Məhkəmə qərarları › İş №2(021)-256/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-256/2022

10.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-256/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Həmid oğluna qarşı pay torpağından çıxarılma, qanunsuz hasarlanmaqla bağlanmış gediş-gəliş yolun açılması və təsərrüfatlardan istifadə edilmsinə törədilən maneçiliklərə son qoyulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Quliyev Sərdar Həmid oğlunun Bərdə rayonu, Xanərəb kəndində yerləşən ona məxsus pay torpağından çıxarılması, cavabdeh tərəfindən qanunsuz gediş-gəliş yolunun açılması və onun təsərrüfatında istifadə etməyinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 1998-ci ildə X2 tərəfindən torpaq sahəsi verilmişdir. Bir müddət ona verilmiş pay torpağından rahat istifadə etmişdir. Lakin son illər onun pay torpağına yaxın ərazidə olan Cavabdeh ona verilmiş ərazidə özbaşına gedişgəliş yolu açmışdır. Nəhayət ona qarşı heç bir tədbir görülmədiyini görən cavabdeh özünü tam nəzarətsiz hesab edərək pay torpağına gediş gəliş etmək üçün istifadə etdiyi yolu tamamilə kəsib. Cavabdehə dəfələrlə müraciət etmişdir, lakin bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh bildirmişdir ki, guya onun torpağını pulla satın almışdır. Beləliklə cavabdehin özbaşınalığı və qanunsuz əməlləri nəticəsində o, öz torpağından lazımi qaydada istifadə edə bilmir, torpağının bir hissəsi zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi ərazini qanunsuz olaraq özününkiləşdirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1970-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayonu Xanərəb kənd inzibati ərazi dairəsi üzər nümayəndəliyi tərəfindən verilmiş 345 nömrəli, 16 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Kazım oğlu Bərdə rayonu, Xanərəb kəndində yaşayır. İş materiallarına əlavə olunmuş A391952 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən ollunuur ki, İddiaçı Kazım oğluna Bərdə rayonu, Xanərəb kəndində 4.31 ha torpaq sahəsi verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-256/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsi tərəfindən verilmiş rəy 06 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, iddiaçı naturada 5.90 ha torpaq sahəsindən istifadə edir və sənəd üzrə onun mülkiyyətinə verilmiş pay torpağının uzunluq ölçüləri naturada əskik deyildir, elektron məlumat bazasında mövcud, təsərrüfatın yerquruluşu layihəsinə və TEKUİS-nə əsasən yaşayış mənətəqəsi ilə pay torpaqları arasında nəzərdə tutulmuş ümumi istifadəli gediş-gəliş yolu hal-hazırda naturada mövcuddur və cavabdeh tərəfindən həmin yola maneçilik törədilməsi, zəbt edilməsi aşkarlanmamışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Həmid oğluna qarşı pay torpağından çıxarılma, qanunsuz hasarlanmaqla bağlanmış gediş-gəliş yoluun açılması və təsərrüfatlardan istifadə edilmsinə törədilən maneçiliklərə son qoyulması tələbi barədə iddiası sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, Cavabdeh Həmid oğlu tərəfindən İddiaçı Kazım oğlunun pay torpaq sahəsini zəbt etməmiş, gediş gəliş yolunu qanunsuz hasarlamamış, maneçilik törətməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilənlərə əsasən verilmiş iddia ərizəsində iddiaçı öz tələblərini sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Həmid oğluna qarşı pay torpağından çıxarılma, qanunsuz hasarlanmaqla bağlanmış gediş-gəliş yolun açılması və təsərrüfatlardan istifadə edilmsinə törədilən maneçiliklərə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar