Məhkəmə qərarları › İş №2(021)-2414/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2414/2024

25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2414/2024 25.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və evin mülkiyyətində olması faktının təsdiq edilməklə, mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Təbriz küçəsi, hazırda Sərvan Şükürov küçəsi 1.77 kv.m torpaq sahəsində yarımçıq tikilən evin və torpağın 10 ildən çox onun mülkiyyətində olması faktının təsdiq edilməklə, onun mülkiyyətində verilməsinə və ödədiyi 161 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı təsdiq olunmasını tələb etdiyi fakt məhkəmənin baxış predmeti olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 08 saylı iclasının Protokolundan Çıxarışdan görünür ki, Bərdə şəhər Nizami küçəsinin şərq tərəfində, 11 saylı 5 mərtəbəli yaşayış binasının cənub tərəfində, şimaldan və şərqdən yol ilə, qərbdən həyətyanı torpaq sahələri ilə həmsərhəd olmaqla cəmi sahəsi 192.5 kvm həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Lakin daşınmaz əmlak barəsində mübahisə olduğundan alqı-satqı baş tutmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı) Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Bərdə rayonu Bərdə Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi baş tutduqdan sonra daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müvaqif orqana müraciət etməsi, imtina olunduğu halda inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və evin mülkiyyətində olması faktının təsdiq edilməklə, mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Bərdə rayonu Bərdə Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi baş tutduqdan sonra daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müvaqif orqana müraciət etməsi, imtina olunduğu halda inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar