Məhkəmə qərarları › İş №2(021)-1856/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1856/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1856/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Salahov Elgiz Sabir oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 Nuruş qızı, Əkbərov Xanlar Eldəniz oğlu və Əkbərova Fidan Eldəniz qızı Cavabdeh qarşı mübahisəli evə köçrülməyə, həmin evdən, sanitar qovşaqdan və köməkçi tikililərdən, həmçinin həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə köçrülməyə, həmin evdən, sanitar qovşaqdan və köməkçi tikililərdən, həmçinin həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 Nuruş qızı, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 1994-cü ildə cavabdeh Cavabdeh ilə qeyri-rəsmi nikaha girərək ailə qurub indi yaşadığı Bərdə şəhəri H.Z.Tağıyev küçəsi 37 saylı ünvandakı evə gəlin gətirilib. Gəlin gətiriləndə özü ilə gətirdiyi cehiz əşyaları bu gündə həmin evdədir. Cavabdeh ilə qeyd olunan nikah 28 yanvar 1997-ci il tarixdə rəsmiləşdirillmişdir. Həmin nikahdan digər iddiaçılar Əkbərov Xanlar Eldəniz oğlu 15 noyabr 1994-cü ildə, Əkbərova Fidan Eldəniz qızı isə xx xxx 1996-cı ildə mübahisəli ünvanda anadan olmuşlar və orada böyümüşlər. Cavabdeh Cavabdeh ilə mütamadi olaraq evdə söz-söhbət yaradaraq dava-dalaş saldığı üçün iddiaçı ilə onun arasında olan nikah Bərdə Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(021)-1456/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda onlar mübahisəli evdə yaşayırlar. Lakin son vaxtlar cavabdeh Cavabdeh Xanlar oğlu onlardan evdən çıxmağı tələb edir, tələbini yeni ailə qurmağı ilə əsaslandırır. Ona görə də məcbur olub mübahisəli evə köçürülməyə, həmin evdən, sanitar qovşaqdan və köməkçi tikililərdən, həmçinin həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə mürciət ediblər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir, buna görə də məhkəmə onların iddialarının təmin edilməsi barədə qətnamə çıxrmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 Nuruş qızı, Əkbərov Xanlar Eldəniz oğlu, Əkbərova Fidan Eldəniz qızının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasında anadan olmuşdur. Bərdə şəhəri H.Z.Tağıyev küçəsi ev 37-də qeydiyatdadır. İş materiallarında olan Seriya AZE 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx xxx 1996-cı ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri H.Z.Tağıyev küçəsi ev 37-də qeydiyyatdadır. İş materiallarında olan Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 16 noyabr 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışdan müəyyən olunur ki, İddiaçı3 Bərdə şəhəri H.Z.Tağıyev küçəsi ev 37-də qeydiyyatdadır. İş materiallarında olan vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışdan müəyyən olunur ki, Orucova Şəfiqə Nuruş qızı Bərdə şəhəri H.Z.Tağıyev küçəsi ev 37-də qeydiyyatdadır. İş materiallarında olan vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışdan müəyyən olunur ki, İddiaçı2 Bərdə şəhəri H.Z.Tağıyev küçəsi ev 37-də qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, **********64 nömrəli məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reystirində qeydiyyata alınmamışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1013/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı1 kompensassiya ödənilməklə cavabdehin ona məxsus evdən istifadə hüququna xitam verilərək çıxarılması barədə qarşılıqlı idsia tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1013/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı1 cavabdeh Cavabdeh Xanlar oğluna qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı1 1994-cü ildə cavabdeh Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 05 mart 2019-cu il tarixli, 2(021)-1456/2019 saylı qətnmə ilə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı Orucova Şəfiqə Nuruş qızı məhkəmədə Cavabdeh qarşı evdən istifadə hüququnun müəyyən edilməsi barədə iddiası təmin edilməmişdir. Mənzilə köçürülmə tələbinə dair məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində, eləcə də nümayəndəsi və vəkili məhkəmə iclas zalında çıxışda bildirdi ki, iddiaçılar həmin mübahisəli evdə yaşayırlar. Həmin iddia ərizəsi gələcəkdə özlərini sığortalamaq məqsədilə verilmişdir. Yəni, bu günki gün iddiaçılar mübahisəli evdə yaşayaraq ondan istifadə edirlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, cavabdehin keçmiş arvadı, eləcə də övladları mübahisəli evdə yaşayaraq onda cavabdehlə birgə istifadə edirlər. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh həmin fərdi yaşayış evinin mülkiyyətçisi deyil, buna görə də iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1 Nuruş qızı, Əkbərov Xanlar Eldəniz oğlu və Əkbərova Fidan Eldəniz qızının Cavabdeh qarşı mübahisəli evə köçrülməyə, həmin evdən, sanitar qovşaqdan və köməkçi tikililərdən, həmçinin həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar