Məhkəmə qərarları › İş №2(021)-2190/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2190/2024

10.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2190/2024 10.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə 29 mart 2017-ci ildə aralarında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsinə və mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN-nin əmək müqavilələrinin qeydiyyata alınmsı üçün yaradılmış elektron sistemində onun adına cavabdeh-işə götürən Cavabdeh ilə 29 mart 2017-ci ildə bağlanmış əmək müqaviləsi qüvvədə olan əmək müqaviləsi kimi görünür. O, cavabdehlə əmək münasibətlərini 2019-cu ildən bitirmişdir. O, daha cavabdehin mazğasında işləmir. Buna baxmayaraq elektron bazada hələ də o, cavabdehin işçisi kimi qeydiyyatda qalmaqdadır. Bu məsələ barədə xx.xx.2024 cü il tarixdə məlumatlı olmuşdur. Belə ki, başqa bir iş üçün müraciət edərkən ona sistemdə adına əmək müqaviləsi olduğunu bildirmişlər. Məsələni aydınlaşdırmaq üçün ona DOST mərkəzinə müraciət etməyini məsləhət bildirlər. O, elə həmin gün yəni 09 aprel 2024-cü il tarixdə Bərdə rayonunda yerləşən DOST mərkəzinə gələrək, ƏƏSMN yanında X1 əməkdaşlarına müarciət etmiş və onlar da elektron sistemdən ona cavabdehin işçisi olduğuna dair elektron arayış taqdim etdilər. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh ilə 29 mart 2017-ci ildə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş İddiaçı barəsində Əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2027-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş mediasiya şurasının xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən halhazıradək Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Ağdam mobil bazasının 12 saylı təmizləmə dəstəsinin minaaxtaranı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi haqlı tələbdir və onunla cavabdeh arasında bağlanmış 29 mart 2017-ci il tarixli əmək müqaviləsi xitam olunmuş hesab edilsin. Məhkəmə iddia tələbinin 60 manat mediasiya xərci hissəsinə münasibətdə isə bildirir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi mülki məhkəmə icraatına aid olmayan tələbdir. Lakin bu qətnamə qanuni quvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən nəzərə alınmalı olan haldır. Əgər həmin hal nəzərə alınmasa iddiaçının inzibati məhkəmə icraatı çərçivəsində iddia qaldırmaq hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli əmək müqaviləsi xitam olunmuş hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən nəzərə alınsın. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar