Məhkəmə qərarları › İş №2(021)-2704/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2704/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2704/2021 28.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə rayonu Qarayusifli kəndində yaşayan İddiaçı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bərdə rayonu Qarayusifli kəndində öz hesabına və atasının vəsaiti hesabına inşa etdirdiyi evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, ərizəsinə dövlət rüsumunun ödənilməsi və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi haqqında sənədi əlavə etməmişdir. İddia ərizəsinə əlavə edilmiş 000997 saylı 25.01.2021-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən müəyyən olunmuşdur ki, şəhid ailəsi üzvünün vəsiqəsi iddiaçıya deyil X1 məxsusdur. Yəni qeyd olunan şəhid ailəsi üzvünün vəsiqəsi iddiaçının dövlət rüsumundan azad edilməsi üçün əsas deyildir. Bundan başqa iddiaçıya izah olunmalıdır ki, cavabdehə qarşı hazırkı mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi üçün mediasiya institutuna müraciət etməlidir. 29 mart 2019-cu il tarixdə qəbul olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə aiddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsində qeyd olunur ki: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunda nəzərdə tutulan hallarla bağlı mediasiya prosesinə xitam verildiyi halda, iddiaçı “ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi” ilə bağlı sənədi təqdim etməklə məhkəməyə müraciət edə bilər. Аzərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar