Məhkəmə qərarları › İş №2(021)-2411/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2411/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2411/2021 15.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.02.1980-cı il tarixdən 28.03.1983cü il tarixədək Mağavuz Sovxozunda, daha sonra isə 26.04.1984-cü il tarixdən 15.11.1987-ci il tarixədək , “Mirbəşir Şəfəq kolkozu” nda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayonu Kilsəli kəndində anadan olmuşdur. Sonradan Bərdə rayon Qaradəmirçi kəndinə köçüb orada yaşamışdır. 1974-cü ildə həqiqi həqiqi hərbi xidmətə getmiş, 1976-cı ildə hərbi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 02.02.1980-ci il tarixdən 28.03.1983-cü il tarixədək “Mağavuz “ Sovxozunda , daha sonra isə 26.04.1984-cü il tarixdən 15.11.1987-ci il tarixədək “Mirbəşir” Kolxozunda çalışmışdır. 28.08.1989-cu il tarixdən 2005-ci il tarixə qədər X3 işləmişdir. İşlədiyi illərin iş stajına hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinə müraciət etmiş, lakin həmin illərə görə əmək kitabçası olmadığına görə ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinin nümayəndəsi X4 ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayonunda Kilsəli kəndində anadan olmuşdur. Bərdə rayon Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayonunda Kilsəli kəndində anadan olmuşdur. Bərdə rayon Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tərtər ilk peşə ixtisas təhsili məktəbindən verilmiş 05 saylı 12 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 01 sentyabr 1970-ci il tarixdə Mirbəşir 31 saylı Texniki Peşə Məktəbinin “Suvaqçı rəngsaz “ qrupuna qəbul olub , 18 iyul 1972-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 26 saylı arxiv arayışından görünür ki, Ərizəçi 1985-ci il tarixdə 322 manat əmək haqqı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 26 saylı arayışdan görünür ki, “Ağdərə rayonu 3 saylı sovxozun ”əmr kitabları və əmək haqqı sənədləri Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 15 fevral 2021-ci il tarixli 47 saylı arxiv arayışından görünür ki, Ağdərə rayon Mağavuz Sovxozunun və Tərtər rayon Şəfəq kolxozunun sənəd materialları mühafizə olunmaq üçün X9 təhvil verilmədiyindən Ərizəçi həmin təsərrüfatlardakı iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra hakimiyyəti Bərdə rayon Dövlət Arxivindən verilmiş 21 iyun 2016-cı il tarixli 324saylı arxiv arayışından görünür ki, Bərdə rayon 2 saylı Təsərrüfat Hesablı Sahə üzrə verilmiş 10.02.1988-ci il tarixli 23 saylı Əmrə əsasən həmin tarixdən Ərizəçi 2 saylı Təsərrüfat Hesablı Sahəyə 5 dərəcəli elektrik montyoru qəbul olunması, 03.05.1989-cu il tarixli 62 saylı Əmrə əsasən həmin tarixdən Ərizəçi öz xahişi ilə işdən azad olunması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş 1/03 saylı 26.01.2021-ci il tarlixli arayışdan görünür ki, Ərizəçi 28.08.1989-cu il tarixdə X7 elektrik montyoru vəzifəsinə qəbul edilmiş, (əmr №90,28.08.1989-cu il ) 01.08.2001-ci il tarixdə “Gəncəelektrikşəbəkə” ATSC-nin sərəncamına keçirilmiş, (akt iyun-2001) 30.09.2002-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “a”bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş,(Əmr № 2035, 30.09.2002) ,01.10.2002-ci il tarixdə BAYVA-Qərbenerji MMC-nin Bərdə Şəbəkə Rayonunun hava xətti üzrə elektrik montyoru qəbul edilmişdir. (Əmr № 03, 01.10.2002).03.03.2005-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. (ƏMR №299/Ş , 03.03.2005 ) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinin Ərizəçi ünvanladığı 01 aprel 2021-ci il tarixli məktubdan görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bərdə rayon Şöbəsinə müraciət etsə də, ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İş üzrə şahid X2 bildirdi ki, o Ağdərə rayon şərab zavodunda işləyib. Ərizəçi da işlədiyi yadına gəlir, ancaq hansı vaxt olduğunu deyə bilmədi. İş üzrə şahid X5 bildirdi ki, Ərizəçi onun yerlisidir. Ağdərə rayon şərab zavodunda işləyib. Ərizəçi da işlədiyi yadına gəlir, ancaq hansı vaxt olduğunu deyə bilmədi. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Əliyeva Narıngül Əsgər qızı və X5 ərizəçinin həmin idarələrdə işlədiyini qeyd etsələr də, göstərdiklərinin hər hansı sübutla təsdiq edə bilməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, ərizəçi tələbin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar