Məhkəmə qərarları › İş №2(021)-1887/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1887/2023

01.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1887/2023 01.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bərdə rayon Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0.30 ha həyatyanı torpaq sahəsindən və 0.46 ha pay torpaq sahasindən övladının payının vərəsələr arasında bölünməsi və naturada tanınması” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayon Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0,30 ha həyətyanı torpaq sahəsindən və 0,46 ha pay torpaq sahəsindən 26 avqust 2006cı il təvəllüdlü övladı X2 payının vərəsələr arasında bölünməsi və naturada tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, O, X14 ilə rəsmi olaraq 2005-ci il tarixdə ailə qurub evlənmişdir. Birgə nikah dövründən 26 avqust 2006-cı il təvəllüdlü X5 adlı 1(bir) övladları anadan olmuşdur. Aralarında yaranmış narazıçılığa görə nikahları rəsmi olaraq 21 aprel 2011-ci il tarixdə pozulmuşdur. Həyat yoldaşı Rəfail Məmmədov 16 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etməmişdən öncə Bərdə rayon Alpoud kəndində həyat yoldaşının adına 0.30 ha həyatyanı torpaq sahəsi və 0.46 ha torpaq pay sahəsi verilmişdir. Onlar evli olduqları zaman həmin torpaq sahələrini yararlı hala salaraq istifadə edirdilər. Lakin nikahları pozulduqdan sonra o torpaq sahələrindən istifadə etməmişdir. Həyat yoldaşı Rəfail Məmmədov vəfat etdikdən sonra Bərdə rayon Alpoud kəndində yerləşən 0.30 ha həyatyanı torpaq sahəsini və 0.46 ha pay torpaq sahəsini hazırki iş üzrə cavabdeh sabiq qaynanam X17 və sabiq qaynatam Cavabdeh2 istifadə etmişdir və halhazırdada istifadə edirlər. Hazırki qeyd etdiyi torpaq sahələrində mərhum ilə birgə nikah dövründə olan 2006-cı il təvəllüdlü övladınında payı var. Hal-hazırda o Bərdə rayon Alpoud kəndində yerləşən 0.30 ha həyat yanı torpaq sahəsindən və 0.46 ha pay torpaq sahəsindən az yaşlı övladının payının tanınıb naturada ayrılmasını istəyir. 0.30 ha hayat yanı torpaq sahəsindən və 0.46 ha pay torpaq sahəsindən övladının payları naturada ayrılsınki, o və övladı həmin torpaq sahəsindən istifadə etsinlər. Daşınmaz əmlaka Bərdə rayon Alpoud kəndində yerləşən 0.30 ha həyat yanı torpaq sahəsinə və 0.46 ha pay torpaq sahəsinə verilmiş olan dövlət aktlarının sürətinin ona verilməsini bildirsədə, daşınmaz əmlak dövlət aktlarını ona verməkdən imtina etmişdir. Mübahisəli dövlət aktlarının alınıb mülki işə əlavə edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadına əsasən iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bərdə rayon Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0,30 ha həyətyanı torpaq sahəsindən və 0,46 ha pay torpaq sahəsindən övladının payının vərəsələr arasında bölünməsi və naturada tanınması” tələbinə dаir mülki iş üzrə X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı öz ifadəsində iddia ərizəsinin məzmununa uyğun ifadə verərərk iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs X12 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri ilə bağlı məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib iş materialları ilə birlikdə təqdim edilmiş sübutları əlaqəli şəkildə araşdırıb obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı – xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan 06 may 2011-ci il tarixli, AZ-İ 123341 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X15 arasında olan nikah pozulmuş və bu 21 aprel 2011-ci il tarixdə 61 nömrə qeydə alınmışdır. İş materiallarında olan 21 iyul 2011-ci il tarixli, AZ-İİ 714896 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 26 avqust 2006-cı il tarixdə anadan olmuş və bu da 16 oktyabr 2006-cı il tarixdə akt qeydləri kitabında 26 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı – xx.xx.1986-cı il tarixdə ünvan 1ində anadan olmuş və 26 sentyabr 2016-cı il tarixdən Ağdam rayonu, Papravənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli, 1955 nömrəli məlumatdan görünür ki, X6 adına Bərdə rayonu, Alpout kəndində 3 nəfər ailə üzvü ilə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Bərdə rayonu, Alpout kəndində 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Bərdə Rayon Polis tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli, 41655 nömrəli məlumatdan görünür ki, X19 və Cavabdeh2 Bərdə rayonu Alpoud kəndində qeydiyyatdırlar və həmin kəndə yaşayırlar. İş materiallarında olan sorğunun nəticəsindən görünür ki, AZE ******* serya, nömrəli şəxsiyyət vəsiqəsinə sahib olmaqla Cavabdeh2 – xx.xx.1937-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Bərdə Rayon Polis tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli, 3-13-68/2-10584 nömrəli məlumatdan görünür ki, xx.xx.1940-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il tarixdə Bərdə RPŞ QSVB tərəfindən AZE0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i, xx.xx.1937-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2005-ci il tarixdə Bərdə RPŞ QŞVB tərəfindən AZE0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2023cü il tarixli, 154531 nömrəli arayışdan görünür ki, X14 – xx.xx.1968-ci il tarixdə ünvan 1ində anadan olmuş və bu xx.xx.1968-ci ildə 31 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2023cü il tarixli arayışdan görünür ki, X5 – xx.xx.2006-ci il tarixdə anadan olmuş və bu xx.xx.2006-cı ildə 16 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2023cü il tarixli arayışdan görünür ki, X14 ilə İddiaçı arasında nikah 11 noyabr 2005-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2023cü il tarixli, 123325 nömrəli arayışdan görünür ki, X14 ilə X15 arasında olan nikah 21 aprel 2011-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan 29 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər Cavabdeh2 və X19 və hədiyyə alan X13r. Hədiyyə verən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 154.9 kv/m, yaşayış sahəsi 77.1 kv/m. yardımçı sahəsi 77.8 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a maxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Hədiyyə alanın" mülkiyyətinə verir(lər): Hədiyyə verən Cavabdeh2 (154.9 kv/m, 3 otaq) - oğlu olan Hədiyyə alan X12; ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.3 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Hədiyyə alanın" mülkiyyətinə verir(lər): -Hədiyyə verənlər Cavabdeh2, Cavabdeh1 QİZİ / (tam hissə, 0.3 ha torpaq sahəsinin özlərinə məxsus olan hissəsini) - Hədiyyə alan X12 verirlər. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN – 016A, KOD 61001018 nömrəli şəhadətnamədən görünür ki, ünvan 1 sakini ünvanı Cavabdeh2, X20 və X9 Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qıərarı ilə 0.30 hektar fərdi yaşayış evi, həyatyanı sahə kollektiv mülkiyyətinə verilib. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışından görünür ki, **********98-10301 reyestr nömrəli, 154.9 kvadratmetrlə, 0.30 hektar torpaq sahəsi X10 adına rəsmləşdirilmişdir. Pay hissələri olaraq X11 torpaq sahəsinin 1/3 hissəsi, X12 torpaq sahəsinin 2/3 hissəsi qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayon Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0,30 ha həyətyanı torpaq sahəsindən və 0,46 ha pay torpaq sahəsindən 26 avqust 2006-cı il təvəllüdlü övladı X2 payının vərəsələr arasında bölünməsi və naturada tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X1 ölümündən sonra onun birinci növbə vərəsələri atası Cavabdeh2, anası Cavabdeh1 və oğlu X3r. Bundan başqa işdən müəyyən edilir ki, mərhum X6 adına Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsi və ünvan 1ində yerləşən 0,46 ha torpaq sahəsi mövcuddur. Məhkəmə hesab edir ki, mərhum Rəfail Məmmədov 16 oktyabr 2016-cı ildə vəfat etdiyindən və həmin tarixdən miras açıldığından lakin, iddiaçı bilməyərəkdən müddəti ötürdüyündən ərizə təmin edilməli,mirasın qəbulu üçün buraxılmış müddət üzürlü sayılaraq bərpa edilməli və mərhum Rəfail Məmmədovdan miras qalan əmlak olan torpaq sahələri yuxarıda adları qeyd edilən qanun üzrə birinci növbəli vərəsələr arasında tərəflərin paylarına uyğun olaraq bölünməlidir və tərəflərin miras payları tanınmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi miras payının naturada tanınması hissəsində təmin edilə bilməz. Belə ki, ilk növbədə vərəsəlik payları tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız bundan sonra iddiaçı payın naturada tanınmasını və ya ayrılmasını tələb edə bilər ki, bu halda ekspertiza keçirilərək müvafiq rəy alınır ki, bu da növbəti və başqa bir iddianın predmetidir. Buna görə də həmin tələbə hazırki işdə baxıla və təmin edilə bilməz. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələbinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilsin və miras əmlak bölünməklə mərhum X4 miras qalan Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, (0,1 ha hissəsinə) 1/9 hissədə Cavabdeh2, 1/9 hissədə Cavabdeh1, 1/9 hissədə X2, ünvan 1ində yerləşən 0,46 ha torpaq sahəsinin 1/3 hissəsinə (0,153 ha) Cavabdeh2, 1/3 hissəsinə (0,153 ha) Cavabdeh1, 1/3 hissəsinə (0,153 ha) isə Cavabdeh2 miras (vərəsəlik) payları tanınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar