Məhkəmə qərarları › İş №2(021)-1917/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1917/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1917/2022 07.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əmlakının onun mülkiyyətində olan Bərdə şəhəri F.B.Köçərli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evindən çıxarılması və X2nun hərbi biletinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tam mülkiyyətində olan Bərdə şəhəri F.B.Köçərli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi var. Həmin ev isə Daşınmaz Əmlakın Dövlət Reyesterindən 03 iyun 2008-ci il tarixdə 00005853 nömrəsi ilə qeydiyyata alınmış, çıxarış da verilmişdir. X2 Cavabdeh ilə 28 fevral 2019-cu ildə qeyri rəsmi nikah münasibətinə girməklə evlənmişdir. Oğlu ona bildirmişdir ki, onlara müvəqqəti evdə sığınacaq verim, tezliklə çıxacaqlar. Onlara müvəqqəti yaşamaq üçün tam mülkiyyətində olan Bərdə şəhəri, F.B.Köçərli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evində sığınacaq vermişdir. Lakin cavabdehin əmlaklarının onun evinə yığılmasına baxmayaraq oğlu ilə cavabdeh Bakı şəhərinə çıxıb gedib, orada kirayədə yaşamışlar. Oğlu Arzuman cavabdehlə bir yerdə yaşadıqları müddətdə övladları olmamışdır. Hətta bu illər ərzində uşaqları olmamasına görə cavabdehi müxtəlif xəstəxanalarda, müxtəlif həkimlərdə müalicə etdiriblər. Lakin bir nəticəsi olmamışdır. X15 cavabdehlə bir yerdə yola getməmişdir və ailə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən də cavabdehlə ayrılıb Rusiya Fedarasiyasına getmişdir. Cavabdehin bacısı gəlib onu öz evinə aparmışdır. Cavabdeh özü onun evini tərk edib çıxıb getməsinə baxmayaraq əmlakı onun evində qalmışdır. Dəfələrlə desə də gəl cehiz əşyalarını apar, gəlib aparmamışdır. Cavabdehin bacı qardaşları onun oğlunu təhdid edir, hədələyirlər, cavabdeh özü isə bildirir ki, əgər ayrılsa özünü öldürəcəkdir. Böyük oğlu 2007-ci ildə ailə qurmuşdur, birinci qrup gözdən əlildir. Hal-hazırda ailəsi və övladları ilə birlikdə onun evində yaşayır. Bundan başqa dəfələrlə tələb etmələrinə baxmayaraq oğlunun hərbi biletini vermir, cehiz əmlakları evində bir otaqdadır, həmin otağı nəvələrinə yataq otağı etmək istəyir. Cavabdeh əmlakını könüllü aparmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının mülkiyyətində olan və əmlakı hazırda yığılmış evdə uzun müddətdir ki, yaşamır, lakin əmlakını yığmağa yeri yoxdur, iddianın rədd edilməsini xahiş etdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 xx xxxxxx 1964-cü ildə ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AZE 16277758 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 27 noyabr 1966-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş İV-JQ 282446 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X1 27 fevral 1986-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikahdan sonra arvada Axundova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AA0541567 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 06 aprel 1993-cü ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş MH ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində Bərdə şəhəri, F.B.Köçərli küçəsində 0.05 ha həyətyanı torpaq sahəsində 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən 2637 nömrəli, 10 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri A.Əhmədov küçəsi 2 nömrəli evdə yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh əmlaklarını mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin əmlaklarının çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirildiyindən iddia tələbi qimən təmin edilməli, Cavabdeh əmlakları mənzildən çıxarılmalıdır. Lakin iddia tələbinin iddiaçının X2na məxsus olan hərbi biletinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə aid hissədə iddiaçı iddia tələbini sübut edə bilmədəyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əmlakları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanından çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar