Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-265/2023 18.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas kаtibliyi, Cavabdeh Əfrayım oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əfrayım oğluna qarşı “pay torpağından çıxarılma, təsərrüfatlardan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əfrayım oğluna qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh Əfrayım oğlunun ünvan 1ində yerləşən ona məxsus pay torpağından çıxarılması və onun Bərdə Rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,59 ha. kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsindən istifadə etməyinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bərdə Rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,59 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir. Bir müddət ona verilmiş pay torpağından rahat istifadə etmişdir. Lakin, son illər onun pay torpağına yaxın ərazidə olan Cavabdeh Əfrayım oğlu ona verilmiş həmin ərazidə ona məxsus olan dövlət pay torpağından neçə illərdir ki, qanunsuz istifadə edir. Cavabdehə dəfələrlə müraciət etmişdir, lakin bu müraciətlərin heç bir nəticəsi olmamışdır. O bildirdi ki, bu torpağı müvəqqəti icarəyə götürmüşdür. Lakin, onların arasında heç bir icarə müqaviləsi olmamışdır. Hal-hazırda həyat yoldaşı xəstədir. Hal-hazırda ailə vəziyyətləri ağır vəziyyətdə olduğu üçün dövlət tərəfindən onların ailəsinə ünvanlı sosial yardım ayrılmışdır. Beləliklə, cavabdehin özbaşınalığı və qanunsuz əməlləri nəticəsində o öz torpağından lazımi qaydada istifadə edə bilmir, torpağı zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi ərazini qanunsuz olaraq özününküləşdirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əfrayım oğlu iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını tələb edərək məhkəməyə verdiyi izahatında iddianı qismən qəbul etdiyini, iddiaçının iddia etdiyi torpağın az hissəsindən istifadə etdiyini, torpağın böyük hissəsinin isə oğlu X2 mülkiyyətində olduğunu bildirmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə ünvan 1ində anadan olmuşdur. Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1239 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 AZN dövlət rüsumunu və 0,40 AZN xidmət haqqını ödəmişdir. JN-383, KOD 61000078 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 4962,58 kv.m və 966,00 kv.m. olmaqla iki hissədən ibarət ünvan 1ində yerləşən ümumilikdə 0,59 ha. pay torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli 3346 nömrəli məktubundan görünür ki, sorğuda qeyd olunan İddiaçı adına Bərdə rayonu, Mustafağalı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 32707 saylı məkubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Seyidov X6 rayonu, Mustafaağalı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********73 nömrəli cavab məktubundan görünür ki, sorğuda qeyd olunan İddiaçı adına Bərdə rayonu, Mustafağalı kəndində JN-383A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli, AZ-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1ində yerləşən İddiaçı məxsus 0,59 ha torpaq sahəsi X5 1000 (bir min) manata satılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan və A 853608 nömrəli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bərdə rayonu, Mustafağalı kəndində yerləşən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,4963 ha torpaq sahəsi tam pay olaraq X2 xüsusi mülkiyyətindədir. Bu haqda daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. 26 sentyabr 2007-ci ildə Bərdə rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 7E-23-13321 nömrə ilə qeyd edilmiş ƏN-İ 054997 nömrəli notarial etibarnamədən görünür ki, 26 sentyabr 2007-ci il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində yaşayan İddiaçı Bərdə rayonu Mustafaağalı kəndində yaşayan Cavabdeh Əfrayım oğluna DTXK-nin Bərdə rayon şöbəsinin 20 noyabr 1998-ci il, JN-383 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən məxsus olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etibar edir. Etibarnamə 100 (bir yüz) il müddətinə verilib və 25 sentyabr 2107-ci ilədək qüvvədədir. Məhkəmənin sorğusuna cavab olaraq Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Emil Həsənov tərəfindən məhkəməyə ünvanlanmış 2688/2022 nömrəli 27 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə X7 arasında Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 0,59 ha. torpaq sahəsinin satılmasına dair Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində 23 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-172 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilənin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. Bərdə Asan Xidmət Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, BPMASAN**********00 nömrəli mədaxil qəbzindən görünür ki, X7 6 AZN dövlət rüsumunu və 0,40 AZN xidmət haqqını ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 60818238 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 20 AZN dövlət rüsumunu və 0,40 AZN xidmət haqqını ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 10 AZN dövlət rüsumunu və 0,40 AZN xidmət haqqını ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-593/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(021)-3277/2022 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan kompleks yerquruluşu layihəsi və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. 1.Sual: JN-383 KOD 61000078 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan torpaq sahəsi iddiaçı və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi? Cavab: JN-383 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan iki hissədən (0,50 ha və 0,09 ha) ibarət olan torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilmir, cavabdehin verdiyi məlumata əsasən torpaq sahəsindən o istifadə edir. 2.Sual: Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Həmin torpaq sahəsinin 0,09 ha olan hissəsi bütövlüklə, 0,50 ha olan hissəsinin isə 0,36 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur, 0,14 ha hissəsi başqa şəxsin istifadəsindədir. 3.Sual: İddiaçının torpaq sahəsi hazırki iş üzrə Cavabdeh Əfrayım oğlu tərəfindən zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi rəyə əlavə edilmiş sxemdə göstərilməklə 2-c sualın cavabında öz əksini tapmışdır. Məlumat üçün bildirilir ki, JN-383 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 0,59 ha torpaq sahəsi Bərdə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-172 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh Əfrayım oğlu tərəfindən X1. X2 0,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 0,09 ha hissəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. Rəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktda mübahisəli torpaq sahəsinin döngə nöqtələri GPS aləti vasitəsilə naturada təyin edilmiş və akt tərəflərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Əfrayım oğlunun ünvan 1ində yerləşən ona məxsus pay torpağından çıxarılması və onun Bərdə Rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,59 ha. kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsindən istifadə etməyinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində göstərilir ki, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İddia tələbi ilə bağlı məhkəmə onu bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən əldə edilmiş sübutları tədqiq edərək onlara obyektiv hüquqi qiymət verildikdə iddianın qismən təmin edilməli olması qənaətinə gəlinir. Belə ki, iddiaçının cavabdehdən çıxmasını tələb etdiyi 0,59 ha torpaq sahəsinin yalnız 0,09 ha sahəsi JN- 383, KOD: 61000078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsi mütəxəssis rəyi və cavabdehin öz etirafına əsasən Cavabdeh Əfrayım oğlu tərəfindən heç bir hüquqi və qanuni (müqavilə) əsas olmadan istifadə edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində göstərilən 0,59 ha torpaq sahəsinin iddiaçıya məxsus 0,09 ha hissəsindən Cavabdeh Əfrayım oğlu çıxarılmalıdır. Geri qalan 0,50 ha torpaq sahəsi isə iddiaçıya məxsus olmamaqla ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iş üzrə Cavabdeh Əfrayım oğlunun oğlu X2 xüsusi mülkiyyətindədir və həmin hissədə iddiaçının hər hansı subyektiv tələb irəli sürməsi hüququ yoxdur. Məhkəmə bu cür nəticəyə gələrkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, mütəxəssis rəyini nəzərə almışdır. Belə ki, MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə müvafiq rəylə tam razılaşaraq qeyd edir ki, ilk növbədə həmin rəy Xidmətin mütəxəssisi tərəfindən tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilərək və aparılmış araşdırma nəticəsində hazırlanmışdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə Avropa İHM həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın qismən təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsəd və mənafelərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 10 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, geri qalan 90 manat hissə və 0,40 manat xidmət haqqı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. JN-383 nömrəli, KOD: 61000078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı məxsus cəmi 0,59 ha torpaq sahəsinin 0,09 ha hissəsindən Cavabdeh Əfrayım oğlu çıxarılsın və cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməyinə törətdiyi maneçiliklərə son qoyulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı Cavabdeh Əfrayım oğlundan alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun 90 (doxsan) manat hissəsi və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-265/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-265/2023
18.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver