Məhkəmə qərarları › İş №2(021)-2777/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2777/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2777/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaqdan, evdən çıxarılma və evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus Bərdə rayonu, Dəymədağıldı kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 219,4 kv.m fərdi evindən Cavabdeh şəxsi əşyaları ilə birlikdə çıxarılması və həmin ünvana onun yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-806/2018 saylı 30.01.2018-ci il tarixli icra sənədinə əsasən, Cavabdeh 22000 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulması qət edilmişdir. Borclunun mülkiyyətində olan avtomobillərə və hazırki mübahisəli fərdi evin üzərinə həbs qoyulur, daha sonra həmin əmlak 23.04.2019-cu il tarixdə 21000 manat məbləğində qiymətləndirilərək, daha sonra 19010 manata borc əvəzi olaraq ona təqdim edilmiş və daha sonra 10.03,2020-ci il tarixdə həmin fərdi ev ilə bağlı onun adına çıxarış təqdim edilmişdir (çıxarışın elektron surəti iddia ərizəsinə əlavə olunur). İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasına onun iştirakı olmadan keçirilməsi və yekun məhkəmə qətnaməsi qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi qismən təmin edilməməlidir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Dəymədağıldı kəndində 0,15 ha torpaq sahəsində yerləşən 219,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh, 0,15 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında ¼ hissədə X2, ¼ hissədə X4 və ¼ hissədə X5 adına qeydə alınmışdır. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli müqavilə surətindən müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu Dəymədağıldı kəndində 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı 17010 manata satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Dəymədağıldı kəndində 0,15 ha torpaq sahəsində yerləşən 219,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 771 saylı 13 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, ərazinin Dəymədağıldı kəndində İddiaçı məxsus 0,15 hektar həyətyanı torpaq sahəsində 1989-cu ildə tikilmiş 2 mərtəbəli fərdi yaşayış evində halhazırda Cavabdeh tək-tənha yaşayır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,15 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 219,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən cavabdehin çıxmaması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,15 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 219,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən cavabdehin çıxmaması iddiaçının həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində olan mülkiyyət hüququnu pozur. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onun iddia tələbi təmin edilməklə cavabdeh Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,15 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 219,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmaqla, iddiaçı həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməklə mülkiyyətçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaqdan və evdən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,15 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 219,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. İddiaçı mülkiyyətində olan Bərdə rayonu Dəymədağıldı kəndində 0,15 ha torpaq sahəsində yerləşən evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar