən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qaynanasıdır, onun qızı X7 ilə 1993-cü ildə ailə qurmuş və 3 övladları vardır. O, 1995-ci ildə həmkəndlisi olan X2 və onun həyat yoldaşı X3 hazırki nominasiya ilə 4000 (dörd min) manat pul verərək ondan Bərdə rayonu Kələntərli kəndində yerləşən 0,08 ha torpaq sahəsini və həmin sahədə olan daxma tipli tikilini satın almışdır. Həmin torpaq sahəsi rəsmi sənədlə X1 adına olmuşdur və torpaq sahəsi ona Bərdə rayonunun keçmiş “Sosializm” kolxozunun 19 may 1990-cı il tarixli idarə heyətinin iclasının 3 saylı protokolu ilə ayrılmışdır. Həmin torpaq sahəsini alarkən onun içərisində yanlız daxma tipli kiçik bir tikili olmuş, kənarlarında hasarı olmamışdır. Aralarında bir-birimizə etibar olduğuna görə torpağın ona satılmasını rəsmiləşdirməyə tələsməmiş, fikirləşmişdir ki, nə vaxtsa rəsmiləşdirər və 2007-ci ilədək bu torpaqdan əsasən mal-qarani otarmaqla istifadə etmişdir. 2006-cı ildə Cavabdeh övladları döyüb onun Bərdə şəhəri “Qarabağtikinti” qəsəbəsində yerləşən evindən qovduqlarına görə ona rəhmi gələrək və humanistlik göstərərək gətirib Kələntərli kəndində öz evinə yerləşdirmiş və təxminən 1 il onun evində yaşamışdır. Lakin onun övladları ilə tez-tez münaqişə yaratdığına görə 2007-ci ildə onu həyat yoldaşı olan qızının da razılığı ilə Elmira Abdullayevadan və Kamil Abdullayevdən adığı 0,08 ha torpaq sahəsində olan daxma tipli tikiliyə yerləşdirmiş və zəruri olan məişət əşyaları və s. vermişdir ki, nə vaxtsa övladları ilə barışıb öz evinə qayıdana kimi orada yaşasın. Həmin vaxtdan təxminən 16 il keçmişdir. Cavabdeh artıq övladları ilə barışıb, gediş -gəlişləri və normal münasibətləri vardır. Ona görə də cavabdehdən dəfələrlə xahiş etmişdir ki, onun torpağından çıxsın, oradan özü istifadə etmək istəyir. Lakin cavabdeh onun Bərdə şəhəri “Qarabağtikinti” qəsəbəsindəki evində yaşayan oğlu Vidadinin, gəlini Gültəkinin və onların övladı olan Rafiqin öyrətməsi ilə hərəkət edərək torpağından və onun üzərindəki daxma tipli tikilidən çıxmır. Əksinə cavabdeh ona bildiririr ki, bu torpaq sahəsi onundur, heç kim onu buradan çıxarda bilməz. Cavabdeh qanunsuz hərəkətlərini davam etdirərək bir neçə gün bundan əvvəl nəvəsi X6 da, onun həyat yoldaşı və 2 azyaşlı uşağı ilə birlikdə gətirib həmin tikiliyə yığmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X4 məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Bərdə rayon Kələntərli kəndində anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 318 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kələntərli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Seriya M/V № 012645 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək imkanına malikdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № 15310792 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayon Sınıqkilsə kəndində anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 612 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Kələntərli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Kələntərli Bələdiyyəsi tərəfindən verilmiş 08 saylı xx.xx.2022-ci il tarixli arayışdan qeyd olunur ki, Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində betondan inşa olunmuş binada yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, İddiaçı və Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində əmlak qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Dövlət Arxivindən verilmiş sorğuya cavabdan görünür ki, Bərdə rayon Dövlət Arxivi bildirir ki, həmin Arxivdə 73 saylı fondda mühafizə edilən Bərdə rayon “Sosializm” kolxozunun 1990-cı ilə dair sənədlərində həqiqətən də həmin kolxozun Qərarı ilə sıra sayı 27-də vətəndaş X5 0,08 ha. torpaq sahəsinin verilməsinə dair Arxiv sənədi olan “Sosializm” kolxozunun 19 may 1990-cı il tarixli heyət iclasının 3 saylı Protokolu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. İlk olaraq iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən göründüyü kimi iddiaçının iddia etdiyi torpa sahəsi İddiaçı mülkiyyətində olmadığından hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı “torpaq sahəsindən və daxma tipli tikilidən çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar