Məhkəmə qərarları › İş №2(021)-283/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-283/2024

26.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-283/2024 26.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan və Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,5 və 0,2735 ha torpaq sahəsindən çıxarılmasına, torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, 2100 (iki min bir yüz) manat məbləğində maddi zərərin ödənilməsinə və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Həsənqaya kəndində yerləşən və mülkiyyətində olan 0.5 ha və 0.2735 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 7 saylı Ərazi İdarəsində müvafiq olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** saylı və xx.xx.2023-cü il tarixli ********** saylı Çıxarışlarla qeydə alınmışdır. Sözügedən torpaqlar həmsərhəddir (bitişikdir) və hər iki torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, orada əkdiyi yonca bitkisini, hazırkı iş üzrə Cavabdeh özbaşınalıq və qanunsuzluq edərək şumlatmış və nəticədə ona 2100 manat məbləğində zərər vurulmuşdur. Özbaşınalıqlarının dayandırılması barədə haqlı tələblərinə əhəmiyyət verməyərək, hazırda mülkiyətində olan torpaq sahəsinə daxil olmağa, oradan istifadə etməsinə də maneə törədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, pay torpaq sahəsi əskik olduğundan 2001-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etmiş, mütəxəssislər gələrək ölçü işləri aparmış və torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edildiyini bildirmişlər. Sonradan məlum olmuşdur ki, onun torpağını başqa qonşu zəbt etmişdir. Məhkəmədə iddia qaldırmış və əskik olan torpağının alınıb ona qaytarılması qət edilmişdir. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Hazırda istifadə etdiyi torpaq sahəsi özünə məxsusdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Bərdə rayonu Qayalı kəndində anadan olmuşdur, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx xxx 1983-cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,2735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. "xxxx" MMC-nin 28 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 0.77 ha torpaq sahəsindən 1 il müddətində 300 bağ yonca kipi əldə edilə bilər. -2022-ci il tarixdə 0,77 ha torpaq sahəsindən əldə edilən 300 bağ yonca kipinin xərci 300 kip x 1 manat = 300 manat. -2022-ci il tarixdə 0,77 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 300 kip x 4,5 manat = 1350 manat. 1350 manat – 300 manat = 1050 manat. -2023-cü il tarixdə 0,77 ha torpaq sahəsindən əldə edilən 300 bağ yonca kipinin xərci 300 kip x 1 manat = 300 manat. -2023-cü il tarixdə 0,77 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 300 kip x 4,5 manat = 1350 manat. 1350 manat – 300 manat = 1050 manat. -Ümumi cəmi gəlir 2100 manat təşkil edir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-821/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh mülkiyyətinə verilmiş Bərdə rayonu Həsənqaya kəndində yerləşən 2.006 ha torpaq sahəsinin cavabdeh X5 tərəfindən zəbt edilmiş 0.5484 ha hissəsindən çıxarılması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/3734 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, “X2 Uçotu informasiya Sisteminə əsasən iddiaçıya məxsus 0.50 ha torpaq sahəsindən 0.29 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus 0.27 ha torpaq sahəsi isə cavabdeh tərəfindən istifadə olunmur. -Bərdə rayonu S.Vurğun təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh və ailə üzvlərinə Torpağa mülkiyyət hüququna dair JN-64 saylı Dövlət Aktı ilə 3.01 ha torpaq sahəsi ayrılmışdır. Lakin ərazidə aparılmış elektron uçot zamanı cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan 3.01 ha torpaq sahəsi azalaraq 2.58 hektar qeyd edilmişdir. Qeyd edək ki, həmin konturda, TEKUİS məlumat bazasına əsasən JN-68 və JN-69 saylı Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahələri arasında 0.74 ha, JN-70 və JN-71 saylı Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahələri arasında isə 0.25 ha torpaq sahəsi zəbt kimi qeyd edilmişdir. Yəni həmin torpaq sahələrinin mülkiyyətçiləri öz pay torpaqlarına birləşdirərək naturada artıq (0.99 ha) torpaq sahəsi istifadə edirlər. Bu səbəbdən də bir neçə payçının Dövlət Aktı ilə normaya uyğun mülkiyyətlərinə verilmiş pay torpaq sahələrinin sahə ölçüləri, TEKUİS məlumat bazasında əskik qeyd edilmişdir. -Payçıların razılıqları əsasında həmin konturda pay normasına və bölgü ardıcıllığına uyğun naturada bölgü aparılarsa, TEKUİS məlumat bazasında, müvafiq dürüstləşmə aparılaraq hər bir payçının normaya uyğun torpaq sahələri naturada özlərinə tanıdılır və mübahisə öz həllini tapmış olur.” Mülki mübahisənin gerçək hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətinə Bərdə rayonu Həsənqaya kəndində 0,50 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən isə 0,2735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin onun mülkiyyətində olan 0,5 ha və 0,2735 ha torpaq sahəsini zəbt etdiyini göstərsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/3734 saylı rəyindən müəyyən olunur ki, iddiaçıya məxsus 0.50 ha torpaq sahəsinin 0.29 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus 0.27 ha torpaq sahəsi isə cavabdeh tərəfindən istifadə olunmur. Göründüyü kimi, iddiaçının 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,29 ha hissəsi cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,29 ha hissəsini zəbt etməsi mötəbər sübutlarla öz təsdiqini tapdığından cavabdeh iddiaçıya məxsus 0,29 ha torpaq sahəsindən çıxarılmalı, iddia tələbi torpaqdan çıxarma tələbinə dair qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MM-nin: 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,29 ha hissəsini 2022-ci ildən zəbt edərək istifadə edir. İddiaçının mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin 0,29 ha hissəsinin 2022-ci ildən cavabdeh tərəfindən zəbt edilməsi və hazırda da cavabdehin zəbtində olması məhkəmə araşdırması ilə mübahisəsiz şəkildə müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 28 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, 2022-ci ildə 0,77 ha torpaq sahəsindən əldə edilən 300 bağ yonca kipinin xərci 300 kip x 1 manat = 300 manat təşkil edir. 2022-ci ildə 0,77 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 300 kip x 4,5 manat = 1350 manat, 1350 manat – 300 manat = 1050 manat təşkil edir. 2023cü ildə 0,77 ha torpaq sahəsindən əldə edilən 300 bağ yonca kipinin xərci 300 kip x 1 manat = 300 manat təşkil edir. 2023-cü ildə 0,77 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 300 kip x 4,5 manat = 1350 manat, 1350 manat – 300 manat = 1050 manat təşkil edir. Göründüyü kimi, 0,77 ha torpaq sahəsindən iki il ərzində ümumilikdə 2100 manat məbləğində gəlir əldə etmək olar. İddiaçı 0,77 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadə etməsi nəticəsində ona 2100 manat ziyan dəydiyini qeyd etsə də, işin hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus 0,77 ha deyil, 0,29 ha torpaq sahəsini zəbt etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 2100 manat məbləğində ziyan dəydiyi qismən sübut olunduğundan, yəni cavabdehin iddiaçının mülkiyyətində olan 0,77 ha torrpaq sahəsini deyil, 0,29 ha torpaq sahəsini zəbt etməsi öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə qismən, yəni 0,29 ha torpaq sahəsindən qanunsuz istifadəyə görə dəymiş ziyan məbləğində təmin edilməlidir. Belə olan halda, 2022 və 2023-cü illərdə iddiaçıya məxsus olan 0,29 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə görə dəymiş ziyana görə 790,9 (yeddi yüz doxsan manat 90 qəpik) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.(0,77 ha = 2100 manat. 0,29 ha = x. x=0,29 ha + 2100 manat : 0,77 ha = 790,9 manat). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçının şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) mаnаt məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/3734 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,29 ha hissəsindən çıxarılsın. 2022 və 2023-cü illərdə iddiaçıya məxsus olan 0,29 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə görə dəymiş ziyana görə Cavabdeh 790,9 (yeddi yüz doxsan manat 90 qəpik) manat məbləğində pul və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 890,9 (səkkiz yüz doxsan manat 90 qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar