Məhkəmə qərarları › İş №2(021)-2722/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2722/2021

01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2722/2021 01.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi Maraqlı şəxs X5 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 23 may 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X7 doğum faktının, o, cümlədən atası X10, anası isə Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə 11.06.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 23.05.2020-ci il tarixdə Emil adlı övladları doğulmuşdur. Övladı ev şəraitində dünyaya gəldiyi üçün və səhlənkarlıqdan uşağa doğum haqqında şəhadətnamə almamışlar. Bununla bağlı Qeydiyyat Şöbəsinə müraciət edəndə isə artıq gec olduğu üçün onlara doğum haqqında şəhadətnaməni verməkdən imtina edərək məsələnin həlli üçün məhkəməyə müraciət etməyə məsləhət görmüşlər. Uşağın doğum faktını məhkəmədə xeyli sayda şahidlər təstiq edə bilərlər. Hesab edir ki, 23.05.2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X7 doğum faktının, o, cümlədən atası X10, anası isə Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X10 göstərmişdir ki, Ərizəçi ilə 2019-cu ildə evlənmiş, birgə nikahlarından 23 may 2020-ci il tarixdə X14 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən 23 may 2020-ci ildə anadan olmuş oğlu X8 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi ilə birlikdə yaşayırlar. X7 atası olduğunu etiraf edir. 23 may 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X14 onun oğludur. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X2, X9 və X3 Ərizəçi və X4 2019cu ildə ailə qurduqlarını, onların birgə nikahlarından 23 may 2020-ci il tarixdə X14 adlı övladları doğulduğunu, uşaq ev şəraitində doğulduğundan, başa düşmədiklərindən və imkansız olduqlarından 23 may 2021-ci il tarixdə anadan olmuş oğlanları X8 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin və üçüncü şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 iyun 2019-cu il tarixdə verilmiş AZ-İİ 343633 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 və X11 11 iyun 2019-cu ildə 689 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Salmanova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X6 Poliklinkasının 06.07.2021-ci il tarixli 1120 nömrəli tibbi arayışından müəyyən olunur ki, Ərizəçi 23.05.2020-ci il tarixdə anadan olmuş oğlan uşağı Salmanlı .... Orxan oğlu hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayon X6 Poliklinkasının 710 saylı 07 iyun 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X10 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 23.05.2020-ci il təvəllüdlü Salmanlı .... Orxan oğlu Bərdə İSXnın Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinədən keçirilmiş və praktik sağlam olması təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 258-05/15 nömrəli 22 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Resbublikası Nazirlər Kobinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının doğumun qeydə alınması bölməsinin 2.5.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən valideyinlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Sənəd təqdim edilmədiyinə görə, bu Qaydanın 2.6-cı bəndinə müvafiq olaraq, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmələri izah edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 23 may 2020-ci ildə oğlan övladı anadan olmuşdur. Ərizəçi ərizəsində uşağın adının Emil olduğunu qeyd etsə də Bərdə rayon X6 Poliklinkasının məktubdan və tibbi arayışından müəyyən olunur ki, 23 may 2020ci ildə anadan olmuş uşağın adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 23 may 2020-ci ildə Bərdə rayonunda anadan olmuş oğlan uşağının anadan olması faktı ərizəçinin, maraqlı şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 23 may 2020-ci ildə Bərdə rayonunda oğlan uşağı doğması, atasının X10, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilisin. Ərizəçi 23 may 2020-ci ildə Bərdə rayonunda oğlan uşağı doğması, atasının X10, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar