Məhkəmə qərarları › İş №2(021)-2487/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2487/2022

19.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2487/2022 19.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi qızına və Cavabdeh3 qarşı “kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi qızının və Cavabdeh3 müvəqqəti istifadələrinə verilmiş Bərdə rayonu, 866 ailəlik qəsəbəsində 11 saylı binada 9 nömrəli mənzilə dair 28 yanvar 2014-cü il tarixli 866/11 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi qızının və Cavabdeh3 və qeyrilərinin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 28 yanvar 2014-ci il tarixli "866/11” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2 və Əliyev X9 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bərdə rayonu rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik qəsəbədə 11 saylı binada 9 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Bərda rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Əliyev Yaşasif Araz oğlunun, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən cavabdehlərə 9 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə sə nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi qızına və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X16 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 28 yanvar 2014-ci il tarixli “866/11” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi qizi və Əliyev X9 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bərdə rayonu rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik qəsəbədə 11 saylı binada 9 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Aktlardan görünür ki, Bərdə rayon MKİS-nin rəisi X3, mühəndisi X5, sahə nəzarətçisi X10, sahə nəzarətçisi X1 nəzarətçisi X11, fəhlə X7, Lift-bələdçisi X8 iştirakları ilə Bərdə rayon 866 yerlik qəsəbə bina-11, mənzil-9-a baxış keçirilən zaman Cavabdeh1 və ailəsinin həmin mənzildə yaşamadığı müəyyən edilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 65 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qərarın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə xx.xx.2010-cu il tarixli 80 nömrəli Qərarının 5.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər tərəfindən yaşayış sahəsinə görə haqqın ödənilməsi istisna olmaqla); 5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi Bərdə rayonu, 866 ailəlik qəsəbəsində 11 saylı binada 9 nömrəli mənzildən qeyrilərinin çıxarılması hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı qeyriləri dedikdə kimləri nəzərdə tutduğunu əsaslandırmamışdır. Buna görə də bu hissədə iddia tələbinin təmin olunması məhkəmə qətnaməsində qeyrimüəyyənlik yarada bilər. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsum iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi qızına və Cavabdeh3 qarşı “kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti arasında bağlanmış 28 yanvar 2014-ci il tarixli “866/11” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi qızı və Cavabdeh3 Bərdə rayonu, 866 saylı qəsəbə 11 saylı bina 9 nömrəli mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar