Məhkəmə qərarları › İş №2(021)-2199/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2199/2024

14.10.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2199/2024 14.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh adına qeydə alınan ünvan 1 ünvanda yerləşən 20X25=500 kv/m həyətyanı sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin xx.xx.1995-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixli təhkim aktına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 330 nömrəli qərarı ilə Bərdə şəhəri əhalisinə həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış sahədən Bərdə rayon XDS (X3) İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 04 nömrəli qərarına əsasən iş üzrə Cavabdeh ünvan 2 ünvanda yerləşən 20X25=500 kv/m həyətyanı torpaq sahəsi ayrılmışdır. 1995-ci ildə Cavabdeh həmin torpaq sahəsini satdığı üçün o həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Bir-birlərini tanıdıqları və rayon adamı olduqları üçün öz aralarında kağız üzərində imzalar etməklə alqı-satqı etmişlər və o yuxarıda göstərilən torpaq sahəsini köhnə pulun vaxtında 100,000 (on şirvana) almışdır. Həmin vaxtdan 30 ilə yaxın vaxt keçmişdir ki, torpaq sahəsi onun istifadəsindədir. O, həmin yerdə ev inşa edib ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə RF-da yaşamaqla həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Onun Azərbaycana gəlməsi qeyri-mümkündür. Onun qeyri-rəsmi alqısatqısından artıq uzun illər keçmişdir. Lakin o həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Cavabdeh aralarında olan razılığı qəbul edir və heç bir etirazı yoxdur. Lakin, yuxarıda qeyd etdiyi səbəblərdən cavabdehin məhkəmə iclasına gəlməsi qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə notarial təsdiqli ərizə göndərərək iddianı qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07 mart 1988-ci il Təhkim Aktından görünür ki, Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30 noyabr 1988-ci il tarixli 17 nömrəli qərarı ilə yaradılmış komissiya üzvlərinin iştirakı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 19 sentyabr 1988-ci il tarixli 330 nömrəli qərarı ilə Bərdə şəhəri əhalisinə həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış sahədən Bərdə Rayon XDS İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli 04 nömrəli qərarına əsasən Bərdə şəhər sakini Cavabdeh Bərdə şəhəri Bakı küçəsi beşinci paralel 73 nömrəli 500 kv.m torpaq sahəsi yaşayış evi tikdirmək üçün yerində təhkim olunmuşdur. RF Daxili işlər orqanı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli pasportun surətindən görünür ki, Cavabdeh xx.xx.1961-ci ildə Azərbaycan SSR Bərdə rayonunda doğulmuşdur. İşdə olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.1995-ci il tarixli Qəbzin surətindən görünür ki, “Mən Cavabdeh adıma olan Bərdə rayon Bakı küçəsində yerləşən 5 sot torpağımı Bərdə rayon sakini İddiaçı 100.000 manata (10 şirvana) satdım.” İşdə olan sənədin 17-ci səhifəsinin surətindən görünür ki, Cavabdeh 0,0500 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 078306 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bərdə şəhər sakini Cavabdeh Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 517,34 kv.m. torpaq sahəsi verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Tərtər rayon Qapanlı kəndində anadan olmuşdur. Bərdə rayon Uğurbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 383 saylı xx.xx.2024cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Uğurbəyli kəndində yaşayır. İşdə olan ********** saylı xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı iddia etdiyi torpaq sahəsi 07 mart 1988-ci il tarixli Təhkim aktına və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli qərarına əsasən DTXK-nin torpaq sahəsinin planı və ölçüsündə göstərildiyi qaydada fərdi yaşayış evi tikmək üçün Cavabdeh ayrılmış və Cavabdeh xx.xx.1995-ci il tarixli qəbzinə əsasən hazırki iş üzrə İddiaçı satılmışdır. Cavabdeh məhkəməyə göndərdiyi notarial təsdiqli ərizə ilə iddianı qəbul və etiraf etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh RF vətəndaşı olduğundan və ölkə hüdudlarından kənarda olduğundan hazırda Respublikaya gəlib notarial alqı-satqı müqaviləsi bağlaya bilmir. İddiaçı isə qəbzin imzalandığı xx.xx.1995-ci il tarixdən bugünədək aralarında şifahi razılıqla satılmış torpaq sahəsində yaşayır və həmin sahəyə sahiblik və istifadə edir. Müqavilənin bağlanmaması isə iddiaçının mülkiyyət və onun tərkib hissəsi olan istifadə hüququnu pozur. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh adına qeydə alınan ünvan 1 ünvanda yerləşən 20X25=500 kv/m həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən İddiaçı satılmasına dair xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsi (əqd) bağlanmış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh adına qeydə alınan ünvan 1 ünvanda yerləşən 20X25=500 kv/m həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən İddiaçı satılmasına dair xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsi (əqdi) bağlanmış hesab edilsin. (Bu qətnamə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.) İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar