Məhkəmə qərarları › İş №2(021)-2081/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2081/2024

27.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2081/2024 27.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayon Qarağacı kəndində yerləşən evindən cehiz əmlakının çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlini olub. Bərdə rayon Qarağacı kəndində yerləşən və hazırda cavabdehin cehiz əşyaları olan ev ona mənsubdur. Cavabdehdən dəfələrlə evindən əmlakının çıxarılmasını tələb etsə də cehiz əşyalarını onun evindən çıxarmır. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, Cavabdeh onun keçmiş həyat yoldaşına məxsus evinə gəlin köçdüyünü, sonradan, yəni 2019-cu ildə onun icazəsi ilə hazırda ona məxsus olan Bərdə rayon Qarağacı kəndində yerləşən evə köçüb yaşamağa başladığını, həmin evin sənədlərinin olmadığını və evin özbaşına tikili olduğunu bildirdi və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, əvvəl qanatasının evinə gəlin köçmüşdür. Cehiz əşyalarından yalnız yataq dəsti qaynatasının evinə, qalan əşyaları hazırki mübahisəli evə yığılmışdır. 2019-cu ilin may ayında qaynatası evindən çıxmışdır. 2019-cu ilin sentyabr-oktyabr aylarında hazırki mübahisəli evə köçmüşdür. Cehiz əşyalarıda həmin evə yığılmışdır. O, evə köçdükdən sonra həmin evdə əlavə tikinti işləri aparılmışdır. İddia tələbinin rədd olunmasını və yaşamaq hüququnun tanınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Seriya AA №235844 saylı X2 surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. İş materiallarında olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, Bərdə rayon Qarağacı kəndində yerləşən mənzildə istifadə olunan işıq sayğacı İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı ögey oğlu ilə ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Hazırda cavabdeh evdən köçmüş, lakin əşyalarını çıxarmamışdır. İddiaçının iddia etdiyi ev özbaşına tikilidir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə qeydiyyata alınmamışdır. Həmçinin işdə olan sənədlərdən görünür ki, “Azəriqaz” İB tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin yaşayış evinə qaz sayğacı çəkilmişdir. Yəni iş materiallarından görünür ki, İddiaçı hazırki mübahisəli evə mülkiyət hüququ olmasa da həmin evə sahiblik edir. Cavabdeh isə iddiaçının ögey oğlu ilə ailə qurduqdan bir müddət sonra həmin mənzilə köçmüşdür. Hazırda isə iddiçının oğlu ilə nikahları pozulmuş, hazırda həmin evdən köçmüş, lakin cehiz əşyalarını evdən çıxarmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, cavabdehin 2019-cu ildə mənzilə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər gəlin-qaynana münasibətində olduğundan onların bir-birinə olan münasibəti Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin təsir dairəsinə düşmədiyindən, həmçinin hazırda cavabdehin iddiaçının ögey oğlu ilə nikahlarının pozulduğundan və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmadığından iddia tələbi təmin olunmalıdır. Məhkəmə həmçin qeyd edir ki, cavabdeh həmin fərdi yaşayış evinə əlavələr etdiyini bildirsə də, bunu sübut edəcək dəlili məhkəməyə təqdim edə bilməmişdir. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçının sahibliyində olan evdə qalması və bu əmlakların cavabdeh tərəfindən həmin evdən çıxarılmaması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının mülkiyyətində olan əşyalarını evdən çıxarmamaqla mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun mülkiyyətində olan yaşayış evindən cavabdehə məxsus əşyalar çıxarılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Cavabdeh həmin mənzilə hər hansı bir hüququ olmadığından özünə məxsus əşyaları İddiaçı məxsus Bərdə rayon Qarağacı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən ödənilməmiş 100 manat məbləğində rüsum cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh tərəfindən özünə məxsus əşyaları İddiaçı məxsus Bərdə rayonu Qarağacı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilməmiş 100 manat məbləğində rüsum Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar