Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1943/2021 01.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən və mülkiyyətində olan evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Bərdə rayonu Qazıqurdalı kəndində 63.1 kv. metr evi vardır. Cavabdehlərin atası X5 ilə birgə nikahda olduğundan onun əvvəlki nikahından olan cavabdeh uşaqlarına da onlarla birgə yaşamağa icazə vermişdir. Hazırda ayrılmışlar. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(021)1480/2021 nömrəli qətnaməsinə əsasən X5 ilə aralarında olan nikah pozulmuşdur. Dəfələrlə cavabdehlərin ona məxsus evindən çıxmasını tələb etsə də lakin cavabdehlər ona məxsus olan evdən çıxmamışdır. Cavabdehlər mütamadi olaraq evdə narazılıq yaratmışlar. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən və mülkiyyətində olan evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bundan başqa, 14.07.2021-ci il tarixdə iddiaçı notarila qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək bildirdilər ki, iddiaçı onların ataları Fazil ilə rəsmi nikanda olmuşdur. 2021-ci ilin aprel ayında isə bizi mübahisəli evdən çıxartmaq üçün formal olaraq boşanmışlar. Buna baxmayaraq iddiaçı və ataları hal-hazırda da birlikdə ailə kimi yaşayırlar. Əlavə olaraq bildirirlər ki, onların atababa evləri vardır. 2016-cı ildə həmin ev satıldıqdan sonra atam Fazilin adına hazırki mübahisəli ev alınmışdır və bizdə atamın ailə üzvü kimi birlikdə həmin evdə yaşamışıq. 2020-ci ildən atam və iddiaçı bizi evdən çıxarmaq üçün məhkəmələrdə müxtəlif iddialar qaldırmağa başladılar. Heç bir nəticə əldə etmədikdə isə 2020-ci ilin dekabr ayında atam formal olaraq evi iddiaçıya bağışladı. Bundan bir neçə ay sonra isə onlar formal olaraq boşandılar. Lakin faktiki olaraq hal-hazırda da birlikdə yaşayırlar. Odur ki, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə cavabdehləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli, 534 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qazıqurdalı kəndində yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X2 rayonu Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi X4 kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Qazıqurdalı kəndində 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 63.1 kv. metr olan daşınmaz əmlak X3 xüsusi mülkiyyətindədir. 22 dekabr 2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin” surətindən görünür ki, X5 özünə məxsus olan Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən ümumi sahəsi 63.1kv. metr,yaşayış sahəsi 54.1 kv. metr,yardımçı sahəsi 9 kv. metr olan 2 otaqlı fərdi yaşayış evini arvadı İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Qazıqurdalı kəndində 0.02 ha torpaq sahəsində yerləşən 63.1 kv. metr daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə İddiaçı arasında 05 iyun 2018-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Diarəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, məktubundan görünür ki, X7 2017-ci ildə Qaradəmirçi kənd İcra Nümayəndəliyinin Qazıqurdalı kəndinə aid təsərrüfat başına kitaba arvadı İddiaçı ilə birlikdə qeydiyyata düşmüşdür. 0,02 ha torpaq sahəsi və ümumi sahəsi 63.1 kvadratmetr olan əmlakın 2017-ci ildən 20.04.2021-ci ilə kimi X5 mülk sahibi və təsərrüfat başçısı olmuşdur. 21.01.2021-ci ildən mülkün sahibi və 20.04.2021-ci ildən təsərrüaft başçısı İddiaçı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən və mülkiyyətində olan evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət beynəlxalq hüquq normalarına uyğun olaraq Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin qərarda daha sonra göstərilmişdir ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabehlər Cavabdeh1 və Cavabdeh2 hazırki iş üzrə iddiaçının keçmiş əri Fazilin uşaqları olmaqla onun ailə üzvləridirlər. Bundan başqa, Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evini hazırki iş üzrə cavabdehin atası X5 2020-ci ilin dekabr ayında iddiaçıya bağışlamışdır və mübahisəli ev bağışlanma edilən zaman cavabdehlərdə həmin evdə yaşamışlar. Həmçinin işdən müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 hal-hazırda da mübahisəli evdə yaşayırlar. Göründüyü kimi, mübahisəli ev iddiaçıya bağaşlanmış və o da yüklü olaraq yəni, evdə cavabdehlər Vüsal və İlqarın yaşamaqda davam etdiyi vəziyyətdə bağışlanmış əmlakı qəbul etmişdir. Bundan başqa cavabdehlər məhkəmədə verdikləri izahatlarında göstərmişdirlər ki, iddiaçı onların ataları Fazil ilə rəsmi nikanda olmuşdur. 2021-ci ilin aprel ayında isə bizi mübahisəli evdən çıxartmaq üçün formal olaraq boşanmışlar. Buna baxmayaraq iddiaçı və ataları hal-hazırda da birlikdə ailə kimi yaşayırlar. Əlavə olaraq bildirirlər ki, onların atababa evləri vardır. 2016-cı ildə həmin ev satıldıqdan sonra ataları Fazilin adına hazırki mübahisəli ev alınmışdır və onlarda atalarının ailə üzvü kimi birlikdə həmin evdə yaşamışlar. 2020-ci ildən ataları və iddiaçı onları evdən çıxarmaq üçün məhkəmələrdə müxtəlif iddialar qaldırmağa başlamışlar. Heç bir nəticə əldə etmədikdə isə 2020-ci ilin dekabr ayında ataları formal olaraq evi iddiaçıya bağışlamışlar. Bundan bir neçə ay sonra isə onlar formal olaraq boşandılar. Lakin faktiki olaraq hal-hazırda da birlikdə yaşayırlar. Eyni zamanda, qanunvericiliyin tələbinə görə, mənzilə mülkiyyət hüququ özgəninkiləşdirildikdə bu yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Hazırki işdən isə müəyyən edilir ki, iddiaçı Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evini yüklü olaraq qəbul etmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, evdən istifadə hüququ olan şəxs yalnız hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi halda mənzilə mülkiyyət hüququ özgəninkiləşdirildikdə istifadə hüququna xitam verilə bilər. İş materiallarından isə, hazırki iş üzrə cavabdehlərin yuxarıda qeyd edilən hüquqlarından imtinaları barəsində razılaşma aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evini yüklü olaraq qəbul etdiyindən, eyni zamanda cavabdehlərin mənzil özgəninkiləşdirildikdən sonra istifadə hüquqlarından imtina barəsində razılaşma olmadığından cavabdehlər həmin mənzildən çıxarıla bilməz. Çünki, Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1943/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1943/2021
01.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver