Məhkəmə qərarları › İş №2(021)-2107/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2107/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2107/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdə yaşamağa törədilən maneçiliklərə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Bərdə rayonu Mehdili kəndi ərazisində yerləşən 0,27 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 77,2 kv.m yaşayış, 62,4 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evində yaşamalarına törədilən maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1982-ci il tarixdə Bərdə rayonu, Mehdili kəndində anadan olmuşdur, ailəlidir, 3 uşaq atasıdır, İİ qrup əlildir. Bərdə rayonu, Mehdili kəndində ailəsi, üç uşağı və anası Cavabdeh ilə birlikdə atasından miras qalmış evdə yaşayır. Həmin ata evinin vərəsəlik üzrə mülkiyyətçilərindən biri də anası ilə bərabər odur. Eyni zamanda 0.27 ha həyətyanı torpaq sahəsinin 3 nəfər ümumi payçılarından biridir. Azyaşlı olduğu vaxtlarda atası vəfat etmiş, həmin ərəfədə yaşının az, özünün isə xəstə olması səbəbindən ona miras əmlakdan pay verilməmiş, bütün əmlak anası-Cavabdeh adma sənədləşdirilmişdir. Onun adına olan sənədlər anası və bacısı tərəfindən gizlədilərək, bütün hüquqları pozulmuşdur. Cavabdeh yaşının çox olması və yaxın qohum-əqrabanın öyrətməsi və təsiri nəticəsində bu hüquqdan istifadə edərək onu ailəsi və 3 körpə uşağı ilə birlikdə evdən çıxarmağa çalışır. Hətta həyat yoldaşının evdən çıxarılması barədə məhkəməyə müraciət edərək X4 uşaqları ilə birlikdə evdən çıxarılmasını xahiş etmişdir. İddianın təmin edilməsi barədə Bərdə Rayon Məhkəməsi tərəfindən 23.10.2020-ci il tarixli, 2(021)-2947/2020 saylı qətnamə çıxarılmışdır. Ailə qurduqdan sonra bacısı-cavabdeh X5 ailələrinin, evlərinin işlərinə müdaxilə edərək, anasını yoldan çıxararaq onunla düşmən etmiş, ailəsindən boşanmasını tələb edərək, əks halda evdən qovduracaqları ilə hədələmişlər. X1 bütün əmlakı ələ keçirmək üçün onu və ailəsini küçəyə atmağa belə hazırdır, hazırda evi öz adına sənələşdirmək üçün həyat yolaşı ilə birlikdə dəridən qabıqdan çıxırlar. Bütün bunlarla yanaşı məhkəmənin bir neçə qətnaməsi mövcuddur ki, bu qətnamələrdə onun yaşayış hüququ, mülkiyyət hüququ öz təsdiqini tapmışdır. Bərdə Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(021)-1538/2021 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) Bərdə rayonu Mehdili kəndində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ tanınmışdır. Bu baxımdan Cavabdeh Bərdə rayonu Mehdili kəndi ərazisində yerləşən 0.27 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 77.2 kv.m yaşayış, 62.4 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi olmasının təsdiq edən hüquqi sənəd-Seriya MH № ******* Dövlət Reyestrindən “Çıxarış” sənədi artıq öz qüvvəsini itirmişdir. Belə ki, mübahisəli evə məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş hüquqları Reyestr xidməti tərəfindən mütləq qeydə alınmalıdır. Beləliklə hazırkı reallıq ondan ibarətdir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən 23.10.2020-ci il tarixli, 2(021)-2947/2020 saylı qətnaməsi ilə X4 uşaqları ilə birlikdə evdən çıxarılması barədə iddianın təmin edilməsinin əsası olan mülkiyyət sənədi artıq etibarsızdır. Yəni bu gün onun ailəsinin və uşaqlarının çıxarılacağı evin mülkiyyətçisi tələbkar Cavabdeh deyildir. Lakin buna baxmayaraq cavabdeh yenə də onun ailəsini evdən çıxarmaq üçün yaşından istifadə edərək yaşamalarına əngəllər törədir, hətta qazın, işığın kartlarını gizlədir ki, pulu ödəyə bilməyib bezib evdən çıxaq. Hamıya belə gəlir ki, qoca anası ilə düşmənçilik edir. Lakin bu belə deyildir, qoca anasını yeznəsi və bacısı çox güclü təsir altında saxlayırlar. Cavabdehə dəfələrlə müraciət edərək, öz inşa etdikləri evə yığışmalarına icazə verməsini xahiş etsə də nəticəsi olmamışdır. Məhkəməyə müraciət edərək evə ailəsi ilə birlikdə yaşamalarına törədilən maneçiliklərin aradan qaldırılması barədə məhkəmə aktı çıxarılmasını xahiş etməkdən başqa yolu qalmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlər qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Mehdili kəndində mülkiyyətdə olan 0,27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77,2 kv.m yaşayış, 62,4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1538/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ilk iddia rədd edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1257/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, İddiaçı Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Qullar kəndində 0,27 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 77,2 kv.m yaşayış sahəsi və 62,4 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evindən, həyətdən və digər yardımçı tikililərdən istifadə hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məhkəmənin qətnaməsinə əsasən Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Qullar kəndində 0,27 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 77,2 kv.m yaşayış sahəsi və 62,4 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evindən, həyətdən və digər yardımçı tikililərdən istifadə hüququ tanınmışdır. Məhkəmə hesab edir ki, tərəflər eyni evdə yaşadıqlarından və aralarında mübahisə olduğundan cavabdeh tərəfindən İddiaçı həmin evdə yaşamasına maneçiliklər törətməsi realdır. Ona görə də iddia təmin olunmalı, İddiaçı Bərdə rayonu Qullar kəndində 0,27 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 77,2 kv.m yaşayış sahəsi və 62,4 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evində yaşamasına Cavabdeh tərəfindən törədilən maneəçiliklərə son qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı evdə yaşamağa törədilən maneçiliklərə son qoyulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı Bərdə rayonu Qullar kəndində 0,27 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 77,2 kv.m yaşayış sahəsi və 62,4 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evindən istifadə hüququna maneə törətməsi qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar