Məhkəmə qərarları › İş №2(021)-1425/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1425/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1425/2025 08.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh əmlakı ilə birlikdə çıxarılmasına və onun həmin evə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddia tələbi onunla əsaslandırmışdır ki, onun Bərdə rayon Kələntərli qəsəbəsində xüsusi mülkiyyətində olan fərdi yaşayış evi var. Hazırda həmin fərdi yaşayış evi hazırki iş üzrə Cavabdeh tərəfindən zəbt olunmuşdur. Belə ki, iddiaçının həyat yoldaşı X1 rayonundan məcburi köçkün kimi Bərdə rayonuna gəldikdən sonra Bərdə rayon Kələntərli qəsəbəsində bir neçə sotdan olan torpaq sahəsində 1998-ci il tarixdə 1 otaqlı balaca bir fərdi yaşayış evi tikmişdir. Daha sonra onlar 2001-ci ildə rəsmi olaraq ailə qurub həmin bir otaqlı evdə yaşadıqları zaman həmin evin otaqlarını artıraraq evi üç otaqlı etmişlər və uzun illər orada yaşamışlar. X7 05 yanvar 2021-ci il tarixdə vəfat etdikdən sonra o, övladının olmadığından bir müddət həyat yoldaşının qardaşı oğlu ilə birlikdə həmin evdə yaşamışdır. 2023-cü ilin əvvələrində o, xəstələndiyindən qaynı oğlu onu öz evinə baxmaq üçün aparıb. Daha sonra ona öz evində baxacağını bildirmiş və onu evinə göndərməmiş. O, evin boş qalmaması üçün evi kirayə müqaviləsi olmadan ailə olan birininə vermək qərarına gəlmişdir. 2023-cü il tarixdən Cavabdeh onun evimdə qalmaq istədiyini bildirərək ona müraciət etmişdir. O da aralarında razılıq əsasında müvəqqəti olaraq cavabdehin yaşaması üçün evini aylıq 100 manata kirayəyə vermişdir. Cavabdeh 2023-cü ilin iyun ayından onun evində yaşayır. 2024-cü ilin iyul ayında o, evinə qayıtmaq istədiyi üçün Cavabdeh evindən çıxmasını bildirmişdir. Cavabdeh ilk öncə evdən çıxacağını bildirsə də, sonradan evdən çıxmaqdan imtina etmişdir. 2024-cü ilin avqust ayında o, bir daha cavabdehə evindən çıxmasını bildirsə də, cavabdeh onunla dalaşmış, onu təhqir etmiş və barələrində polis şöbəsinə şikayət etmişdir. 2024-cü ilin oktyabr ayından cavabdeh onun evində ödəniş etmədən qanunsuz olaraq qalır. Cavabdehin qaldığı fərdi yaşayış evin işıq və qaz sayğacları rəsmi olaraq iddiaçının adınadır. Cavabdeh onun evindən çıxmadığı üçün o, evin qazını və işığını dayandırmaq istəmir. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Bunun üçün cavabdehin Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxmasını və özünün həmin evə köçməyini istəyir. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən onun əmlakı ilə birlikdə çıxarılmasına və iddiaçının həmin evə köçürülmə tələbinə dair iddianın əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətçi olmadığını, həmin evin ona məxsus olmadığını, fərdi yaşayış evinin bələdiyyənin mülkiyyətində olduğunu, özünün şəhid qızı olduğunu, 8 ay erməni əsirliyində olduğunu, ona dövlət tərəfindən ev verildiyi təqdirdə yaşadığı fərdi yaşayış evini bələdiyyəyə təhvil verəckdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, 1998ci ildə Bərdə Rayonu, Kələntərli qəsəbəsində mərhum əri X7 ilə birgə 3 otaqdan ibarət olan ev tikdirib orda yaşamışlar. X15 2021-ci ildə vəfat etmiş, övladları olmadığından o evdə tək qalmış, sonra qaynının oğlu onu öz evinə aparmış, bir müddət onların evlərində yaşamış, lakin sonradan öz evinə qayıtmaq istədikdə cavabdeh onu evə buraxmamış, dəfələrlə cavabdehdən evini boşaltmağı tələb etsə də cavabdeh evdən çıxmamış, odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Cavabeh izahatında sözügedən fərdi yaşayış evinin və həmin evin inşa olunduğu torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, hazırda həmin evdə yaşadığını, təxminən 2 ilə yaxın müddət ərzində İddiaçı kirayə haqqı ödədiyini, 1-ci Qarabağ müharibəsində 8 ay erməni əsirliyində qaldığını, şəhid qızı olduğunu, iddiaçının qaz xəttini kəsdirdiyini, bu səbəbdən evi odunla qızdırdığını, ona dövlət tərəfindən Laçın rayonunda ev verildikdən sonra həmin fərdi yaşayış evini bələdiyyəyə təhvil verəcəyini bildirdi. Şahid ifadələri: X5 məhkəməyə verdiyi ifadəsində hər iki tərəfi tanıdığını, İddiaçı Məhmməd qızının əri X7 ilə birlikdə 1998-ci ildən Bərdə rayonu, Kələntərli qəsəbəsində mübahisəli evi tikdirdiklərini, orada yaşadıqlarını, Sonra Bəylərin öldüyünü və iki ilə yaxın müddət ərzində həmin ünvanda Cavabdeh yaşadığını, mübahisəli evdə usta işlədiyini, evin əvvəlcə bir otaq olduğunu, sonradan genişləndirildiyini, özünə məxsus yük maşını ilə iddiaçıya məxsus əşyaları həmin evə özünün daşıdığını bildirmişdir. X3 məhkəməyə verdiyi ifadəsində hər iki tərəfi tanıdığını, İddiaçı ilə qonşu olduğunu, Nəcimənin mübahisə olunan evdə 1998-ci il tarixdən yaşadığını, sonradan əri Bəylərin öldüyünü, bir müddət qayınının oğlunun Nəciməni öz evinə apardığını, bir-iki il sonra Rəqsanənin həmin evə yığışdığını, Nəcimənin evinə qayıtmaq istədiyini, lakin Rəqsanənin evdən çıxmadığını bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər: Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 və X4 15 mart 2001ci il tarixdə nikaha daxil olmuşlar Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 05 yanvar 2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Azəriqaz İB ilə İddiaçı arasında qazın alqı-satqısınna dair müqavilə bağlanılmışdır. “Yaşayış evlərində, ictimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan təhlükəsiz istifadə Qaydaları”ndan görünür ki, İddiaçı həmin qaydalar ilə tanış olduğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli “Enerjitəchizarı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”ndən görünür ki, Enerji Satış Departamenti ilə İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanılmışdır. 21859 nömrəli Sayğacın təhvil aktından görünür ki, xx.xx.2009-cu il tarixli ********** nömrəli sayğac və U00204200 nömrəli kart xx.xx.2021-ci il tarixdə İddiaçı təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli1754 nömrəli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Arayışdan görünür ki, Ağdam rayonu Soltanlıq kəndində qeydiyyatda olan İddiaçı ondan ötrü ki, o, hal-hazırda Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD-s üzrə İcra Nümayəndəliyinin Kələntərli (qəsəbəsi) kəndində yaşayır. Qeyd: Kələntərli qəsəbəsində olan yaşayış evi İddiaçı məxsusdur. Arayış Bərdə RPŞ-nə təqdim etmək üçün verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə. 13 mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə. 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə. 25. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası: Maddə 8 – Şəxsi və ailə həyatına hörmət hüququ

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarı: Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər.

Məhkəmənin mövqeyi: İşin hallarından görünür ki, İddiaçı məhrum əri X2 rayon Kələntərli qəsəbəsində fərdi yaşayış evini tikib, 2001-ci ildə iddiaçı ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə onlar həmin evin sahəsini genişləndirmişlər və 20 il ərzində həmin evdə yaşamışlar. 2021ci ildə X7 vəfat etmiş, 2023-cü ildə İddiaçı yaşadığı evdən köçmüş və 2024-cü ilin iyulavqust aylarınadək evi ayda 100 manata şifahi razılıq əsasında Cavabdeh kirayə vermişdir. 2024-cü ilin iyul-avqust aylarından etibarən İddiaçı Cavabdeh evi tərk etməyi bildirmiş, lakin cavabdeh evi tərk etməkdən imtina edərək hal-hazırda həmin evdə yaşayır. 2024-cü ilin oktyabr ayından cavabdeh iddiaçıya kirayə haqqı ödəmir. İddiaçı ilə cavabdeh arasında kirayə münasibətlərinin olduğu, cavabdehin iddiaçıya kirayə haqqı ödədiyi işin mübahisəsiz halıdır. Məhkəmə, İddiaçı Bərdə rayonu, Kələntərli qəsəbəsində yerləşən fərdi yaşayış evindən cavabdehin əmlakı ilə birlikdə çıxarılması və evə köçürülməsi tələbini araşdırarkən, ilk növbədə mübahisənin predmeti olan evin hüquqi statusunu aydınlaşdırmağı zəruri hesab edir. Mülki Məcəllənin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Hazırki iş üzrə mübahisənin predmeti olan evin inşasına lazımi icazələr alınmadığından, həmin daşınmaz əmlak dövlət qeydiyyatına alınmadığından, dövlət tərəfindən həmin əmlaka mülkiyyət hüququ, yəni şəxsin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququ tanınmır. Bununla belə, məhkəmə, mülki hüququn ümumi prinsiplərini, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd olunan yanaşmanı, həmçinin milli məhkəmə təcrübəsini rəhbər tutaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməlidir. Məhkəmə öz mövqeyini aşağıdakı hallarla əsaslandırılır: İddiaçının məhrum ərinin fərdi yaşayış evinin tikilməsi, iddiaçının birgə nikah dövründə evin sahəsinin genişləndirilməsi, yəni həmin evə maliyyə vəsaitlərin və əməyin sərf edilməsi iddiaçının həmin evin faktik sahibinin olmasının göstəricisidir. Məhkəmə hesab edir ki, özbaşına tikiliyə mülkiyyət hüququ tanınmasa da, onun inşasına faktiki sərf olunmuş əmlak mülki hüquq tərəfindən qorunur. Avropa Məhkəməsinin yanaşmasına görə də, özbaşına tikililərin sökülməsi zamanı kompensasiyanın ödənilməməsi 1 saylı protokolun 1-ci maddəsinin – mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə iddiaçının həmin özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı legitim gözləntisinin olduğu qənaətinə gəlir. Belə ki, Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etdiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saginadze Gürcüstana qarşı, 18768/05, §103). Mülki Məcəllənin 180.3-cü maddəsində qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə tərəfindən özbaşına tikilinin üzərində mülkiyyət hüququnun tanınması üçün əsasdır və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərarında qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa məhkəməsi öz qərarlarında vurğulamışdır ki, 8-ci maddənin mənasında “mənzil” (yaşayış yeri) anlayışı yalnız qanuni şəkildə istifadə edilən və ya qanuni əsaslarla qurulmuş yerlərlə məhdudlaşmır. “Yaşayış yeri” daxili qanunvericilikdəki təsnifatdan asılı olmayan, müstəqil (avtonom) anlayışdır. Hər hansı bir yerin 8-ci maddənin 1-ci bəndinin müdafiəsini təmin edən yaşayış yeri olub-olmaması faktiki hallardan — həmin yer ilə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılıdır. (Nafornita Moldova Respublikasına qarşı, 49066/12, §29) İddiaçının fərdi yaşayış evi ilə davamlı əlaqə xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, xx.xx.2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin İddiaçı ilə bağlanılmasında, həmçinin “xx.xx.2024-cü il tarixli1754 nömrəli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Arayış”da öz əksini tapır. Avropa Məhkəməsi özbaşına tikiliyə bütün kommunikasiya xətlərinin (işıq, qaz, su, telefon və s.) çəkilməsini və vətəndaşın uzun müddət ərzində orada yaşayıb kommunal ödənişlər etməsini, dövlət tərəfindən de-fakto Konvensiyanın 8-ci maddəsində qeyd olunan mənzil (yaşayış yeri) hüququnun tanınmasının əsası kimi qiymətləndirilir (Nafornita Moldova Respublikasına qarşı, 49066/12, §30,39,41). Avropa Məhkəməsi Öneryıldız Türkiyəyə qarşı qərarında qeyd edir ki, əgər dövlət 4 ildən artıq bir müddətdə iddiaçıya qarşı özbaşına tikili ilə bağlı irad bildirməyibsə, onun sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmayıbsa, faktiki olaraq iddiaçının həmin özbaşına tikiliyə mülkiyyət hüququnu tanıyıb (Öneryıldız Türkiyəyə qarşı, 48939/99, §127) . Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh İddiaçı özbaşına tikiliyə mülkiyyət hüququnun olmaması səbəbinə görə iddiaçının evindən çıxmaqdan imtina edilməsi əsassız hesab edilir. İddiaçının həmin evin tikilməsinə və yaxşılaşdırılmasına maliyyə vəsaitlərin sərf edilməsi, gələcəkdə ona mülkiyyət hüququnun əldə edilməsinə legitim gözləntisinin olması, həmin əmlak üzrə kommunal xidmətlərin göstərilməsi müqavilələrin onunla bağlanılması, 20 ildən artıq müddətdə orada yaşaması həmin əmlakla davamlı əlaqənin sübutudur və onun faktiki sahibliyində olan əmlaka özbaşına müdaxilədən qorunması üçün əsasdır. Cavabdehin şəhid ailəsi üzvü, müharibə əsiri və məcburi köçkün olduğunu iddiaçıya məxsus fərdi yaşayış evində qalması üçün əsas gətirməsi ilə bağlı məhkəmə qeyd edir ki, xalqın və hər bir vətəndaşın rifahının yüksəltmək, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmaq dövlətin vəzifələrindən biridir. Bununla belə, həssas qruplara aid vətəndaşların hüquqların həyata keçirilməsi digər şəxslərin əmlakına ziyan vurmaqla, onları həmin əmlakdan məhrum etməklə həyata keçirilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ona məxsus əmlakla birlikdə Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və İddiaçı həmin evə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh ona məxsus əmlakla birlikdə Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın və İddiaçı həmin evə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar