Məhkəmə qərarları › İş №2(021)-2017/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2017/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2017/2025 08.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 25 avqust 2025-ci il tarixdə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü ildə nikah bağlamışdırlar. Nikah bağlamaqda məqsədləri Ailə Məcəlləsində olacaq dəyişikliyə görə olmuşdur. Belə ki, o, cavabdehlə yaxın qohumdurlar. Qanun onların ailə qurmaqlarını qadağan edir. Buna görə də onlar nikahlarını əvvəlcədən bağlamışdırlar. Lakin ona məlum olmuşdur ki, onun cavabdehlə olan nikahı saxta olmaqla gələcəkdə onunla bir ailə kimi yaşaya bilməyəcəkdir. Onların faktiki olaraq nə toyları olmamış, nə də ailə münasibətlərində olmamışdırlar. Ona görə də nikahın etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Buna Ailə Məcəlləsində olan dəyişiklikdə imkan vermir. Ona görə də aralarında olan nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, onun 19 yaşı var. Cavabdehlə xx.xx.2024-cü il tarixdə nikah bağlamışdırlar. Onların xasiyyətləri uyğun gəmir. Ona görə də boşanmaq istəyir. Cavabdeh onun bibisi oğludur. Bibisi Fəridə və atası Sevdar doğma bacı-qardaşdır. Nikahı bağlamaqda məqsədi ailə qurmaq olmuşdur. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddia tələbinə etiraz edir. İddiaçı onun doğma dayısı qızıdır. Anası Fəridə və dayısı Sevdar doğma bacı-qardaşdır. Ailə qurduqları tarixdə hər ikisinin 18 yaşı tamam olmuş və ailə qurmaq məqsədilə nikah bağlamışlar.Tibbi müayinədən keçəndə heç bir xəstəlik aşkarlanmamışdır. O, sonuncu məhkəmə iclasında isə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixində anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ №637119 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 25 avqust 2024-cü il tarixdə Bərdə Regional «ASAN» xidmət mərkəzi Qeydiyyat şöbəsində 868 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı nikahın etibarsız sayılması üçün həmin orqana müraciət etmiş, əri Cavabdeh nikahın etibarsız sayılması üçün həmin orqana müraciət etməməsi səbəbindən məhkəməyə müraciət etməli olmuşdur. Mülki işə əlavə olunmuş Ağdam 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 25 avqust 2024-cü il tarixdə rəmi nikah bağlamışlar. X4 «ASAN» xidmət mərkəzi Qeydiyyat şöbəsində 868 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, nikahın etibarsızlığını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;[9] 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər 17.1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. 19.2. ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. 27.1. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. 27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. 27.4. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş şərtlərin pozulması müəyyən olunmamışdır. İddiaçı iddia edir ki, onlar yaxın qohum, yəni bibi oğlu dayı qızı olduğu üçün onlar arasında bağlanan nikah saxta nikahdır. Məhkəm bununla bağlı qeyd edirki, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmamasına dair Azərbaycan Respublikasının Ailə Məcəlləsinə 12.0.2-2-ci maddə Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli № 1198-VİQD nömrəli Qanuna əsasən əlavə edilmişdir. Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Tərəflər arasında nikah isə 25 avqust 2024-cü il tarixdə bağlanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər nikaha daxil olarkən nikaha daxil olma yaşına, 18 yaşına çatmışdır və onların nikahı könüllülükləri əsasında bağlanmışdır. Buna görə də iddia tələbi təmin oluna bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tləbi təmi edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. . Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar