Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1427/2024 05.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X19 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Birgə nikah dövründə inşa edilmiş evin və torpağın bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, azyaşlı uşaqları 11 may 2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü qızı X13 və xx.xx.2016-cu il təvəllüdlü oğlu X15 ad-soyadlı övladlarının onun himayəsində saxlanılmaqla birgə nikah dövründə 0,15 hektar sahədə inşa edilmiş evin 4/3 hissəsinin, eləcə də 0,15 hektar torpağının yarısının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 iyun 2011-ci ildə qeyrirəsmi evlənmişdir. Rəsmi olaraq 11 sentyabr 2012-ci ildə nikaha girmişlər. Onların birgə nikahından 11 may 2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü qızı X13 və xx.xx.2016-cı il təvəllüdlü oğlu X15 ad-soyadlı övladları dünyaya gəlmişdir. Hər üç övladları hazırda Cavabdeh himayəsindədirlər. Onlar ailə olaraq birlikdə yaşamırlar. Ailə münasibətləri artıq 2 aydır ki, pozulmuşdur. Ailələrinin bundan sonra bərpası mümkün deyildir. Onların yenidən ailə kimi bir yerdə yaşamaları faktiki olaraq qeyri-mümkündür. Çünki, o artıq belə yaşamaq istəmir. Ona görə də boşanmaq istəyir. Cavabdeh da ondan boşanmaq istəyir. Ona görə də 20 fevral 2024-cü il tarixdə boşanma tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Evlilik dövründə-2015-ci ilin əvvəllərindən 0,15 hektar sahədə ev tikdirməyə başlamışlar. Evi tikdirib qurtardıqdan sonra otaqları hissəhissə təmir etdirmişlər. Ev bir mərtəbəli olmaqla 5 otaq, 1 mətbəx və 1 hamamdan ibarətdir. Evin çöldən çölə ölçüsü 14 x14 metrdir. Ustaların deməsinə görə içəridən isə 5 otaq və mətbəxlə birlikdə cəmi 600 km.dir. 3 övladı onda saxlanılmaqla həmin evin 4/3 hissəsinin, eləcə də 0,15 hektar torpağın yarısının ona verilməsi barədə qətnamə çıxarılmasını istəyir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək birgə nikah dövründə inşa edilmiş 5 otaqdan ibarət evin 4/3 hissəsində payının müəyyən edilib mülkiyyət hüququnun tanınması və 0,15 hektar torpaq sahəsinin yarısının üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı göstərdiklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 2011-ci ildə iddiaçı ilə ailə həyatı qurmuş, nikahlarını 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqdan sonra övladları onun himayəsində qalmışdır. İddiaçının tələb etdiyi torpaq sahəsi 0,15 ha deyil, 0,16 ha torpaq sahəsidir. Həmin torpaq sahəsini atası ona bağışlamışdır. Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri, yəni çıxarışı var. İnşa edilmiş evin mülkiyyətçisi olması barədə çıxarış almışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. AZE Seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli 73 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Bəcirəvan kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli 74 nömrəli arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu Bəcirəvan kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli Nikah akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 11 sentyabr 2012-ci ildə 470 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadına Səmədova soyadı verilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 11 may 2012-ci ildə Gülnur, 29 mart 2014-cü ildə Bahar və 02 sentyabr 2016-cı ildə Aqşin adlı uşaqları doğulmuşdur. 11 may 2012-ci il təvəllüdlü X4, 29 mart 2014-cü il təvəllüdlü X5 və 02 sentyabr 2016-cı il təvəllüdlü X8 “ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Bərdə regional “Asan Xidmət” mərkəzin notariat kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 4Ə-60 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması Müqaviləsindən görünür ki, “Hədiyyə verən”-X1 rayonu Bəcirəvan kəndində yerləşən ümumi sahəsi 0,32 ha olan torpaq sahəsinin ona məxsus hissəsindən 0,16 ha hissəsini “Hədiyyə alan”- X2 və 0,16 ha hissəsini “Hədiyyə alan”-Cavabdeh mülkiyyətinə verir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Reyestr nömrəsi **********73-10301 olan və Bərdə rayonu Bəcirəvan kəndində 0,16 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m, yaşayış sahəsi 97,4 kv.m, yardımçı sahəsi 55,4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci ildə Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00043 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 28 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 28 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 11 sentyabr 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılıqlara görə faktiki olaraq ayrılmışlar və ayrı yaşayırlar. xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin atası X1 rayonu Bəcirəvan kəndində yerləşən ümumi sahəsi 0,32 ha olan torpaq sahəsindən 0,16 ha hissəsini oğlu-X3, 0,16 ha hissəsini isə oğlu-Cavabdeh bağışlamışdır. Tərəflər birgə nikahda olduqları dövrdə qeyd olunan 0,16 ha torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m, yaşayış sahəsi 97,4 kv.m, yardımçı sahəsi 55,4 kv.m olan fərdi yaşayış evi inşa edərək həmin evdə yaşamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4-cü maddəsinə görə, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki mübahisənin gerçək hallarından görünür ki, sözügedən yaşayış evi tərəflərin birgə nikahları dövründə inşa edilməklə yanaşı olaraq, həm də birgə nikahları dövründə, yəni xx.xx.2015-ci ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə iş üzrə mövcud sübutları birlikdə dəyərləndirərək hesab edir ki, tərəflərin birgə nikahları dövründə Bərdə rayonu Bəcirəvan kəndində, 0,16 ha torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m., yaşayış sahəsi 97,4 kv.m., yardımçı sahəsi 55,4 kv.m. olan fərdi yaşayış evi inşa etmələri sübuta yetirildiyindən iddia tələbi, birgə nikah dövründə inşa edilmiş 5 otaqdan ibarət evin 4/3 hissəsində payının müəyyən edilib mülkiyyət hüququnun tanınmasına dair hissədə qismən təmin edilməli, evin 4/3 hissənə deyil, ½ hissəsinə İddiaçı payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalıdır. Bu, həm də aşağıda qeyd edilənlərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. X12 Məhkəməsinin Plenumu qərara almışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.” “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 B nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.” Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 0,15 ha, əslində isə 0,16 ha olan torpaq sahəsi xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin atası X6 tərəfindən cavabdehə bağışlandığından və iddiaçı torpağın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyması barədə məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi 0,15 hektar torpağının yarısının ona verilməsi hissədə təmin edilə bilməz. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xidməti haqqı, cəmi 100 (bir yüz) manat məbləğində vəsait cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə inşa edilmiş evin və torpağın bölünməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh adına qeydə alınmış və Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m., yaşayış sahəsi 97,4 kv.m., yardımçı sahəsi 55.4 kv.m. olan fərdi yaşayış evinə İddiaçı ½ payı müəyyən olunsun və onun həmin pay üzərində mülkiyyət hüququ tanınsın. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqı, cəmi 100 (bir yüz) manat məbləğində vəsait alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1427/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1427/2024
05.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver