Məhkəmə qərarları › İş №2(021)-1682/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1682/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1682/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı hədiyyə bağışlanmış evin qaytarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı Cavabdehə hədiyyə etdiyi ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində ümumi sahəsi 130.7 kv.m, yaşayış sahəsi 61 kv.m, yardımçı sahəsi 69,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin geri alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşı X2 oğludur. O, özünə məxsus olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində ümumi sahəsi 130,7 kv.m, yaşayış sahəsi 61 kv.m, yardımçı sahəsi 69,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 28 fevral 2019-cu il tarixində cavabdehə hədiyə olaraq notariat qaydasında verimişdir. Cavabdehlə əvvəllər aralarında olan münasibətlər yaxşı olsa da, son müddətlər cavabdeh onunla münaqişələr edərək, onunla dava-dalaşlar edir. O, cavabdehin əmisidir, ona yaxın olmuş, həmişə qayğısını çəkmiş, onun üçündə ona məxsus yaşayış evini satmaq istəyir. Cavabdehin bu cür hərəkətlərini nəzərə alıb hədiyyə verdiyi yaşayış evini geri qaytarmaq üçün məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, belə ki, evin əsli sahibi onlardır, sabiq həyat yoldaşı cavabdehin atası polis sıralarında işlədiyindən evin sənədləşməsini Vaqifin adına etmişdir. Ev onların şəxsi mülkiyyətindədir, iddiaçıya aid deyil. Evi özləri tikmişlər, cavabdeh Bakı şəhərində yaşayır, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Sabir küçəsi ev 14-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2210 nömrəli, 08 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri Sabir küçəsi 14-də yaşayır. İş materiallarına əlavə olunmuş İ-AZ 054275 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 26 oktyabr 1998-ci ildə doğulmuşdur, atası X6, anası X3r. İş materiallarına əlavə olunmuş RX ******* nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında 130.7 kv.m fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 28 fevral 2019-cu il tarixli Daşınmaz Əmlakın baışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, Bakıxanov küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində 23 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində ümumi sahəsi 130.7 kv.m, yaşayış sahəsi 61 kv.m, yardımçı sahəsi 69,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəzifələrindən biridir. Həmin Məcəllənin 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin prinsiplərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (Mülki Məcəllənin 6, 389-390-cı maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan RespublikasiKonstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrəMəhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: - hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; - hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər; - bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; - vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; - vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Həmin Məcəllənin 673-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hazırki iddia tələbini iddiaçmı onunla əsaslandırmışdır ki, “Cavabdehlə əvvəllər aralarında olan münasibətlər yaxşı olsa da, son müddətlər cavabdeh onunla münaqişələr edərək, onunla dava-dalaşlar edir. O, cavabdehin əmisidir, ona yaxın olmuş, həmişə qayğısını çəkmiş, onun üçündə ona məxsus yaşayış evini satmaq istəyir. Cavabdehin bu cür hərəkətlərini nəzərə alıb hədiyyə verdiyi yaşayış evini geri qaytarmaq üçün məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir.” Göründüyü kimi mülki qanunvericilikdə iddiaçının iddia tələbində göstərdiyi hallar öz əksini tapmamış və bundan başqa iş materiallarından müəyyən edilir ki, mübahisəli ev 28 fevral 2019-cu ildə cavabdehə bağışlanılmış və artıq bağışlama tarixindən 3 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə və qanunvericiliyin mövqeyinə əsasən məhkəmə hesab edir ki, verilmiş iddia tələbi təmin edilə bilməz. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı hədiyyə bağışlanmış evin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar