Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-131/2024 01.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 və cavabdeh XXX Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh XXX Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Ümumi paylı mülkiyyətdən payların naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ümumi paylı mülkiyyətlərində olan, Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,25 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 7 otaq, 1 zal, 1 mətbəxdən ibarət yaşayış evlərindən payların naturada ayrılaraq müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1949-cu ildə Bərdə rayonun Dəymədağlı kəndində anadan olmuş, X3 ilə ailə həyatı qurmuşdur. Bərdə rayonu Dəymədağlı kəndində fərdi yaşayış evi tikdirmiş, övladlarını həmin evdə böyütmüşdür. Övladları yetkinlik yaşına çatmış, ev-eşik sahibi olmuşlar. Həyat yoldaşı X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. Övladı Cavabdeh ilə bir evdə yaşasalar da son vaxtlarda oğlu ilə münasibətləri pozulmuş, birgə yaşamaları mümkünsüz olmuşdur. Həyat yoldaşı X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. Ondan sonra Bərdə rayon Dəymədağlı kəndində 0,25 ha.torpaq sahəsində yerləşən 7 otaq, 1 zal, 1 mətbəxdən ibarət yaşayış evləri qalmışdır. Həyat yoldaşının vəfatından sonra DƏDRX-nin Qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış da alınmışdır. Həmin Çıxarışa əsasən payların ¼ hissəsinə oğlu Cavabdeh, ¾ hissəsinə isə onun payı müəyyən edilmişdir. Oğlu ilə onun münasibətləri pozulmuşdur. Odur ki, DƏDRX-nin Qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən payların naturada ayrılaraq müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyac vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, mübahisəli evi əsaslı təmir etdirmiş, əlavə tikililər tikmişdir. Evdə olan əşyaların əksəriyyəti ona məxsusdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Bərdə rayonu Dəymədağlı kəndində anadan olmuşdur, Bərdə rayonu Dəymədağlı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, XXX Cavabdeh xx.xx.1977-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuşdur. Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 2133 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli 141 saylı arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238,9 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ¼ hissədə XXX Cavabdeh, ¾ hissədə İddiaçı adına qeydiyyata alınmışdır. 11 yanvar 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh XXX Cavabdeh qarşı “Ümumi paylı mülkiyyətdən payların naturada ayrılması” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 12 iyun 2023-cü il tarixli Rəyindən görünür ki, Bərdə rayonu Dəymədağıldı kəndində 0.25 ha torpaq sahəsindən tikinitaltı torpaq sahəsi birgə mülkiyyətlərində saxlamaq şərtilə, torpaq sahəsinin naturada bölünməsi mümkündür. Lakin həmin torpaq sahəsində yerləşən 7 otaq, 1 zal, 1 mətbəxdən ibarət fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. -TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, yaşayış evi və köməkçi tikililərin altında olan 0.0588 ha torpaq sahəsi birgə mülkiyyətlərində saxlamaq şərtilə, qalan 0.1912 ha torpaq sahəsinin, iddiaçıya məxsus 3/4 hissə payının naturada bölünməsi mümkündür və bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. 12 iyun 2023-cü il tarixli Mütəxəssis rəyinə əlavə edilmiş Bərdə rayonu Dəymədağıldı kəndində mübahisəli həyətyanı torpaq sahəsinin Bölgü Planı ilə sözügedən 0,25 ha həyətyanı torpaq sahəsindən iki nəfər mülkyyətçinin-İddiaçı məxsus ¾ hissənin və Cavabdeh məxsus ¼ hissənin naturada ayrılmasının koordinatları əks edilmişdir. İşdə olan 29 mart 2024-cü il tarixli məhkəmə ekspertizası aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(021)-2276/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi tədqiqat obyektinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilməməsi və tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmaması səbəbindən mümkün olmamışdır. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Dəymədağıldı kəndində Cavabdeh ¼ hissə və İddiaçı ¾ hissə olmaqla paylı mülkiyyətlərinə 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238,9 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 12 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Bərdə rayonu Dəymədağıldı kəndində 0.25 ha torpaq sahəsindən tikinitaltı torpaq sahəsi birgə mülkiyyətlərində saxlamaq şərtilə, torpaq sahəsinin naturada bölünməsi mümkündür. Lakin həmin torpaq sahəsində yerləşən 7 otaq, 1 zal, 1 mətbəxdən ibarət fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Bu barədə Rəyə müvafiq Bölgü Planı əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin hallarından görünür ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə və fərdi yaşayış evinə sahiblik edə bilmədiyindən ümimi paylı mülkiyyətdə olan payının naturada ayrılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan və Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,25 ha torpaq sahəsindən tikintialtı torpaq sahəsi birgə mülkiyyətlərində saxlanılmaqla ¾ ha hissəsi yola çıxışı nəzərə alınaraq, Bölgü Planında nəzərdə tutulmuş qaydada iddiaçının payı müəyyən edilməli və naturada ayrılmalıdır. İddianın DƏDRX-nin qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ümumi paylı mülkiyyətlərində olan, Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 7 otaq, 1 zal, 1 mətbəxdən ibarət yaşayış evindən payların naturada ayrılaraq müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 0,25 ha torpaq sahəsində yerləşən 7 otaq, 1 zal, 1 mətbəxdən ibarət fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə xərcinin ödənilməsini tələb etmədiyindən həmin xərc ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdeh XXX Cavabdeh qarşı “Ümumi paylı mülkiyyətdən payların naturada ayrılması” tələbinə dair iddiası qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan və Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,25 ha torpaq sahəsinin, tikintialtı torpaq sahəsi birgə mülkiyyətlərində saxlanılmaqla ¾ hissəsi yola çıxışı nəzərə alınaraq, Bölgü Planında nəzərdə tutulmuş qaydada İddiaçı payı naturada ayrılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim : Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-131/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-131/2024
01.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver