Məhkəmə qərarları › İş №2(021)-2137/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2137/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2137/2021 16.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 oktyabr 2019-cu ildə Bərdə rayon xəstəxanasında doğum evində anadan olan X4 doğumunun qeyd edilməsi faktının, atası X9, anası X12 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 ilə ailə qurmuş, nikahlarını 24.11.2019-cu ildə qeyd etdirmişlər. Birgə nikahlarından 05.10.2019-cu ildə Bərdə rayon xəstəxanasının doğum evində Gülay adlı qızları anadan olmuşdur. Ona doğum evindən 103 saylı tibbi sənəd verilməmiş, təkcə dəyişmə vəsiqəsi verilmişdir. Maraqlı şəxsnə qızı 05.10.2019-cu ildə doğulmuş Gülay üçün doğum haqqında şəhadətnamə verilməsi üçün müraciət etsə də 103 saylı sənıd olmadığı üçün məhkəməyə müraciət etməsi barədə cavab verilmişdir. Onun həqiqətən Bərdə rayon doğum evində 05.10.2019-cu ildə Gülay adlı qızının doğulmasını doğum evinin dəyişmə vərəqəsi təsdiq edir. Onun uşağı olarkən nikahları olmadığından soyadı qızlıq soyadı ilə, yəni Ələsgərova soyadı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək ərizəsinin doğum faktının müəyyən edilməsi kimi qəbul edilib, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X9 03 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək Ərizəçi ilə 11 noyabr 2018-ci il tarixdə toy edərək qeyri rəsmi ailə qurduğunu, birgə yaşadıqları müddətdə 05 oktyabr 2019-cu ildə Gülay adlı qızı övladlarının doğulduğunu, 05 oktyabr 2019-cu il tarixdə doğulmuş qız uşağının atası olmasını etiraf etdiyini, həmin uşağın atasının özü olduğunu bildirmişdir. Üçüncü şəxs X5 və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin üçüncü şəxs və maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X10, X2 və X7 Ərizəçi və X3 2018ci ildə ailə qurduqlarını, lakin nikahlarını 2019-cu ilin noyabr ayında rəsmiləşdirdiklərini, onların birgə nikahlarından 05 oktyabr 2019-cu il tarixdə Gülay adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından 05 oktyabr 2019-cu il tarixdə anadan olmuş qızları Gülaya doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş AZ-T 031389 saylı nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X9 və Ərizəçi 24 noyabr 2019-cu ildə 1373 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Namazova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X8 Poliklinkasının 21.05.2021-ci il tarixli 327 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X9 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 05.10.2019-cu il təvəllüdlü Namazova .... Pərvin qızı Bərdə RMX-da İSX-nin Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinədən keçirilmiş və praktik sağlam olması təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 333-05/15 nömrəli 25 may 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 05 oktyabr 2019-cu ildə qız övladı anadan olmuşdur. Tərəflər arasında nikah olmamış, uşağın atalıq faktı müəyyən edilməmişdir. Ərizəçi ərizəsində uşağın adının Gülay olduğunu qeyd etsə də Bərdə rayon X8 Poliklinkasının məktubdan müəyyən olunur ki, 05 oktyabr 2019-cu ildə anadan olmuş uşağın adı yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə uşağın adının Gülay olması hissədə və atası X9, anası X12 olması hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 05 oktyabr 2019-cu ildə Bərdə rayonunda anadan olmuş qız uşağının anadan olması faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 05 oktyabr 2019-cu ildə Bərdə rayonunda qız uşağı doğması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilisin. Ərizəçi 05 oktyabr 2021-ci ildə Bərdə rayonunda qız uşağı doğması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar