Məhkəmə qərarları › İş №2(021)-2730/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2730/2023

12.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2730/2023 12.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə aid çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “X6” MMC-nin adına verilən 79,4351 ha torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsinə və 19 ha torpaq sahəsinin yerinin müəyyən edilərək Kərimbəyli kənd Bələdiyyəsinin mülkiyyətinə qaytarılmasına və ödənilən 101 manat dövlət rüsumunun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon Kərimbəyli kənd bələdiyəsinin sədri İddiaçı iddianı müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X3 izahatında Cavabdeh Xankəndi qeydiyyatında olduğunu, cavabdeh hesab olunmadığını və iddianın əsassız olduğunu bildirmişdir. Cavabdeh və iş üzrə İİİ tərəf Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə rayon 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh və İİİ tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin və İİİ tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə Cavabdeh “X6” MMC-nin direktoru olmaqla Mirzalıbəyli kənd bələdiyyəsi ilə icarə müqaviləsi bağlayaraq və həmin müqaviləni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq çıxarış almışlar. Göründüyü kimi cavabdehin qanuni təmsilçisi (rəhbəri) olduğu MMC ilə bələdiyyə arasında icarə münasibətləri mövcuddur və həmin icarə münasibətləri əsasında çıxarış aldığından daşınmaz əmlakla bağlı icarə hüququ dövlət qeydiyyatına alınmışdır və icarə müqaviləsinin əsas məqsədi torpaqdan icarə müqaviləsi əsasında istifadə etməklə gəlir əldə etməkdir və buradan münasibətlərin kommersiya xarakerinə malik olması açıq-aydın müşahidə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş məhkəmə hazırlıq iclasından baxılması üçün aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh və İİİ tərəf Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə rayon 7 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə aid çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar